Məhkəmə qərarları › İş №3(058)-568/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-568/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-568/2025 22.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədov Sevinc İsa qızının katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29629424 saylı və xx.xx.2025-ci il tarixli, EQ 30774465 saylı inzibati tənbeh vermə haqqında qərarlardan X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 onun İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə xx.xx.2025-ci il tarixli, EQ 29629424 saylı qərarla 600 manat və İXM-nin 353.5-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, EQ 30774465 saylı qərarla 1200 manat inzibati cərimə olunması barədə inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verərək sözügedən qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, qırx ilə yaxın bir müddətdir ki sürücü kimi işləyir, işlədiyi dövrdə daimi olaraq yol hərəkəti haqqında qanunun tələblərinə riayət etmişdir. Hazırda 99 - SG - 776 DAF dartıcı avtomobili 7900 kq; **-ZB-*** 7450 kq qoşqu ilə yükdaşıma xidməti göstərir. 01 avqust 2025-ci il tarixdə, Bakı şəhərində UNİMETAL şirkətində dəmir borular yığmışdır və 38200 kq çəkidə yük olmuşdur. Qaradağ rayonu Sahil qəsəbəsində Ələt istiqamətində quraşdırılmış elektron tərəzi tərəfindən 42720 kq yük olması ilə cərimə yazılmışdır. Avtomaşının boş çəkisi 15030 kq-dır. Yığılan yüklər qaimələr əsasında olmuşdur. Belə ki, Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən Kəpəz Alçı ağ torpaq, yəni hər kisələrin üzərində dəqiq çəkiləri qeyd edilməklə, çəkiyə uyğun sayla fəhlələr tərəfindən qaimədə yazılan qədər yığılmışdır. Belə olan halqa, elektron tərəzi tərəfindən çəkinin artıq kq da təyin etməsi yanlışdır. Hər bir halda hər kisənin üzərində çəkisi dəqiq yazıldığı və eləcədə qaimələridə də həmin kisələrin çəkiləri və sayları dəqiqliklə yazıldığı halda, çəkinin artıq olması absurd haldır. Qobustanda tərəzidə həmin gün avtomaşın yüklü vəziyyətdə çəki olunmuş və heç bir artıq yük aşkar olunmamışdır. 19 avqust 2025-ci il tarixdə, Bakı istiqamətində Ucar rayonu Ucar şəhəri ərazisində M-2 244.2 əsassız olan fakti 39320 kq çəki olduğu halda, X3 Tərəzisi tərəfindən 43350 kq göstərilməklə çəkiyə görə cərimə yazılmışdır. Metal boruların hər birinin üzərində çəkiləri qeyd olunmuşdur, onların sayla qaimə əsasında yığılması tam nəzarət altında olmuşdur. 38300 kq yığıldığı halda, elektron tərəzi tərəfindən isə 42720 kq yük olmasına görə cərimə yazılmışdır. Hər iki yüklər yığılarkən yerində sayları çəkiləri tam dəqiqliklə yoxlanışdan keçirilmişdir. Yüklərin standartdan ağır gəlməsi mümkün hal deyildir. Yüklərin hər birinin üzərində çəkiləri və sayları barədə məlumatlar mövcuddur. Yükün artıq yığılması və qaimə üst üstə düşməməsi mümkün olan hal deyil. Sadəcə olaraq elektron çəki nəzarət tərəzilərində yanlışlıqlar olduğundan yükün artıq olması ilə bağlı cərimələr tədbiq edilmişdir. Bu səbəbdən Baş X5 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq nümayənədəsi məhkəməyə gəlməmişdir. Məhkəmə şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, qərardan şikayət verən şəxs X1 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarlar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 01 avqust 2025-ci il tarixli, EQ29629424 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş 18 sentyabr 2025-ci il tarixli, EQ30774465 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 İXM-nin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1200 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan xüsusi texniki vasitə ilə çəkilmiş foto görüntüdən görünür ki, 99 - SG - 776 DAF dartıcı qoşqulu nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində nəqliyyat vasitəsinin ümumi çəkisi 42720 kq olmuşdur, həmin yolda qanunla icazə verilən çəki həddi isə 40000 kq-dır. İş materiallarında olan xüsusi texniki vasitə ilə çəkilmiş foto görüntüdən görünür ki, 99 - SG - 776 DAF dartıcı qoşqulu nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, Ucar rayonu Bakı istiqamətində nəqliyyat vasitəsinin ümumi çəkisi 42670 kq olmuşdur, həmin yolda qanunla icazə verilən çəki həddi isə 40000 kq-dır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə- fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 idarə etdiyi “DAF XF 95 480 YÜK” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu Səngəçal qəsəbəsi Ələt istiqaməti və xx.xx.2025-ci il tarixində Ucar rayonu Bakı istiqaməti yolunda sözügedən ərazilərdə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı, həmçinin sözügedən inzibati xətanı il ərzində inzibati tənbeh almış şəxs olaraq xx.xx.2025-ci il tarixdə təkrar törətməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal iş materialları ilə tam şəkildə sübuta yetir. Ona görə də məhkəmə hesab edir ki, X1 şikayəti əsassızdır və onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29629424 və xx.xx.2025-ci tarixli, EQ 30774465 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29629424 saylı və xx.xx.2025-ci il tarixli, EQ 30774465 saylı inzibati tənbeh vermə haqqında qərarlar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar