Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-1/2025 23.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 40 olan "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXMnin) 233.1-ci maddəsi ilə tərtib olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 04 iyul 2024-cü il tarixdə keçirilmiş monitorinq zamanı Siyəzən rayonunun Zarat kəndi ərazisində Bakı-Quba avtomobil yolunun kənarında fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus quşçuluq sexi tərəfindən ətraf mühitə axıdılan tullantı sularından götürülmüş su nümunələrində zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmiş və "xxxx" MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X7 tərəfindən 12 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 3(059)-227/2024 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, cəmiyyətə 11000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərardan narazı qalan "xxxx" MMC-nin direktoru X10 apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 3(105)-490/2024 saylı qərarı ilə Siyəzən Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 3(059)-227/2024 nömrəli qərarı ləğv olunmuş, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola yenidən baxılması üçün material Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 3(105)-490/2024 saylı qərarı onunla əsaslandırılmışdır ki, hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 "xxxx" MMC-nin əsas fəaliyyətinin bəslənilən toyuq kəsimi deyil, yalnız yumurta istehsalından ibarət olduğundan müəssisədə istehsal prosesi zamanı az miqdarda tullantı su kütləsi yarandığını, həmin kütlənin də müəssisənin ərazisindən heç bir səmtə axadılmayaraq müəssisə daxilində yerləşən germetik sututarda (şamboda) yığılaraq sonradan digər bir MMC ilə aralarında mövcud olan müqavilə əsasında həmin sututardan xüsusi avtomaşınlarla nasos vasitəsilə sovurularaq aidiyyəti yerə daşınaraq müəssisədən kənarlaşdırıldığını, həmçinin müəssisəyə məxsus Ekoloji Pasportda da tullantı suların germetik sututarda (şamboda) saxlanılmasının qeyd edilməsi öz təsdiqini tapdığından MMC barəsində tərtib edilmiş protokola əsas olan analiz nəticələrinin götürülən gölməçələrdəki tullantı sularının təmsil etdiyi MMC ilə heç bir əlaqəsinin olmamasını bildirməsinə baxmayarq zəruri olarsa yerində baxış keçirilməklə müəyyən edilməli olduğu halda qeyd olunan bu hallar araşdırılmamışdır. Həmçinin 12 avqust 2024cü il tarixli protokolun tərtibinə əsas olmuş X12 Monitorinq İdarəsinin laborator təhlillərinin nəticələrinə dair müvafiq sənədlər işə baxan məhkəmə tərəfindən tələb edilərək araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X6 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş müvafiq protokolu müdafiə edərək izahatında göstərdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 İdarəsinin əməkdaşları ilə birgə Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən "xxxx" MMC-də keçirdikləri monitorinq zamanı cəmiyyətin ərazisindən axıdılan tullantı suyundan nümunə götürmüş, bu zaman foto çəkilişlər edilmiş və müvafiq akt tərtib edilmişdir. Nümunə analiz aparılmasından ötrü "xxxx" MMC-yə təqdim edilmiş və həmin MMC-nin analiz nəticələrində götürülən su nümunəsində çirkləndirici maddələrin miqdarının yol verilən həddən artıq olduğu müəyyən edilmiş və "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edilməzdən öncə "xxxx" MMC inzibati araşdırmaya dəvət olunsa da, MMC-nin nümayəndəsi inzibati araşdırmada iştirak etməmiş, inzibati xəta haqqında protokolu imzalamamış və izahat da verməmişdir. Bundan başqa nümayəndə qeyd etmişdir ki, əvvəllər də bu müəssisə barəsində analoji inzibati xəta haqqında protokollar tərtib olunmuş, barələrində inzibati cərimələr tətbiq edilmiş və müəssisənin rəhbəri həmin əməl ilə bağlı etirafedici izahat verməklə birlikdə inzibati cərimələr də tərəflərindən ödənilmişdir. Bundan başqa MMC tərəfindən onların analiz nəticələrinə dəyişiklik etdikləri bildirilsə də, qeyd edir ki, analiz nümunələri onlara elektron təsdiq olunmuş formada təqdim edildiyi üçün onların həmin nəticələrə dəyişiklik etmək imkanları ümumiyyətlə mövcud olmamışdır. Cəmiyyət quşçuluqla məşğul olmaqla yanaşı, cəmiyyətin tullantı suları kanala daxil olaraq, dənizə axır və bunu vizual müşahidə etmək də mümkündür. Qeyd olunanlara əsasən tərəflərindən tərtib edilmiş inzibati xəta haqqında protokolun qanuni və əsaslı sayılmasını və "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi Nümayəndə2 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi MMC-ni İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, "xxxx" MMC-nin ekoloji pasportu, tullantılara aid sənədləri və rəyləri vardır. Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib olunmuş protokola heç bir obyektiv və mötəbər sübutlar əlavə edilməmiş, yalnız, şifahi mülahizə formasında götürülmüş su nümunələrinin cəmiyyətin ərazisindən axıdılan tullantı suları olması qeyd olunmuşdur. Belə ki, protokol tərtib edən şəxslər cəmiyyətin ərazisindən 50 metr kənardan yəni, cəmiyyətlə heç bir əlaqəsi olmayan su hövzəsindən nümunələri götürmüşlər. Bununla yanaşı, rəsmi sənədlərdə analiz aparan laboratoriyanın özünün standartlaşmaya uyğun olması, sınaq aparmaq səlahiyyəti olması barədə sənəd təqdim etməmişlər. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 9 ay davam edən kompleks araşdırma aparmış, həmçinin idarənin nümayəndəsinin ötən illərdə də, monitorinq keçirmələrini bildirməsi, şəxsi mülahizəyə söykənir. Belə ki, yoxlama, sözügedən nazirliyin öz maraqlarına uyğun aparılmışdır. Bundan başqa, atılan zərərləri maddələrin inventarlaşdırılması, sanitar epidemioloji və bakterioloji amillər, cəmiyyətin nəzarətində olan bir nömrəli məsələlərdəndir. Cəmiyyət damazlıq quşların bəslənməsi ilə məşğul olduğu üçün bu məsələlərə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər və ya Fövqəladə Hallar Nazirliyinin nəzarəti əsasında deyil, öz maraqları naminə nəzarət edir. Çünki, cəmiyyət məsuliyyətsiz, sahibkarlıq fəaliyyətinə biganə müəssisə deyil və belə hallar sahibkarlıq fəaliyyətini riskə salır. Bundan əlavə, aparılmış topoqrafik, geoloji araşdırmalar ilə müəyyən olunur ki, su nümunələrinin götürüldüyü, eni 6-15 metr, uzunluğu kilometrlər ilə olan kanala 15-ə yaxın sanitar qovşağın kanalizasiya suları axıdılır. Belə olan halda, həmin kanaldan cəmiyyətin ərazisinə qədər və ərazisindən sonra, dənizə axıdılan hissəsindən nümunələr götürülməmiş və müqayisəli araşdırmalar təqdim edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş analiz nəticələrinə dair cədvəldən görünür ki, həmin cədvəldə digər müəssisələrin adının qabağında “zəhərli”, “zəhərli deyil”, “kəskin zəhərli” ifadələri yazılsa da, onun təmsil etdiyi müəssisənin qabağında həmin qrafa boş saxlanılmışdır. Bundan başqa protokol tərtib olunan zaman yalnız o cədvələ istinad edilmiş, hazırki məhkəmə iclasında isə analizin nəticəsi başqa sənəddə təqdim edilmişdir. Adıçəkilən protokol bir dəfə məhkəmə tərəfindən geri qaytarılsa da, geri qaytarılmaya əsas olan pozuntular aradan qaldırılmadan yenidən məhkəməyə təqdim edilmiş və məhkəmə bu dəfə inzibati tənbehlə bağlı qərar çıxarmışdır. Hazırda qeyd olunan protokolda olan pozuntular aradan qaldırılmadan və iş materiallarına hər hansı mötəbər sübutlar təqdim olunmadan ümumiyyətlə inzibati tənbehin mövcudluğundan söhbət gedə bilməz. Bundan başqa qeyd edir ki, onların müəssisəsi tullantısız fəaliyyət göstərən müəssisədir. Odur ki, "xxxx" MMC barəsində İXM-nin 233.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 iyul 2024-cü il tarixli, 85770 nömrəli aktından və fotoşəkillərdən görünür ki, həmin tarixdə, saat 14:44 radələrində 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X12 Monitorinq İdarəsinin əməkdaşları birlikdə xidməti ərazidə ətraf mühitə təsirə malik iri istehsal və xidmət müəssisələrində əmələ gələn tullantı sularından nümunələr götürülməsi üçün Siyəzən rayonunun Zarat kəndi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus quşçuluq sexinə getmişlər. Nümunələrin götürülməsi üçün müəssisədən nümayəndə dəvət olunsa da, iştirak edən olmamışdır. Bundan sonra, 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X12 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən müəssisənin Bakı- Rusiya avtomobil yolunun sağ tərəfində olan quşçuluq sexinin şimal tərəfdəki torlu hasarından axıdılan tullantı su mənbəyi aşkar olunmuş, habelə oradan fotoşəkillər çəkilərək su nümunələri götürülmüşdür. X12 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 04 iyul 2024-cü il tarixli 406 saylı aktla aktlaşdırılaraq götürülən su nümunələri EM-75, EM- 17 və MB-181 nömrəli plastik qablara doldurulmuşdur. Həmin akt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi Adil Məcidov və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin baş mütəxəssisi Zəki Həsənzadə tərəfindən imzalanmışdır. 04 iyul 2024-cü il tarixində Siyəzən rayonu, Zarat bələdiyyəsi "xxxx" MMC-dən götürülmüş su nümunəsi üzərində "xxxx" MMC-nin aparıcı mütəxəssisi Əfsanə Əsədova, baş kimyaçı Aybəniz Duşdurova və keyfiyyət meneceri Zibər Ağazadə tərəfindən analiz aparılmış və nəticəsinə dair müvafiq cədvəl tərtib edilərək onlar tərəfindən imzalanmış və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan 2024-cü ilin iyul ayı üzrə Xaçmaz, Şabran və Siyəzən rayonlarının çirkab su təmizləyici qurğularından, dənizə olan kollektorlardan götürülmüş analiz nəticələrindən görünür ki, "xxxx" MMC-yə məxsus Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun sağ tərəfində olan quşçuluq sexinin şimal tərəfdəki torlu hasarından axıdılan tullantı su nümunələri üzərində aparılmış təhlillərin nəticəsinə görə ammonium ionu 8,8 (YVQH-0,5), oksigenin biokimyəvi sərfi (OBS5) 214,6 (YVQH-<6,0), Sintetik səthi maddələr 0,66 (YVQH-<0,5), Escherich ia coli şərti xəstəlik törədən bakteriyaların miqdarı 15800000 təyin edilmişdir. Həmin cədvəldən görünür ki, "xxxx" MMC barəsində ekotoksikoloji təhlil xanası boş buraxılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 12 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 04 iyul 2024-cü il tarixdə keçirilmiş monitorinq zamanı Siyəzən rayonunun Zarat kəndi ərazisində Bakı-Quba avtomobil yolunun kənarında fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus quşçuluq sexi tərəfindən ətraf mühitə axıdılan tullantı sularından götürülmüş su nümunələrində zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolun tərtibi zamanı müəssisənin direktoru iştirak etməmiş və izahat verməkdən imtina etmişdir. Məhkəmə tərəfindən 15 yanvar 2025-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən "xxxx" MMC-də, Cəmiyyətin direktoru X5, cəmiyyətin nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin baş mütəxəssisi X3 iştirakları ilə yerli müayinə keçirilmiş, bu zaman sonuncu su nümunəsinin götürdüyü yeri təqdim edərək, bir yerdən nümunə götürdüyünü, nümunəni xüsusi qablar ilə götürdüyünü, soyuducu ilə təhkim olunmuş avtomobillər ilə laboratoriya mərkəzinə apardığını qeyd etmişdir. Bundan sonra, cəmiyyətin direktoru Yaşar Qasımov nümunənin götürüldüyü yerdəki suyun cəmiyyətin ərazisindən axıdılan su olduğunu qeyd etsə də, cəmiyyətin nümayəndəsi Nümayəndə2 protokolu tərtib edən orqan tərəfindən bunun sübut olunmalı olduğunu bildirmişdir. Daha sonra nümayəndə müəssisədən bir neçə kilometr kənardan həmin yerə su axıdılığını bildirmiş, lakin yerli müayinə zamanı müəssisənin nümunə götürülmüş yerdən hündürdə nümayəndə tərəfindən göstərilən yerin isə nümunə götürülən yerdən xeyli alçaqda yerləşdiyi müəyyən edilmişdir. Belə olan halda nümunə götürülən yerə axıdılan suyun hündürdə yerləşən müəssisədən deyil alçaqda yerləşən kanaldan gəlməsi reallığı əks etdirmir. Bundan başqa müəssisənin nümayəndəsi tərəfindən su nümunəsi götürülən yerə bir neçə müəssisə tərəfindən axıntı gələ biləcəyini qeyd etsə də, yerində müayinə zamanı su nümunəsi götürülən yerin MMC-nin torlu hasarının yanından götürüldüyü, ondan yuxarıda və ya yaxınlıqda hər hansı digər müəssisənin olmadığı müşahidə edilmişdir. Eyni zamanda nümayəndə həmin yerə bir neçə müəssisə tərəfindən su axıdıldığını və buna görə də 3 fərqli yerdən nümunə götürülməli olduğunu bildirsə də, müəssisəyə baxış zamanı müəyyən edilmişdir ki, nümunə götürülən yerdən yuxarıda geniş ərazidə müəssisənin özü yerləşir və nümunə götürülən yerə başqa hər hansı müəssisədən su axıdıldığı gözlə müşahidə olunmur. Daha sonra, sədrlik edən “müəssisə daxilində tullantı su kütləsinin germetik sututarda (şamboda) yığılaraq sonradan avtomaşınlarla daşınması halının” müəyyən edilməsi məqsədilə baxışın cəmiyyətin ərazisində davam etdirilməli olduğunu qeyd etsə də, cəmiyyətin direktoru Yaşar Qasımov icraçı direktor olduğunu qeyd edib, əraziyə daxil olunmasına icazə verilməyəcini bildirmişdir. ((Siyəzən Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 3(059)-1/2025 saylı protokolu)). Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən "xxxx"” MMC-nin baş kimyaçısı X4 mütəxəssis qismində dindirilmiş, sərbəst ifadəsində və tərəflərin suallarına cavab olaraq izahatında göstərmişdir ki, "xxxx" MMC qanunamüvafiq qaydada təsdiq edilmiş nizamnamə əsasında fəaliyyət göstərir. Labaratoriyaya su nümunələri onlar tərəfindən təqdim edilmiş stelizə olunmuş qablar vasitəsi ilə, soyuducu ilə təchiz olunmuş avtomobillər ilə gətirilir. Normalda su nümunələri əgər soyuducuda saxlanılmırsa iki saat müddətinə labaratoriyaya gətirilə bilər. Soyuducu ilə gətirilirsə 24 saat müddətində götürüldüyü vaxtda olan tərkibini saxlaya bilir. Su nümunələri cəmiyyətə daxil olan zaman kodlaşdırılır və nümunənin hansı formada götürülməsi ilə bağlı tərtib edilmiş akt ilə birlikdə onlara təqdim edilir. Onlar Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi tərəfindən 04 yanvar 1994-cü il 1 saylı əmrlə təsdiq edilmiş “Yerüstü suların tullantı sularla çirkləndirilməsindən mühafizə qaydaları” əsasında analiz aparır və yol verilən qatılıq həddinə münasibətdə nəticələri tərtib edirlər. Su nümunələrində ilk olaraq tərkibini tez dəyişən maddələrin, daha sonra isə digər maddələrin analizi aparılır. Aparılmış laboratoriya analizinin nəticələri cədvəl formasında tərtib edilməklə labaratoriyanın rəhbərliyinə təqdim edilir. İş materiallarında olan 2024-cü ilin iyul ayı üzrə Xaçmaz, Şabrab və Siyəzən rayonları üzrə çirkab sutəmizləyici qurğulardan, dənizə olan kollektorlardan götürülmüş su nümunələri üzərində aparılmış analizin nəticələrinə dair cədvəl mütəxəssisə təqdim edilərək digər müəssisələrin adının qabağında “zəhərli”, “zəhərli deyil”, “kəskin zəhərli” ifadələri olmağına baxmayaraq "xxxx" MMC-nin adının qabağındakı həmin qrafanın boş saxlanılmasının səbəbi aydınlaşdırılmış və mütəxəssis bildirmişdir ki, ilk növbədə onlar tərəfindən analiz aparıldıqdan sonra cədvəl tərtib olunur, həmin cədvəldə ekotoksikoloji təhlil aparılması ilə bağlı qeyd qoyularsa, onda “zəhərli”, “zəhərli deyil” və ya “kəskin zəhərli” sözləri yazıla bilər. Hazırki "xxxx" MMC-dən götürülmüş su nümunələrində analiz aparılarkən belə bir tələb qoyulmadığı üçün həmin qrafanın qabağı boş saxlanılmışdır. Həmçinin təqdim olunan bu cədvəl onların analiz nəticələrinə uyğun tərtib olunur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin baş mütəxəssisi X8 mütəxəssis qismində dindirilmiş və izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş məlumat əsasında Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən "xxxx" MMC-də monitorinq işləri aparmaq üçün cəmiyyətə yaxınlaşmış, cəmiyyətə nümayəndələrinin iştirakı ilə monitorinq aparılması təklif olunmuş, lakin təxminən 2-3 saat gözlədikdən müəssisənin təsisçisi monitorinq aparılmasında iştirakdan imtina etmişdir. Bundan sonra onlar cəmiyyətin bir başa ərazisindən axıdılan və onun ətrafında əmələ gəlmiş qamışlıq ərazidən tullantı sularından nümunə götürülmüşdür. Qeyd olunan bu nümunə plastik qurğuya bağlanmaqla, stelizə olunmuş qab vasitəsi ilə götürərək, soyuducu ilə təchiz olunmuş avtomobil ilə müvafiq analizlərin aparılması üçün laboratoriya mərkəzinə təhvil verilmişdir. Su nümunəsi birbaşa müəssisədən axıdılan ərazidən götürülmüş, həmin əraziyə başqa hər hansı müəssisə tərəfindən su axıdılması halı aşkar edilməmişdir. Ona görə də, nümunə müxtəlif yerlərdən deyil, yalnız bir yerdən götürülmüşdür. Məhkəmə həmçinin inzibati işlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi ilk öncə həmin müəssisənin tullantısız fəaliyyət göstərən müəssisə olduğunu bildirsə də, sonrakı izahatında onların müəssisəsindən axıdılan tullantı sularının müəssisə daxilində yerləşən germetik sututarda (şamboda) yığıldığını, oradan isə tullantı sularının daşınması ilə bağlı müqavilə bağladıqları MMC tərəfindən avtomaşınla daşındığını bildirmişdir. Lakin nümayəndə tərəfindən tullantı sularının daşınması ilə bağlı müqavilə bağladıqları MMC-nin adı bildirilməmiş, həmin müqaviləni təqdim edəcəkləri bildirilsə də, məhkəməyə yalnız 31 dekabr 2023-cü il tarixli peyinin daşınmasına dair xidmət müqaviləsi və 20 dekabr 2023-cü il tarixli “malların alqı-satqısı haqqında” ŞAK A016/23 saylı müqavilələr təqdim edilmişdir. Sədrlik edən tərəfindən adı çəkilən müqavilənin təqdim edilməsi təklif edilsə də, MMC-nin nümayəndəsi tərəfindən belə bir müqavilə təqdim edilməmişdir. Həmçinin "xxxx" MMC-nin ərazisinə yerli baxış zamanı müəssisə daxilində yerləşən germetik sututarlara (şamboda) baxış keçirilməsinin labüdlüyü bildirilsə də, müəssisənin icraçı direktoru tərəfindən müəssisəyə daxil olunmasına şərait yaradılmamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin götürülmüş su nümunələrində analiz aparmaq səlahiyyətinin olması mübahisələndirilsə də, protokol tərtib etmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 30 dekabr 2020-ci ildə ********** nömrə ilə qeydə alınmış və təsdiqlənmiş "xxxx" MMC-nin Nizamnaməsi təqdim edilmişdir. Həmin Nizamnamənin “Cəmiyyətin məqsədi və fəaliyyət istiqamətləri” adlanan 2-ci fəslinin 2.2.13-cü bəndinə əsasən "xxxx" MMC-nin Xəzər dənizi və onun sahil zolağında yerləşən sənaye obyektlərinin axarlarından, çirklənmə mənbələrindən, təmizləyici qurğularından götürülmüş su, dib çöküntüləri, şlam və qazma məhlulu nümunələri üzərində fiziki-kimyəvi, mikrobioloji və ekotoksikoloji təhlillər aparmaq səlahiyyəti olduğu göstərilmişdir. "xxxx" MMC tərəfindən su nümunələrinin gigiyenik qaydalara uyğun olmadan (əlcəksiz) götürüldüyü, bu səbədən nümunlərdə çirklənmə yarana biləcəyi qeyd olunsa da, iş materiallarına əlavə olunmuş foto-şəkillərdən görünür ki, nümunələr uzun formalı plastik qab vasitəsilə götürülməklə bərabər nümunə götürən şəxsin əli götürülmüş nümunə su ilə ümumiyyətlə təmas etmir. Həmçinin məhkəmə iclasında dindirilmiş mütəxəssis nümayəndənin sualına cavab olaraq bildirmişdir ki, sular plastik qabın içərisinə doldurulduğu üçün qabın xaricindən əlcəksiz əllə tutulsa da, bu su ilə birbaşa təmas etmədiyi üçün əhəmiyyət kəsb etmir. Barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin su nümunələrinin onlarla əlaqəsi olmayan su hövzəsindən götürüldüyünə dair dəlili ilə bağlı məhkəmə qeyd edir ki, su nümunələri götürülən zaman foto-şəkillər çəkilmiş, həmçinin yerində müayinə zaman müəyyən edilmişdir ki, nümunənin götürüldüyü yer müəssisənin şimal hissəsində, hündürlük cəhətdən müəssisədən alçaqda yerləşir və həmin axıntılar birbaşa müəssisədən çıxır, eyni zamanda müəssisə ilə nümunə götürülən hissə arasında hər hansı başqa bir müəssisənin yerləşdiyi gözlə müşahidə olunmur. Həmçinin yerində müayinə zaman müəssisənin icraçı direktoru Yaşar Qasımov axıntının məhz onların ərazisindən axıdıldığını bildirmişdir. Bundan başqa müəssisənin nümayəndəsinin inzibati xəta haqqında protokolun xx.xx.2024-cü il tarixdə tərtib edildiyi halda məhkəməyə nəyə görə xx.xx.2024-cü ildə təqdim edilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(059)-204/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 12 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Yəni əslində protokol birinci dəfə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş, sonradan protokolda olan qüsurlar aradan qaldırıldıqdan sonra yenidən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Bundan başqa protokolu tərtib etmiş orqan tərəfindən "xxxx" MMC-yə aid əvvəlki illərə dair analoji protokollar və təsisçi Y.Qasımovun izahatı təqdim edilmiş, həmin izahatında Yaşar Qasımov tərəfindən su nümunəsi götürülən dərəyə çirkab sularının "xxxx" MMC tərəfindən axıdıldığı bildirmiş, onun barəsində İXM-nin 264.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş və məhkəmə tərəfindən barəsində inzibati cərimə tətbiq edilmişdir. Həmin cərimə təsisçi tərəfindən ödənilmişdir. Bundan başqa Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X10 İXM-nin 239 (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə) və 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddələri ilə təqsirli hesab edilərək 2500 manat cərimə edilmiş və qərar qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər, eləcə də X12 Monitorinq İdarələrinin əməkdaşları tərəfindən 04 iyul 2024-cü il tarixdə keçirilmiş monitorinq zamanı Siyəzən rayonunun Zarat kəndi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus quşçuluq sexi tərəfindən ətraf mühitə axıdılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olmuş, bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa, hazırkı inzibati xəta haqqında iş üzrə aidiyyəti əməkdaşlar tərəfindən monitorinq müəssisə daxilində, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə deyil, "xxxx" MMC-dən kənarda, yəni "xxxx" MMC-yə məxsus Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun sağ tərəfində olan quşçuluq sexinin şimal tərəfdəki torlu hasarından kənarda aparılmışdır. Məhz bu səbəbdən də hazırkı inzibati xəta haqqında iş üzrə araşdırma zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2ci maddəsinin (Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz) tələblərinin pozulmasından söhbət gedə bilməz. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Bu Məcəllənin 84-cü maddəsinə əsasən öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi qadağan edilir. Göründüyü kimi "xxxx" MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması tərəflərin və məhkəmə iclasında dindirilmiş mütəxəssislərin izahatları, məhkəmə tərəfindən tələb edilərək araşdırılmış inzibati araşdırma materialları (akt, foto-şəkillər və işdə olan digər sənədlər) və həmçinin yerində müayinə ilə tam şəkildə təsdiq olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan "xxxx" MMC həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar; 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236-242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini, o cümlədən, törədilmiş inzibati xəta nəticəsində ətraf mühitin ciddi ziyana məruz qalmaqla, bu xətanın insanların sağlamlığına mənfi təsir göstərməsini, "xxxx" MMC-nin müəyyən qədər maliyyə vəsaiti sərf edib ətraf mühitə axıdılan zərərli maddələrin qarşısını almaq əvəzinə, maraqlarını təmin etməklə, maliyyə üstünlüyü əldə etməsini, habelə inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, yəni, ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən dəfələrlə artıq olmasını, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC-yə İXM-nin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddindən artıq miqdarda cərimə tətbiq edilməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 11000 (on bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-1/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-1/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver