Məhkəmə qərarları › İş №3(058)-98/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-98/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-98/2024 19.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Xanlar rayonu Alıncalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri 18-ci mkr, ev 6, mənzil 31-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirləndirilməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirləndirilməsi barədə 18 aprel 2024cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 18 aprel 2024-cü il tarixdə Samux rayonu, Nəbiağali qəsəbəsində ictimai yerdə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, həmin protokolu Samux RPŞ-nin PPXB-nin polis kapitanı Sərxan Sadıqovun raportu əsasında tərtib etmişdir. Belə ki, S.Sadıqov xx.xx.2024-cü il tarixdə DYP-nin əməkdaşı Elşən Həsənovla xidmətdə olarkən DYPB-nin əməkdaşları cərimə meydançasına avtomobil gətirmiş və bu zaman şöbənin qapısının açıq olmasından istifadə edən Şəxs Samux Rayon Polis Şöbəsinin həyətinə öz avtomobili ilə icazəsiz daxil olmuşdur. Ondan avtomobilin çıxarılması tələb olunduqda Şəxs polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlədərək polisə əl qardırmış, bu hərəklətləri ilə ictimai qaydanın pozulmasına səbəb olmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, heyvandarlıqla məşğuldur, ona məxsus olan iribuynuzlu heyvanları Firdovsi adlı sürücü qazel markalı avtomobillə Tovuz rayonundan gətirən zaman yol polisi onu saxlamış və içərisində heyvanların olduğu həmin qazel markalı avtomobili Samux Rayon Polis Şöbəsinin cərimə meydançasına aparmışlar. Sürücü ona zəng edərək bu barədə məlumat vermiş, o isə əsəbi halda polis şöbəsinə getmiş, şöbənin qapısının açıq olmasından istifadə edərək öz avtomobili ilə polis şöbəsinə daxil olmuşdur. İki nəfər polis əməkdaşı ona yaxınlaşaraq bildirmişlər ki, avtomolbili polis şöbəsinə salmaq olmaz. Bu zaman onunla polis əməkdaşı arasında mübahisə yaranmış, polis onun qolundan tutaraq çölə çıxartmaq istəyəndə o, əsəbləşərək polisə əl uzatmış, “səni boğaram” demiş, lakin əli polisə dəyməmişdir. O, şəkər xəstəliyindən əziyyət çəkir, həmin gün çox əsəbi olduğundan bu cür hərəkətlərə yol vermişdir. Hazırda əməlindən peşmandır, ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X3 ifadə verərək bildirdi ki, adı ona sonradan məlum olan Şəxs xx.xx.2024-cü il tarixdə Samux Rayon Polis Şöbəsinin qapısının açıq olmasından istifadə edərək öz avtomobili ilə polis şöbəsinə daxil olmuş, onlar Şəxs avtomobilini polis şöbəsinin həyətindən çıxarmasını tələb etdikdə Şəxs uca səslə onlara qarşı nalayiq ifadələr işlətmiş, digər polis əməkdaşına əl atmış, beləliklə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermişdir. Onu nizam-intizama dəvət etsələr də, Şəxs polisin qanunu tələblərinə tabe olmaqdan boyun qaçırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 digər şahid X3 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş 18 aprel 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 aprel 2024-cü il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. Şəxs ictimai yerdə polis əməkdaşının haqlı iradına baxmayaraq əsassız mübahisə yaratması və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi, bu zaman ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol, özünün etiraf edici ifadəsi və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1. maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar