Məhkəmə qərarları › İş №3(058)-550/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-550/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-550/2025 08.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X8 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Samux rayonu, Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə polis əməkdaşları ona məxsus avtomaşını saxlayıb duracağa təmin olunması ilə bağlı polisin qanuni tələbinə tabe olmamış, nalayiq ifadələr işlətmiş səs-küy salmışdır. Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X5, inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, Samux rayonu, Sərkar kəndində zil markalı avtomobil idarə edərkən polis əməkdaşları onu saxlamışlar. Sənədləri təqdim etmişdir. Polis əməkdaşları ona bildirmişdir ki, avto maşın cərimə meydançasına getməlidi arxasında artırma olduğu üçün. O buna etiraz etməmiş sadəcə olaraq bildirmişdir ki, valideyini gəlsin onan sonra gedə bilər. Valideyini gəlmiş daha sonra onu polis şöbəsinə aparmışlar o, polis əməkdaşlarına heç bir müqavimət və tabesizlik göstərməmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon polis şöbəsinin Dövlət yol polis bölməsinin inspektoru X6 bildirdi ki, Samux rayon Sərkar kəndi istiqamətdə olarkən zil markalı avtomobilin arxasında artırma olduğu üçün saxlanılmışdır. Sürücüyə izah olunmuşdur ki, avtomaşın cərimə meydançasına getməlidir və deyilən nöqsanı aradan qaldırılmalıdır. Sürücü etiraz etmişdir ki, valideyinim gəlsin sora gedecek. Valideyini gələn zaman özünü avtomaşının qabağına vermiş, nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuşdur. Sonra Samux rayon Polis şöbəsinin post patrul xidmətinə məlumat vermişlər post patrul xidmətinin əməkdaşları gələn zaman Şəxs müqavimət göstərməyərək, avtomaşına əyləşərək, polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 eyni məzmunlu izahat verərək, X3 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, raport və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Lakin məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hansısa sübut məhkəməyə təqdim edilməmişdir. Protokolu tərtib etmiş Samux rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 Məmmədov tərəfindən polisin qanuni tələblərinə tabesizlik göstərilməsini bildirsə də, bununla bağlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə qeyd olunanlara əsaslanaraq onun əməlində İXM-nin 535-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin maddə ilə tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclası zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə isə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 18:30-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar