Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-81/2023 30.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş Samux RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistanda doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 29 mart 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə Şəxs polis əməkdaşlarının göstərişinə əməl etməyərək onların qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Samux RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 bildirdi ki, Samux RPŞ-nin YPX-nin inspektoru, polis serjantı Hüseynzadə Elgün xx.xx.2023-cü il tarixdə Samux RPŞ-nin rəisinə raportla müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Samux rayonu Aznixi dairəsində xidmət apararkən “VAZ-2106” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Sürücününü sənədlərini yoxlayarkən onun həmin avtomobili idarə etməyə etibarnaməsinin olmadığı müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin duracağa aparılmasını dedikdə sürücü özünü aqressiv aparmış, sürücünün hərəkətləri onlarda şübhə yaratdığından onu narkoloji disponserə aparmaq istəyərkən o, avtomobildə başını pəncərəyə vurmağa başlamış, polis əməkdaşı onu tutuaraq sakitləşdirmişdir. Yoxlanış zamanı onda narkotik vasitə aşkar edilmiş, Şəxs daha sonra polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsinə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, epilepsiya xəstəsidir, onu polisin avtomobilinə əyləşdiridikləri zaman özünü pis hiss edib. Avtomobilin qapısını açıb düşmək istəmiş, bu zaman polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində ifadə verən şahid X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs yolda saxla əmrini vermişlər, təhlükəsizlik kəmərindən istifadə etmədiyi və həmin avtomobili idarə etməyə etibarnaməsinin olmadığı müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin duracağa aparılmasını dedikdə sürücü özünü aqressiv aparmış, sürücünün hərəkətləri onlarda şübhə yaratdığından onu narkoloji disponserə aparmaq istəyərkən o, avtomobildə başını pəncərəyə vurmağa başlamış, polis əməkdaşları ilə mübahisə etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 939/2023 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs müayinədən keçmiş və onda sidikdə narkotik vasitə aşkar edilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol, özünün etirafedici ifadəsi, şahid ifadəsi, iş materialları və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Buna görə də o İXM-in 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə baxışında Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad edilməsi üçün əsaslar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun narkotik vasitə qəbul etmiş olması isə məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-81/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-81/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver