Məhkəmə qərarları › İş №3(058)-434/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-434/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-434/2025 01.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi ilə, Samux RPŞ-nin polis sahə rəisi X3, zərərçəkmiş şəxs X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il Göygöl rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Samux rayonun Sarıqamış kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin polis sahə rəisi, X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Samux rayonu Mərkəzi X1 döymüşdür. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Samux RPŞ-nin polis sahə rəisi, X3 izahatında bildirdi ki, sözügedən inzibati xəta haqqında protokolu Samux RPŞ-nin TQ-nun təhqiqatçısı, polis leytenantı Amin Muradovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında tərtib etmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Samux rayonu Mərkəzi Xəstəxanasında keçmiş baldızı X5 ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işiin başlanması rədd edilmiş və onun buna görə Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Göstərilənlərə əsasən Şəxs törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, o, Samux rayon mərkəzi xəstəxanasında olarkən orada keçmiş baldızını görmüş və aralarında sözlü mübahisə yaranmış bu zaman onun boyun nahiyəsinə əli ilə zərbə endirmişdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə xəstəxanada olarkən Şəxs ilə qarşılaşmış və ona heçbir reaksiya verməməsinə baxmayaraq Əsmər onun ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin onun boyun nahiyəsinə əli ilə zərbə endirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: 20 iyun 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi və gələcəkdə baş verə biləcək cinayət hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsi məsələsinə baxılması üçün qərarın surəti Samux RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, zərəçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Məhkəmə baxışında Şəxs əməlindən yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq onun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar