Məhkəmə qərarları › İş №3(058)-85/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-85/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-85/2024 08.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Samux rayonunda doğulmuş, Samux rayonu İnstitut qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsi YPX-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis X4 Xidmətindən Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs VAZ 21013 MİNİK markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu, İmamzadə yolunda alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Onun törətdiyi əməldə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş X2 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Samux rayonu İmamzadə yolunda avtomobillə hərəkətdə olan zaman manevr etmə qaydalarını pozduğuna görə onun idarə etdiyi VAZ 21013 MİNİK markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, bu zaman ondan alkoqolun qoxusu gəldiyi üçün xüsusi texniki vasitə ilə alkoqollu olub-olmaması yoxlanılmış və onun alkoqollu olduğu müəyyən olunmuşdur. Ona görə də Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, spirtli içki qəbul etmir. Polis əməkdaşı onu xx.xx.2024-cü il tarixdə saat 10:30da alkotesterlə müayindən keçirmiş və onun akoqollu olduğu müəyyən edilmiş, o özü isə həmin gün bir neçə saat sonra, yəni saat 14:26-da tibb müəssisəsinə gedərək tibbi müayinədən keçmiş və onun alkoqollu olmadığı müəyyən olunmuşdur. Barəsində tərtib olunmuş protokol əsassızdır, ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan xüsusi texniki vasitə ilə aparılan müayinənin nəticəsini əks etdirən qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:38-də aparılan müayinə zamanı Şəxs alkoqolun konsentrasiyası 0,418 promil olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 fevral 2024-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protkolundan görünür ki, 21 fevral 2024-cü il tarixdə saat 14:26-da aparılmış müayinə nəticəsində Şəxs alkoqollu olmadığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş video görüntüdən görünür ki, Şəxs alkoqollu olub-olmamasının müəyyən edilməsi üçün o, xüsusi texniki vasitə ilə müayinədən keçirilir və onda alkoqolun konsentrasiyasının 0,418 promil olduğu müəyyən edilir, ondan tibbi müayinədən keçirilməsinə zərurət olub-olmadığı soruşulduqda o, tibbi müayinədən keçməsinə zərurət olmadığını bildirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə VAZ 21013 MİNİK markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili spirtli içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bu hal iş materiallarında olan inzibati xəta haqqında protokol, xüsusi texniki vasitə ilə aparılan müayinənin nəticəsini əks etdirən qəbz, həmçinin məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq edilmiş video görünütü ilə öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə sübut kimi təqdim etdiyi “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protkolunu Şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman alkoqollu olmamasını təsdiq edən sübut kimi qəbul etmir və qeyd edir ki, Şəxs polis əməkdaşı tərəfindən alkotesterlə müayinədən keçirildikdən 4 saata yaxın müddət sonra tibbi müayinədən keçmişdir və aradan keçən həmin müddətdən sonra onda alkoqolun konsentrasiyasının müəyyən edilməməsinin mümkünlüyü gözardı edilməməlidir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli DYPŞ-nin YPX-nin polis serjantı X2 tərəfindən İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat inzibati cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar