Məhkəmə qərarları › İş №3(058)-98/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-98/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-98/2023 01.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X14, icra işi üzrə tələbkarlar X4, X1, Əliyev Yavər Hicran oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Samux rayonu Qırmızı Samux kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Samux rayonu Qırmızı Samux kəndində qeydiyyatda olan və Samux rayonu Nəbiağalı qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X16 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törədilməsi barədə 25 aprel 2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X16 izahat verərək bildirmişdir ki, Şəxs Goranboy Rayon Məhkəməsinin 2(045)1745/2018 saylı xx.xx.2018-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)4265/2018 saylı, xx.xx.2018-ci il tarixli, Samux Rayon Məhkəməsinin 2(058)850/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(058)461/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(058)795/2021 saylı xx.xx.2021-ci tarixli, 2(058)796/2021 saylı xx.xx.2021-ci il tarixli və 2(058)50/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə ödənilməmiş borcları var, o, həmin borcların ödənilməsindən qərəzli şəkildə yayınır. Onun barəsində məcburi icra tədbirləri görülmüş, lakin borclu borclarını ödəməkdən imtina etmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, heç bir yerdə işləmədiyinə görə borclarını ödəyə bilməmişdir. O, məhkəməyə ərizə təqdim edərək icra sənədləri üzrə borclarından ödəniş etməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən tələbkar X10 bildirmişdi ki, borclu Şəxs aliment borcunu ödəməkdən qəsdən yayınır. Məhkəmə qətnaməsinə əsasən ödəməli olduğu aliment üzrə borclunun bu günədək 2600 manat aliment borcu yığılmışdır. Təkbaşına uşaqların saxlanılmasında çox çətinlik çəkir. Hazırda borcluya borcunu ödəməsi üçün məhkəmə tərəfindən vaxt verilməsinə etiraz etmir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən tələbkar X2 bildirmişdir ki, borcluya borcunu ödəməsi üçün məhkəmə tərəfindən vaxt verilməsinə etiraz etmir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən tələbkar Əliyev Yavər Hicran oğlu bildirmişdir ki, borcluya borcunu ödəməsi üçün məhkəmə tərəfindən vaxt verilməsinə etiraz etmir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə borclarından ödəniş etməsi üçün vaxt verilərək məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Hazırda məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, ona məhkəmə tərəfindən verilən vaxt ərzində borclarından ödəniş etməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən tələbkarlar X10, X2 və Əliyev Yavər Hicran oğlu barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətə cəlb olunmasını xahiş etdilər. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 2(045)1745/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs Feruz oğlundan 1850 manat borc və 150 manat maddi ziyan, ümumi 2000 manat pul alınaraq X6 verilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)4265/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs, X7 və X15 müştərək qaydada dana ətinin dəyəri üzrə 5643 manat, vəkilin göstərdiyi yardıma görə 215 manat, ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 30 manat olmaqla, cəmi 5888 manat alınıb X11 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)850/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs Feruz oğlundan borca görə 1390 manat və ödənilmiş dövlər rüsumuna görə isə 30 manat alınaraq iddiaçı X3 xeyirinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)461/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs Feruz oğlundan borca görə 4800 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı X8 xeyirinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)795/2021 saylı xx.xx.2021-ci tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs borca görə 1000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı X1 xeyirinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)796/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs borca görə 1900 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı Əliyev Yavər Hicran oğlunun xeyirinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)50/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq, 06 noyabr 2017-ci il tarixdə anadan olmuş X12 və 02 iyun 2019-cu il tarixdə anadan olmuş X13 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X5 xeyirinə verilməsi, 30 manat alınaraq respublika büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərin surətindən görünür ki, Şəxs müvafiq icra sənədlərində göstərilən tələbləri könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materialında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğular və onun əsasında verilmiş cavabdan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2022-ci il tarixli Samux rayon İcra və Probasiya şöbəsinə verdiyi izahatının surətindən məlum olur ki, icra sənədləri üzrə borclarını heç bir yerdə işləmədiyi üçün ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs sözügedən icra sənədləri üzrə müəyyən olunmuş borclarını ödəməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, həmçinin əvvəlki məhkəmə iclasında borclarından ödəniş etməsi üçün ona vaxt verilməsini xahiş etməsinə və məhkəmə tərəfindən ona vaxt verilməsinə baxmayaraq heç bir icra sənədi üzrə ödəniş etməmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Şəxs hərəkəti Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X16 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN 2AQQ2L4) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar