Məhkəmə qərarları › İş №3(058)-51/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-51/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-51/2023 16.02.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş Samux rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində doğulmuş, evli, ali təhsilli, işləməyən, Gəncə şəhəri Zeynal Xəlil küçəsi, ev 31-də qeydiyyatda olan, Gəncə şəhəri İ.Zamanlı qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 16 fevral 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə Şəxs polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Samux rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X2 bildirdi ki, protokolu Samux RPŞ-nin YPX baş inspektoru polis leytenantı X3 xx.xx.2023-cü il tarixli raportuna əsasən tərtib etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Samux-Gəncə yolu deyilən ərazidə ** VD *** dövlət qeydiyyat nişanlı Prius markalı avtomaşının sürücüsü polis əməkdaşlarını görərkən yolun ortasında ani tormozlama etmiş, polis əməkdaşları onun bu hərəkətindən şübhələnərək səsgücləndirici vasitəsi ilə işarə verərək maşını dayandırmış, ekipajın polis serjantı Rabil Alıyevin sürücüyə yaxınlaşaraq sənədlərini təqdim etməsini tələb etmiş, sürücü X4 maşının pəncərəsini bağlayaraq polisin tələblərindən yayınmağa çalışmış, bu zaman maşında sərnişin qismində əyləşən Şəxs maşından düşərək polis əməkdaşını itələməyə başlamış, polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilmələrinə baxmayaraq onlar polisin qanuni tələblərinə məhəl qoymamış və həmin tələblərə tabe olmamışlar. Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsinə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü tarixdə qardaşı ilə Samux rayonuna gələrkən, Samux yolunda qardaşının idarə etdiyi Prius markalı avtomaşın Samux Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, qardaşı ilə yol patrul xidməti əməkdaşları arasında mübahisə baş vermiş, o, qardaşını sakitləşdirmək üçün müdaxilə etməyə çalışmış, bu zaman polis əməkdaşları ilə onun arasında da mübahisə yaranmışdır. O və qardaşı polisin tələblərinə tabe olmadığı üçün polis şöbəsinə dəvət edilmişlər. Hazırda əməlindən peşmandır, ona yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis şöbəsinin YPX baş inspektoru, polis leytenantı X5 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Samux-Gəncə yolu deyilən ərazidə ** VD *** dövlət qeydiyyat nişanlı Prius markalı avtomaşının sürücüsü onları görərkən yolun ortasında ani tormozlama etmiş, onun bu hərəkətindən şübhələndikləri üçün səsgücləndirici vasitəsi ilə işarə verərək maşını dayandırmışlar. Ekipajın polis serjantı Rabil Alıyev sürücüyə yaxınlaşaraq sənədlərini təqdim etməsini tələb etmiş, sürücü X4 maşının pəncərəsini bağlayaraq polisin tələblərindən yayınmağa çalışmış, bu zaman maşında sərnişin qismində əyləşən Şəxs maşından düşərək onu itələməyə başlamış, polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilmələrinə baxmayaraq onlar polisin qanuni tələblərinə tabe olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis şöbəsinin YPX-nin inspektoru X6 digər şahid X3 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 16 fevral 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 fevral 2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 15 fevral 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 fevral 2023-cü il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, iş materialları və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Buna görə də o İXM-in 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1. maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar