Məhkəmə qərarları › İş №3(058)-566/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-566/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-566/2025 20.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Samux rayonun Qovlarsarı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux rayonu Qovlarsarı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 18 oktyabr 2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Samux rayonu Qovlarsarı kəndində küçədə nalayiq ifadələr işlədərək ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş və polisin qanuni tələbini qəsdən tabə olmayaraq ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, həmin protokolu Samux RPŞ-nin PPXB-nin polis baş serjantı X2 raportu əsasında tərtib etmişdir. Belə ki, Şəxs 18 oktyabr 2025-ci il tarixdə Samux rayonu, Qovlarsarı kəndində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü sözügedən inzibati xətaları törətməkdə təqsirli bilərək, ifadəsində bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə Samux rayonu Qovlarsarı kəndinə orada yaşayan bir xanımın onun həyat yoldaşına olan borcunu istəmək məqsədi ilə getmiş, küçədə həmin xanımın oğlu ilə aralarında mübahisə yaranmış və bu zaman sərxoş olması səbəbilə əsəbləşərək nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşmış və nə üçün mübahisə etdiyini soruşmuşlar. bildirmişdirlər. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışdırlar, polisin qanuni tələbinə tabe olmağa çağıran polis əməkdaşlarına heçbir müqavimət göstərməmişdir. Əməlindən peşmandır, barəsində yüngün inzibati tənbəh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon polis şöbəsinin post patrul xidmətinin polis nəfəri X5 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə polis nəfəri X6 ilə xidməti fəaliyyətdə olan zaman Samux rayonu Qovlarsarı kəndində bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər və həmin şəxsə yaxınlaşdıqları zaman, adı sonradan ona məlum olan Şəxs onlara qarşı uca səslə nalayiq ifadalər işlətmiş, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş, onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon polis şöbəsinin post patrul xidmətinin polis nəfəri X6 şahid X3 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə verdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən tərtib olunmuş 4435/2025 saylı, xx.xx.2025-ci il tarixli sərxoşluq halının müayinəsi protokolundan görünür ki, Şəxs orta dərəcədə sərxoş olduğu aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli “X7 Haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi, həmçinin polisə tabesizlik göstərməsi beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun barəsində tərtib edilmiş protokol, şahidlərin ifadələri və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafedici ifadəsi ilə təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1. maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Məhkəmə baxışında Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alıb inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar