Məhkəmə qərarları › İş №3(058)-426/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-426/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-426/2025 28.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, Azərbaycan Respublikası Samux Rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş 12 noyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X1 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: X1 Azərbaycan Respublikası Samux Rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-in 327.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh tətbiq edilməsinə dair 12 noyabr 2021-ci il tarixli, TP ******* saylı qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır. Şikayət verilmiş qərar 12 noyabr 2021-ci il tarixdə qəbul olunsa da X1 qərarın qəbul edildiyi vaxtdan 3 ildən artıq vaxt keçdikdən sonra, 23 iyul 2025-ci il tarixdə həmin qərardan şikayət vermişdir. X1 şikayətə qərarın surətini nə vaxt alması barədə sənəd əlavə etməmiş, həmçinin ötürülmüş müddətin bərpası barədə vəsatətlə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə izah edir ki, şikayətçi qərarın surətini rəsmi qaydada aldığı vaxtdan 20 gün müddətində həmin qərardan məhkəməyə şikayət verə bilərdi. Şikayətçi qərarın surətinin ona 03 iyul 2025-ci ildən sonrakı tarixdə verilməsini təsdiq edən sənəd təqdim etməklə məhkəməyə yenidən müraciət edə bilər, yaxud şikayət verilməsi üçün müddət üzrlü səbəbdən ötürüldüyü halda həmin üzrlü səbəblərin olmasını təsdiq edən sənədləri əlavə etməklə buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətlə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası Samux Rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş 12 noyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar