Məhkəmə qərarları › İş №3(059)-1/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-1/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-1/2024 07.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Yasinova Mehriban Səfa qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən Vəkil, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxslər- Siyəzən RPŞ-nin polis sahə rəisləri X9 və X2 iştirakları ilə xx xxxx 1980-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 16 sentyabr 2023-cü il tarixdə, saat 07:45 radələrində Siyəzən rayonunun Cəndəhar kəndində Azərbaycan Respublikasının DSX X20 Regional şöbəsi Böyük Həmyə sahil nəzarəti bölməsinin rəisi X4 və həmin bölmənin sabiq rəis müavini X10 ünvanına nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. Bundan başqa, o, 07 yanvar 2024-cü tarixdə, saat 09:10 radələrində Siyəzən rayonunun Cəndəhar kəndi ərazisində 1 nömrəli tədbirlə əlaqədar xüsusi mühafizə olunan avtomobillərin Quba şəhərindən Bakı şəhərinə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozmuş və Siyəzən RPŞ-yə getmək təkliflərinə məhəl qoymayaraq, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisləri X6 və X15 tərəfindən müvafiq olaraq 07 yanvar 2024-cü il tarixli, MN seriyalı 1791325, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 3(059)-1/2024 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-1/2024 saylı, 3(059)-2/2024 saylı və 3(059)-3/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-1/2024 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin polis sahə rəisi X15 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, 07 yanvar 2024-cü il tarixdə Şəxs tərəfindən ona tabesizlik göstərilməsi ilə bağlı Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi Elçin İbrahimovun RPŞ-yə daxil olmuş raportu əsasında o, əvvəlcə həmin gün saat 09:25də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi məqsədilə sonuncunun inzibati qaydada tutulması haqqında protokol tərtib etmişdir. Bundan sonra, o, 07 yanvar 2024-cü il tarixdə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tərkib əlamətləri olduğundan sonuncu barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib etmiş, habelə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsi məhkəmənin səlahiyyətində olduğu üçün toplanmış inzibati xəta haqqında material məhkəməyə təqdim edilmişdir. O, hadisə yerində olmamış, sadəcə inzibati xəta haqqında protokolları tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin polis sahə rəisi X6 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, 07 yanvar 2024-cü il tarixdə o və Siyəzən RPŞ-nin digər əməkdaşları 1 nömrəli tədbirlə əlaqədar olaraq xüsusi mühafizə olunan avtomobillərin Quba şəhərindən Bakı şəhərinə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə xidmətdə olarkən Cənab prezidentin mühafizəsi vasitəsilə RPŞ-dən Siyəzən rayonunun Cəndəhar kəndi ərazisində istiqamətində, ödənişli magistral yolun kənarında yanğın olması, ərazidə hiss örtüyünün müşahidə edildiyi bildirilmiş, habelə o, bunu araşdırmaq üçün qeyd olunan əraziyə dəniz sahili tərəfdən getmiş və orada Şəxs təkər yandırmasını müəyyən etmişdir. Bundan sonra, o, Şəxs yaxınlaşıb, təkəri hansı səbəbdən yandırması ilə maraqlanmış, bunun yolverilməz olduğunu, həmçinin ekologiyanın da çirkləndiyini bildirmişdir. Əlavə olaraq, həmin məsələ ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə protokol tərtib edilib, müvafiq ekologiya idarəsinə göndərilmişdir. Beləliklə, məsələnin araşdırılması zamanı Şəxslə əvvəlcə aralarında sözlü mübahisə yaranmış, həmçinin sonuncu nizam-intizam dəvətinə məhəl qoymadığından sonradan kömək məqsədilə RPŞ-nin digər əməkdaşlarını çağırmaq məcburiyyətində qalmış, habelə bu çağırışa əvvəlcə RPŞ-nin PPXB-nin polis nəfəri X7 gəlmişdir. Həmin ərəfədə Şəxs onun, polis əməkdaşlarının, eləcə də dövlətin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, həmçinin dartışarkən Pərviz onu itələmiş, bu minvalla o və Pərviz yerə yıxılmışlar. Bundan başqa, Şəxs 16 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının DSX X20 Regional şöbəsi Böyük Həmyə sahil nəzarəti bölməsinin hərbi qulluqçuları ilə aralarında baş vermiş hadisə ilə əlaqədar dəfələrlə Siyəzən RPŞ-yə dəvət olunsa da, o, hörmətsizlik edərək, çağırışlara məhəl qoymamışdır. Şəxs DSX X20 Regional şöbəsi Böyük Həmyə sahil nəzarəti bölməsinin əməkdaşları tərəfindən daim nəzarət altında saxlanılır. Belə ki, Şəxs gecə saatlarında Xəzər dənizinə daxil olaraq, qanunsuz olaraq nərə balığı ovlayır. Hətta, Şəxs özünə aid qayığı Siyəzən rayonunun Cəndəhar kəndində yaşayan qohumunun həyətində gizlədir. Gündüz saatlarında Şəxs balıqçıları balığı tutur, Pərviz isə gecə öz qayığı ilə dənizə daxil olub, balığı götürüb geri qayıdır. Bununla da, sərhəd nəzarətçiləri onu hadisə yerində saxlaya bilmirlər. 16 sentyabr 2023-cü il tarixdə də Azərbaycan Respublikasının DSX X20 Regional şöbəsi Böyük Həmyə sahil nəzarəti bölməsinin hərbi qulluqçuları tərəfindən keçirilən növbəti baxış zamanı Şəxs həmin bölmənin rəisi X4 və həmin bölmənin sabiq rəis müavini X10 ünvanına nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. Hətta, Şəxs məhkəmə iclasınadək zalda olarkən də xidməti işi ilə əlaqədar ona hədə-qorxu gəlmiş, hətta ünvanına kəskin təhqiramiz ifadələrini davam etdirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında bildirdi ki, 16 sentyabr 2023-cü il tarixdə, saat 07:45 radələrində onunla Azərbaycan Respublikasının DSX X20 Regional şöbəsi Böyük Həmyə sahil nəzarəti bölməsinin hərbi qulluqçuları arasında heç bir problem olmasa da, həmin tarixdən əvvəl baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər hərbi prokurorluğunda araşdırma aparılır. Digər tərəfdən əvvəl baş vermiş hadisə ilə bağlı Siyəzən Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında şikayət üzrə araşdırma aparılaraq qərar belə qəbul edilmiş, iş yekunlaşmışdır. Ancaq, sərhəd nəzarətçiləri hərəkətləri ilə onu bezdirmişdir. Belə ki, sərhəd nəzarətçiləri onun həyətinə girib, qayığını axtarır, onun fəaliyyət göstərməsinə əngəl yaradırlar. O, heç vaxt icazəsiz gecə vaxtlarında mühafizə olunan ərazidən Xəzər dənizinə daxil olub, oradan balıq ovlaya bilməz. 07 yanvar 2024-cü il tarixdə baş vermiş hadisəyə gəldikdə isə o, Siyəzən rayonunun Cəndəhar kəndi ərazisində od qalamamış, həmçinin Siyəzən RPŞnin polis sahə rəisi X3 qarşı qanunsuz hərəkətlərə yol verməmişdir. Hadisə ilə bağlı onun heç bir günahı yoxdur. Çünki, o, polis əməkdaşı və ya dövlət işçisi olmadığından 1 nömrəli tədbirin keçirilməsindən, o cümlədən cənab prezidentin ərazidən keçəcəyindən məlumatlı ola bilməzdi, əgər bilsə idi, belə hərəkətə yol verməzdi. O, hadisənin olduğu əraziyə gələndə ocaq artıq sönürdü. Hazırda məhkəmə iclas zalında toplanmış polis əməkdaşlarının niyyəti isə onun tutulmasına nail olmaqdır. Beləliklə, o, qayıqla 76 saylı Yalama körpüsü deyilən ərazidə işlədiyi üçün 07 yanvar 2024-cü il tarixdə, saat 07:00 radələrində Siyəzən rayonunun Cəndəhar kəndinə gəlmiş, orada ondan əlavə də balıqçılar olmuş, ərazidə qalanmış ocağın isə sönmə ərəfəsində olduğunu görmüşdür. Həmin ərəfədə qayığını traktora qoşub, dəniz istiqamətində aparmış, qayıdanda isə ocağın yaxınlığında ağ rəngli, VAZ 2107, VAZ 2104 markalı avtomaşınların və polis sahə rəisi Elçin İbrahimovun avtomobilinin, o cümlədən ümumilikdə 7 nəfər olmaqla, sonuncu ilə birgə Babək, Mayis, Sadiq adında, eləcə də digər polis əməkdaşlarının olduğunu görmüş, habelə Elçin İbrahimov ona yaxınlaşıb, ərazidəki yanğına görə onun ünvanına nalayiq ifadələr işlətməyə başlasa da, o, buna yalnız "ayıb olsun" ifadəsi ilə cavab vermiş, lakin Elçin İbrahimov onun yaxasından tutaraq etdiyi hörmətsizliyin səbəbini bir daha soruşduqda, o heç nədən xəbərinin olmadığını qeyd etmişdir. O, adi bir vətəndaş olduğunu ifadə edərək, yanğını söndürə biləcəklərini qeyd etsə də, Elçin İbrahimov tərəfindən ona yumruq və əlin içi ilə zərbələr atılmış, ancaq o, bu zərbələrdən yayınmışdır. Bu ərəfədə Elçin İbrahimovun özü onun ayaqlarının arasına yıxılsa da, o, Elçin İbrahimovla dartışmamış və onu həbs edəcəklərini düşündüyünə görə qarşı tərəfə toxunmamışdır. Elçin İbrahimov tərəfindən ona qarşı nalayiq ifadələr işlədildiyi üçün o da, Elçin İbrahimova nalayiq ifadələrlə cavab vermiş, ancaq ona əl qaldırmamışdır. O, Elçin İbrahimov tərəfindən incidildiyinə görə sonuncu barəsində dəfələrlə Siyəzən RPŞ-nin rəis müavini Fəxri müəllimə şikayət etdiyi üçün Elçin İbrahimov onunla kəskin mövqedədir. Bundan əlavə, o, hadisə yerindən Elçin İbrahimov tərəfindən döyülə-döyülə, zorla Siyəzən RPŞ-nin xidməti avtomaşınına əyləşdirilərək RPŞ-yə aparılmışdır. Hazırda qulağından qan gəlməklə, zərbələrdən başının arxa hissəsi şişmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələri ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllərlə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, şahid, Azərbaycan Respublikasının DSX-nin X12 Regional şöbəsinin Böyük Həmyə sahil nəzarəti bölməsinin rəisi X11 izahatında göstərdi ki, o, 16 sentyabr 2023-cü il tarixdə, saat 07:45-də Siyəzən rayonunun Cəndəhar kəndində, yəni hadisə yerində deyil, bölmə rəisi olaraq iş yerində olmuş, habelə həmin ərəfədə qeyd edilən ərazidə tabeçiliyində olan hərbi qulluqçular, o cümlədən gizir X8 və kiçik gizir X5 olmaqla, sonuncular Şəxs üzmə vasitəsinin sənədləşdirmə işlərini həyata keçirmiş və bu videoçəkilişlə aparılmışdır. Şəxs videoçəkilişin aparılmasına narazılığını kəskin şəkildə ifadə edərək, qanunsuz olduğunu hesab etsə də, burada qanunsuzluq olmamışdır. Belə ki, 16 sentyabr 2023-cü il tarixdən bir neçə gün əvvəl Şəxslə bağlı başqa bir hadisə baş vermişdir ki, həmin hadisə ilə əlaqədar hazırda Sumqayıt şəhər hərbi prokurorluğunda araşdırma aparılır. Əvvəlki baş vermiş hadisə ilə bağlı onlar barəsində Şəxs tərəfindən bütün qurumlara şikayət edilmiş, habelə həmin işlə bağlı çəkiliş təqdim edə bilmədiklərindən, bundan sonrakı işlərdə çəkiliş aparılmasına tapşırıq vermişdir. Beləliklə, 16 sentyabr 2023-cü il tarixdə, saat 07:45-də Siyəzən rayonunun Cəndəhar kəndində baş vermiş hadisə ilə bağlı aparılmış videoçəkilişdən də göründüyü kimi Şəxs tabeliyindəki hərbi qulluqçuların yanında onun, eləcə də sabiq müavini X10 ünvanına nalayiq sözlər işlətmişdir. Bununla əlaqədar videoçəkilişdən əlavə hadisənin birbaşa iştirakçıları olmuş bölmənin giziri Vüqar Paşayevin və kiçik giziri Cavid Bəykişiyevin izahatları alınıb, inzibati xəta haqqında materiallara əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin PPXB-nin polis nəfəri X7 izahatında göstərdi ki, o, Şəxs Siyəzən rayon sakini kimi tanımaqla, sonuncuya qarşı hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. 07 yanvar 2024-cü il tarixdə o və Siyəzən RPŞnin digər əməkdaşları 1 nömrəli tədbirlə əlaqədar olaraq xüsusi mühafizə olunan avtomobillərin Quba şəhərindən Bakı şəhərinə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə xidmətdə olarkən Siyəzən rayonunun Cəndəhar kəndindəki yanğınla əlaqədar RPŞ-nin polis sahə rəisi X1 çağırışı əsasında saat 09-10:00 radələrində kəndin qayıqlar olan ərazisinə getmiş, habelə deyilən ərazidə uzaqdan yanğının olduğunu müşahidə etsə də, yaxınlaşarkən artıq yanğının azaldığı, tüstü örtüyünün isə qaldığını görmüşdür. Orada olarkən Şəxs tərəfindən təkərin yandırıldığını öyrənmiş, habelə daha əvvəl polis sahə rəisi X13 təkəri kimin yandırdığını soruşsa da, sonuncu bunu onun etdiyini qəbul etməyib, Elçin İbrahimovdan işləri ilə məşğul olmalarını tələb etmiş, həmçinin onlar 3-4 dəqiqə bu barədə mübahisə etmişlər. O, isə baş verənləri kənarda müşahidə etmiş, daha sonra Şəxs polis sahə rəisi Elçin İbrahimovun ünvanına nalayiq ifadələr işlətməyə başladığından onlar dartışıb, yerə yıxılmışlar. Buna qədər, X19 tədbirlə əlaqədar xəbərdarlıq etsə də, sonuncu bundan xəbərsiz olduğunu, qabaqcadan ona bu barədə məlumat verilməli olduğunu qeyd etmişdir. Nizam-intizama dəvət edilməsinə baxmayaraq, Şəxs tərəfindən onların qanuni tələblərinə məhəl qoyulmamış, habelə onun tabesizlik hərəkətləri 5 dəqiqə davam etmişdir. Bundan sonra, Şəxs Siyəzən RPŞ-yə dəvət edilsə də, o, PPXB-nin avtomaşınına əyləşməkdən imtina edərək, bu dəfə də polisin qanuni tələbinə tabe olmayıb, saymazyana şəkildə öz şəxsi avtomobili ilə RPŞ-yə gedəcəyini bildirmiş, lakin, sonradan əraziyə gələn polis əməkdaşlarının yardımı ilə Pərviz PPXB-nin xidməti avtomaşına əyləşdirilərək RPŞ-yə aparılmışdır. İşdə olan sənədlərdən, o cümlədən raportlardan və izahatlardan, eləcə də 16 sentyabr 2023-cü il tarixdə videoçəkiliş ilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Diskdəki videogörüntülərdən görünür ki, Şəxs 16 sentyabr 2023-cü il tarixdə, saat 07:45 radələrində Siyəzən rayonunun Cəndəhar kəndində Azərbaycan Respublikasının DSX X20 Regional şöbəsi Böyük Həmyə sahil nəzarəti bölməsinin rəisi X4 və həmin bölmənin sabiq rəis müavini X10 ünvanına nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. İşdə olan sənədlərdən, o cümlədən raportlardan və izahatlardan görünür ki, Şəxs 07 yanvar 2024-cü tarixdə, saat 09:10 radələrində Siyəzən rayonunun Cəndəhar kəndi ərazisində 1 nömrəli tədbirlə əlaqədar xüsusi mühafizə olunan avtomobillərin Quba şəhərindən Bakı şəhərinə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozmuş və Siyəzən RPŞ-yə getmək təkliflərinə məhəl qoymayaraq, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşdə olan mötəbər sənədlərdən, o cümlədən Siyəzən RPŞ-nin təqdim etdiyi portaldan çıxarışın surətindən və Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs müxtəlif vaxtlarda cinayət və inzibati məsuliyyətlərə cəlb edilmiş, barəsində məhkəmə hökmü və qərarları çıxarılmışdır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 03 iyun 2013-cü il təvəllüdlü Nuray və 16 iyun 2015-ci il təvəllüdlü Murad adında iki yetkinlik yaşına çatmayan uşağı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34-cü maddəsinin İİ və İİİ bəndlərinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması kimi yüngülləşdirən halın olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, müxtəlif, həmçinin eyni vaxtda üç inzibati xəta törətməsini, bu cür davranışları ilə idarəçilik qaydalarının pozulduğunu, eləcə də bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, hüquq pozuntusuna meylli olmaqla, cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, Siyəzən rayonunun Cəndəhar kəndi ərazisində 1 nömrəli tədbirlə əlaqədar xüsusi mühafizə olunan avtomobillərin Quba şəhərindən Bakı şəhərinə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə xidməti vəzifəsini yerinə yetirməklə, onu nizamintizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onların qanuni tələblərinə əməl etməməsini, habelə hərəkətlərini davam etdirərək, nalayiq ifadələr işlətməsini, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 07 yanvar 2024-cü il tarixdən saat 09:25-dən inzibati qaydada tutulması və buraxılmadan məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 07 yanvar 2024-cü il tarixdən saat 09.25-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar