Məhkəmə qərarları › İş №3(058)-651/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-651/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-651/2025 25.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi ilə, Hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Samux Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən (inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti) daxil olmuş 3-33-3100/021/030711 nömrəli xx.xx.2025-ci il tarixli raporta əsasən "xxxx" MMC tərəfindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin müvəkkil bankın hesabına köçürülməsi haqqında hüquqi şəxsin ünvanına 3- 33-3100/2-003459/2025 nömrəli xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. Lakin, cəmiyyət tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Cəmiyyətin hüquqi ünvanına (AZ5100, Samux rayonu, Sərkar) 3-33-3100/2-004238/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilmiş, səlahiyyətli nümayəndə izahat verməsi üçün dəvət olunmuşdur. Hüquqi şəxsin hər hansı nümayəndəsi üzürlü səbəb bildirmədən çağırış üzrə gəlməmişdir. Gömrük xidmətinin X1 Sisteminin (VAİS) "Konsiqnasiya əməliyyatları üzrə hesabat" bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş **********9244 nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğin qalığı 1419 ABŞ dolları təşkil edir. "xxxx" MMC-nin ixrac gömrük proseduru altında rəsmiləşdirdiyi mallara dair təqdim olunan xx.xx.2025-ci il tarixli **********9244 nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasının üçüncü yarımbölməsində qarşılıqlı hesablaşmanı üsulu "002 - malın dəyəri mal ixrac olunduqdan sonra ödənildikdə (ixracatçının bank hesabına köçürülməklə və ya hesaba mədaxil edilməklə)" qeyd olunmuşdur. Belə ki, "xxxx" MMC (Satıcı) ilə Hong Kong "Hoi Hing logistics Limited" (Alıcı) tərəfindən qaytarılmamış xarici valyuta vəsaitlərinin (1419 ABŞ dolları) Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq pozmanın törədildiyi günlərdə olan ABŞ dollarının rəsmi məzənnəsinə (1 ABŞ = 1.7000 AZN) uyğun olaraq dəyəri 2412,3 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeydinə əsasən az miqdar hesab olunur. Beləliklə, "xxxx" MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən "xxxx" MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan "xxxx" (VÖEN **********) MMC tərəfindən xx.xx.2025-ci il tarixli, **********9244 saylı gömrük bəyannamələri üzrə 645 kq çəkidə, dəyəri 1419 ABŞ dolları olan “dondurulmuş iribuynuzlu heyvanların mədəsi” yüklər rəsmiləşdirilərək Çin Xalq Respublikasının inzibati rayonu Honq Konq yerləşən “Hoi Hing logistics Limited” şirkətinin ünvanına ixrac edilmişdir. "xxxx" MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yüklərin ümumi dəyəri 1419 ABŞ dolları vəsait malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, "xxxx" (VÖEN **********) MMC İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. "xxxx" (VÖEN **********) MMC-nin əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, olan "xxxx" (VÖEN **********) MMC-yə tətbiq ediləcək inzibati cərimə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın Azərbaycan manatına olan dəyərinin otuz faizi məbləğində müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 31, 40, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , qəraraaldı: Samux rayonu, Sərkar kəndində yerləşən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 1419 (bir min dörd yüz on doqquz) ABŞ dolları məbləğində xarici valyutanın Azərbaycan manatına olan məzənnəsi ilə 2412,3 (iki min dörd yüz on iki manat otuz qəpik) manatın 30 (otuz) faizi miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar