Məhkəmə qərarları › İş №3(058)-547/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-547/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-547/2025 15.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1984-cü ildə Tovuz rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, Samux rayonu, Qovlarsarı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs X4 məxsus işiq və qaz sayğaclarını sındıraraq ona ümumilikdə 178 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında işitirak edən zərərçəkmiş şəxs X6 ifadəsində bildirdi ki, Şəxs onun bacısı qızıdır, Şəxs Samux rayon Qovlarsarı kəndi ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinə quraşdırılmış işiq və qaz sayğaclarını sındıraraq ona maddi ziyan vurmuşdur. Bunu gördükdən sonra o, 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göndərilən məhkəmə bildirişi ona çatmadığından məhkəmə tərəfindən məhkəmə bildirişi şəxsin axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı, polis leytenantı X2 26 avqust 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Samux rayonu Qovlarsarı kəndində dayısı X4 məxsus işiq və qaz sayğaclarını sındıraraq ümumilikdə 178.62 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət, zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olunduğundan, X4 178.62 manat dəyərində ziyan vurulması cinayət məsuliyyəti yaratmadığından, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 232- 1-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Samux RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə zərərçəkmiş şəxsi dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 232-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi Şəxs hərəkətləri Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri ilə üst-üstə düşür. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün vurulmuş zərərin bir misli miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 178 (bir yüz yetmiş səkkiz ) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar