Məhkəmə qərarları › İş №3(059)-100/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-100/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-100/2022 16.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 iştirakları ilə xx xxxxxx 1963-cü il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 24 yanvar 2019-cu il tarixdə verilmiş 2(105)-1902/2018 saylı icra vərəqəsinə əsasən 19632 manat pul, həmçinin 45 manat dövlət rüsumunu, eləcə də Siyəzən Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(059)-110/2022 saylı icra vərəqəsi üzrə borcları ödəmir. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərəfindən 16 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs barəsində icra sənədləri şöbənin icraatına daxil olmuş, o cümlədən sonuncudan Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 24 yanvar 2019-cu il tarixdə verilmiş 2(105)-1902/2018 saylı icra vərəqəsinə əsasən 19632 manat pul, həmçinin 45 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Digər icra sənədi, yəni Siyəzən Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(059)-110/2022 saylı icra vərəqəsi üzrə borclu Şəxs tələbkar "xxxx" MMC-nin xeyrinə cəmi 42207,50 manat pul alınaraq ödənilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra 26 aprel 2022-ci il tarixdə borclu Şəxs şöbəyə dəvət olunaraq, izahatı alınmış və ona icra üçün könüllü müddət verilmişdir. Bu müddətin keçməsinə baxmayaraq, borc ödənilməmişdir. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, məhkəməyə təqdim olunmuşdur. Tələbkar "xxxx" MMC hal-hazırda şöbəyə ərizə təqdim edərək, iclasın onların iştirakları olmadan keçirilməsini xahiş etmiş, "xxxx" MMC-nin nümayəndəsi isə iştirak edə bilməyəcəklərini qeyd etməklə, pulun ödənilməsini tələb etmişdir. Borclunun adına nəqliyyat vasitəsi aşkar olunsa da, həmin avtomaşın "xxxx" ASC-də ipoteka predmeti kimi yüklü olmaqla, ona ASC-nin tələbkar olduğu icra sənədi üzrə tutma yönəldilmişdir. Hazırda əsas məqsəd pulun ödənilməsi olduğundan, tələbkarlar borclunun həbsində maraqlı deyildirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, sözügedən pul məbləğləri onda deyil, kənar şəxslərdə, o cümlədən Vaqif və Elşən adlı şəxslərdədir. Həmin şəxslərdən pullarını ala bilmədiyindən borcları ödəyə bilmir. Bundan əlavə, oğlu Kənan Əhmədovun “Siyəzən Palace” şadlıq sarayında 24 iyun 2022-ci il tarixdə toyu olacaqdır. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxslər "xxxx" MMC-yə və "xxxx" MMC-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, onlar səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, "xxxx" MMC bunun səbəbləri barədə məhkəməyə məlumat verməsə də, "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 24 yanvar 2019-cu il tarixdə verilmiş 2(105)-1902/2018 saylı və Siyəzən Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(059)-110/2022 saylı icra sənədləri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmışdır. Qeyd edilən icra sənədləri 13 iyun 2022-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən, o cümlədən dəvətnamədən görünür ki, Şəxs oğlu Kənan Əhmədovun “Siyəzən Palace” şadlıq sarayında 24 iyun 2022-ci il tarixdə toy məclisi olacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, həmçinin, əməlindən səmimi peşmançılıq çəkməsi, kifayət qədər yaşının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, kifayət qədər yaşının olmasını, təqsirinin dərəcəsini, yaxın günlərdə oğlunun toy mərasiminin baş tutacağını, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, və yuxarıda qeyd edilən yüngülləşdirən halın mövcud olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar