Məhkəmə qərarları › İş №3(059)-10/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-10/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-10/2023 15.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Teymur Yaqubov küçəsi, ev 7, Döngə 2 olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 518.1-Cİ maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə X2 Yanğın Nəzarət Xidməti Şimal regional X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, 26 yanvar 2023-cü il tarixdə keçirilmiş planlı yanğın-texniki müayinə zamanı Şəxs MMC-nin Siyəzən şəhərinin B.Səfəroğlu küçəsində yerləşən X4 Zavodunda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin, o cümlədən YTQ N01-2001 bənd 5.3, 6.5, 6.1, 8.1, 8.3, 10.1, 10.4 və YTQ N03-2002 bənd 1.8.4, 1.8.5, 1.8.7, 2.1.1, 2.2.2, 3.1, 4.19.7.3, 1.6, 3.5.16 tələblərinin pozulduğu aşkar edilmişdir. Buna görə də, Azərbaycan Respublikası Fövqəladə X2 Yanğın Nəzarət Xidməti Şimal regional X3 İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 26 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs MMC tərəfindən İXMnin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 10 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə X2 Yanğın Nəzarət Xidməti Şimal regional X3 İdarəsi tərəfindən Şəxs MMC-nin Siyəzən şəhərinin B.Səfəroğlu küçəsində yerləşən X4 Zavodunda planlı yanğın-texniki müayinənin aparılması haqqında 102 nömrəli qərar qəbul edilmiş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan 23 yanvar 2023-cü il tarixli, KY231875670 saylı çıxarışa əsasən qeyd olunan MMC-yə aid Siyəzən şəhərinin B.Səfəroğlu küçəsində yerləşən obyektdə plan üzrə 23-27 yanvar 2023-cü il tarixlərdə müayinənin aparılmasına icazə verilmiş, habelə müayinə zamanı YTQ N01-2001 bənd 5.3, 6.5, 6.1, 8.1, 8.3, 10.1, 10.4 və YTQ N03-2002 bənd 1.8.4, 1.8.5, 1.8.7, 2.1.1, 2.2.2, 3.1, 4.19.7.3, 1.6, 3.5.16 tələblərinin pozulduğu aşkar edilməklə, müvafiq fotoşəkillər çəkilmiş, yol verilmiş nöqsanlar barədə 26 yanvar 2023-cü il tarixdə 102 nömrəli yanğın-texniki müayinə aktı tərtib edilməklə, yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə eyni tarixli qərar qəbul edilmiş, habelə Şəxs MMC-nin nümayəndəsi (sahə rəisi) X1 yol verilmiş nöqsanlarla razı olduqlarını və aradan qaldırılacağını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sözügedən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd olunan Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yenə bu Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasında “Yanğın təhlükəsizliyi qaydaları”nın 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları (sonradan - Qaydalar) Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi tələblərini müəyyən edir. Bu qaydaların tələblərinə riayət edilməsi təşkilatı hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi şəxslər, onların vəzifəli şəxsləri Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-yə inzibati cərimə şərti olaraq tətbiq edilməli və qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, MMC bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilməli, həmçinin həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırıldıqda, bu müddət ərzində məhkəməyə məlumat verilməlidir. İXM-nin 115.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərarda inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs MMC-yə bu cərimə şərti olaraq tətbiq edilsin və qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxs MMC bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırıldıqda, bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar