Məhkəmə qərarları › İş №3(059)-100/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-100/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-100/2021 05.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxx 1972-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, təqaüdçü, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 aprel 2021-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən şəhər 1 saylı tam orta məktəbin həyətindən tapdığı narkotik vasitə olan kokosdan yaşadığı evdə ineksiya yolu ilə dəri altına vurmaqla istifadə etmiş, bundan sonra, 27 aprel 2021-ci il tarixdə, saat 17:50 radələrində yaşadığı ünvan 1 ünvanında saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan kokosdan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 05 may 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xeyli müddət olar, narkotik vasitə “kokosdan” istifadə edir. Sonuncu dəfə 26 aprel 2021-ci il tarixdə yaşadığı evdən çıxaraq Siyəzən şəhər 1 saylı tam orta məktəbin həyətinə daxil olmuş, orada yerdə olan siqaret kağızındakı bükülünü götürüb açdıqda içərisində narkotik vasitə “kokos” olduğunu görmüş və şəxsi istifadəsi məqsədilə götürmüşdür. Elə həmin gün təxminən saat 16 radələrində tapdığı narkotik vasitə “kokos”u yaşadığı evin hamamında ineksiya yolu ilə dəri altına vurmaqla istifadə etmiş və o gündən sonra hər hansı bir narkotik vasitədən istifadə etməmişdir. Daha sonra, 27 aprel 2021-ci il tarixdə, saat 17:50 radələrində yaşadığı ünvan 3 ünvanında saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Narkotik vasitələrdən istifadə etməsinin müəyyənləşdirilməsi məqsədilə onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun sidiyindən götürülmüş analizdən narkotik vasitə olan kokosdan istifadə etməsi aşkar edilmişdir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədinin nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 26 aprel 2021-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən şəhər 1 saylı tam orta məktəbin həyətindən tapdığı narkotik vasitə olan kokosdan yaşadığı evdə ineksiya yolu ilə dəri altına vurmaqla istifadə etmiş, bundan sonra, 27 aprel 2021-ci il tarixdə, saat 17:50 radələrində yaşadığı ünvan 1 ünvanında saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan kokosdan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər X1 hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 27 aprel 2021-ci il tarixli, A/336 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə olan kokosdan istifadə etməsi aşkar edilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan, eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Şəxs İİ qrup əlil kimi 259,78 manat əlilliyə görə müavinət alır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi, İİ qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İXM-nin 30-cu maddəsinin İİ hissəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar məhkum olunmasına baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək niyyətinin olmamasını və islah olunmamasını, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 400 (dörd yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar