Məhkəmə qərarları › İş №3(058)-423/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-423/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-423/2025 21.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Samux rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Samux rayonu, Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəsi ilə Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 21 iyul 2025-ci il tarixdə Samux rayon DYPB-nin YPX-nin əməkdaşları ilə mübahisə edərək, ictimai qaydanı pozmuş və öz əməlini davam edərək, polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X7, inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə Samux rayonu, Çobanabdallı yolunda Samux rayon DYPB-nin YPX-nin əməkdaşları yoldan kənarda kol arxasında dayanıb radar qurduqlarını müşahidə etmişdir. Bu səbəbdən onlara yaxınlaşaraq, öz iradını bildirərmiş və bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verərək həmin ərazidən kənarlaşmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə təxminən saat 11:30 radələrində yenə həmin **-YP- *** nömrəli avtomaşının radar qurduqunu görmüş və bu səbəbdən də onlara yaxınlaşaraq avtomaşının öndən, yandan və arxadan fotoşəkillərini çəkmişdir. Bu səbəbdən polis əməkdaşları ona yaxınlaşmış iradını bildirmişlər. O, isə polis əməkdaşlarına cavab olaraq bildirmişdir ki, siz qanunsuz xidmət aparırsınız bu səbəbdən çəkiliş aparır. Bu səbəbdən polis əməkdaşları ilə onun arasında mübahisə olmuş, polislər onu zorla avtomaşına mindirməyə çalışmışlar ki, onu Samux rayonu Polis şöbəsinə aparsınlar. O, isə müqavimət göstərmişdir ki, yol patrul əməkdaşlarını belə bir səlahiyyəti yoxdur post patrul xidmətinin avtomaşını gəldiyi halda şöbəyə gedəcəyini bildirmişdir. Bundan sora polis əməkdaşları onun gözünə göz yaşardıcı hesab olunun qaz vurmuşlar, onu döyərək yerə yıxmışlar və zorla Samux rayon DYPB-nin YPX-nin avtomaşınına mindirərək, Samux rayonu Polis şöbəsinə apararaq, barəsində inzibati protokol tərtib etmişlər. Barəsində başlanılmış inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon DYPB-nin YPX-nin polis serjantı X4 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Samux rayonu, Çobanabdallı kəndi Sevil Qazıyeva küçəsində yolun hərəkət hissəsində xidmətə olan zaman Şəxs onlara yaxınlaşaraq avtomobilin öndən, yandan və arxadan foto şəkillərini çəkmək isdəmiş və onlar Şəxs həmin ərazidən kənarlaşdırmaq isdəmişlər. Şəxs onlara öz iradını bildirib və bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verərək həmin ərazidən kənarlaşmışdır. xx.xx.2025-ci il tarixdə yenə onlar Samux rayonu, Çobanabdallı kəndi Sevil Qazıyeva küçəsində xidmətdə olarkən Şəxs təkrar olaraq onlara yaxınlaşıb avtomaşının yandan, öndən və arxadan fotoşəkillərini çəkmək isdəmişdir. Şəxs bu hərəkətləri edən zaman tam yolun hərəkət istiqamətinin ortasında olmuş, həkətətdə olun avtomaşınlara maneə törətmiş, özünün və digər şəxslərin həyatı üçün təhlükə yaratmışdır. Sevil Qazıyeva küçəsi dar küçədri. Onlar Şəxs ilə yaxınlaşmışlar ki, niyə avtomaşının foto şəkillərini yolun ortasında çəkirsən, Şəxs isə onlara müqavimət göstərmiş, X5 ilə mübahisədə onun üzərində olan kamera sınmış və X5 onlarla fiziki zor tətbiq edərək, müqavimət göstərmişdir. Şəxs onlara müqavimət göstərdiyi üçün əraziyə post patrul əməkdaşlarını dəvət etmişlər. Post patrul əməkdaşları həmin əraziyə geç gəldikləri və Şəxs isə onlara davamlı olaraq tabesizlik göstərdiyi üçün onlar məcbur olub Şəxs gözünə göz yaşardıcı hesab olunun qaz vurub öz xidməti avtomaşınlarına mindirib Samux rayon Polis şöbəsinə aparıb növbətci hissəsi təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X5 eyni məzmunlu izahat verərək, X1 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 məhkəmədən protokolun təmin edilməməsini xahiş etdi. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin ifadələrini dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 21 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 iyul 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində ağırlaşdıran və yüngülləşdirən halllar müəyyən edilməmişdir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 21 iyul 2025-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar