Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-100/2025 05.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X4 iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işəgötürən X3 yanında operator vəzifəsində işləyən, Siyəzən şəhərinin Babək küçəsindəki 29 nömrəli evdə qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə inzibati xətaları törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdim: Şəxs 04 fevral 2025-ci il tarixdə, saat 23:20 radələrində Təcili və X7 X2 Məntəqəsində ucadan nalayiq söyüşlər söymüş və polisin qanuni tələblərinə qəsdən tabe olmamış və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 04 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa, o, 04 fevral 2025-ci il tarixdə, saat 23:20 radələrində Təcili və X7 X2 Məntəqəsində ucadan nalayiq söyüşlər söymüş və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 04 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Siyəzən Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 3(059)-100/2025 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-100/2025 və 3(059)- 101/2025 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-100/2025 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş vəzifəli şəxs, Siyəzən Rayon Polis Şöbəsinin polis sahə rəisi X8 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin PPXB-dən daxil olmuş raport və ərizə əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokollar tərtib edərək, baxılması üçün məhkəməyə təqdim etmişdir. Belə ki, Şəxs Təcili və X7 X2 Məntəqəsində ucadan nalayiq söyüşlər söymüş, habelə məntəqəyə yaxınlaşmış polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 04 fevral 2025-ci il tarixdə yaşadıqları evdə, sərxoş vəziyyətdə arvadı X5 ilə aralarında yaranmış münaqişə nəticəsində sonuncunun üzərinə bıçaq çəksə də, bunu qorxutmaq məqsədi ilə etmişdir. Bununla belə, azyaşlı uşaqları bu münaqişənin qarşını almaq istəyərkən, müdaxilə nəticəsində bıçaq arvadının qol nahiyəsinə dəymiş, nəticədə sonuncu qolundan xəsarət almışdır. Bundan sonra, arvadı azyaşlı övladı ilə Təcili və X7 X2 Məntəqəsində getmiş, habelə bir qədər sonra özü də, bu məntəqənin həyətinə gəlmişdir. Beləliklə, məntəqənin həyətindəki pəncərədən içəriyə baxarkən arvadının qoluna sarğı bağlanıldığını görsə də, içəriyə daxil olub, arvadını aparmaq üçün gəldiyini bildirdiyində, iki nəfər xanım işçi birincinin orada olmadığını qeyd etmişdir. Bununla belə, arvadının qapısı bağlanmış otaqda olduğunu bildirib, sonuncunu aparmaq üçün qapını sındırmalı olacağını qeyd edərkən, orada olan şəxslər onun üzərində bıçaq olduğunu deyib, səs-küy salmağa başlamışlar, habelə bu barədə polisə də məlumat vermişlər. Bir qədər sonra, oraya gəlmiş polis əməkdaşları üzərini axtarsalar da, bıçaq aşkar edilməmiş, habelə birincilər tərəfindən rayon Polis Şöbəsinə aparılmışdır. O, sərxoş vəziyyətdə xəstəxananın həyətində həm arvadını, həm də polis əməkdaşlarını söymüş, habelə onu şöbəyə dəvət edərkən evə getmək istədiyini bildirib onlara tabe olmamışdır. Bundan başqa onun hər hansı polis əməkdaşı ilə münaqişəyə girməsini, sonuncuya və ya digər polis əməkdaşlarına bıçaqla və ya hərhansı formada xəsarət yetirməsini xatirlamır. Hazırda əməlindən peşman olduğunu və himayəsində dörd uşağının olmasının nəzərə alınaraq barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, o, 13 ildir Şəxs ilə ailəlidir, sonuncu bu müddət ərzində ailədə daima münaqişə yaratmışdır. 04 fevral 2025-ci il tarixdə əri Şəxs sərxoş vəziyyətdə evə gəlmiş, habelə onunla münaqişə yaratmağa, onu nalayiq ifadələr ilə təhqir etməyə başlamış, həmçinin stəkanı stolun kənarına vuraraq sındırıb, sınıq stəkanı onun sifət nahiyəsinə atmış və nəticə üz nahiyəsi qanamağa başlamışdır. Bundan sonra, ərinin evdə saxladığı bıçağını axtardığını görüb, evdən çıxmış, sonuncu arxası ilə gələrək, onu yerə yıxmış, əlindəki bıçaqla qoluna, bədənin müxtəlif yerlərinə şillə, təpiklə xəsarət yetirməyə başlamışdır. Bununla belə, ərini sakitləşdrib, yaşadıqları evə aparsa da, bir qədər sonra, əri bıçağını tapa bilmədiyi üçün yenidən münaqişə yaratmağa başlamışdır. Daha sonra Şəxs mətbəxdən götürdüyü bıçağın küt olduğunu görüb, ovuc daşlayıcı alətlə (laqunda ilə) bıçağı itiləməyə cəhd edərkən, evdən qaçmışdır. Beləliklə, Təcili və X7 X2 Məntəqəsinə getmiş, orada qollarına sarğı bağlanmışdır. Lakin, bir qədər sonra, oraya gəlmiş əri onu ucadan nalayiq ifadələr ilə təhqir etmiş, səs-küy salmağa başlamışdır. Bundan sonra, oraya çağırılmış polis əməkdaşları ərini rayon Polis Şöbəsinə aparmışlar. Qeyd edir ki, əri polis əməkdaşlarına da tabesizlik göstərmiş, sonuncular ilə birlikdə getməkdən yayınmışdır. Bundan sonra özü də, RPŞ-yə gedərək şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin Növbətçi hissəsi polis nəfəri-sürücüsü X9 izahatında göstərdi ki, 04 fevral 2025-ci ildə tarixdə xidmətdə olarkən növbətçi hissədən əməliyyat qrupunun Təcili və X7 X2 Məntəqəsinə getməli olması barədə məlumat daxil olmuşdur. Beləliklə, məntəqəyə gedərkən Şəxs ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyinin, orada işləyən həkim və tibb bacıları ilə mübahisə etdiyinin şahidi olmuşdur. Şəxs sakitləşdirib, nizam-intizama dəvət etməyə cəhd etsələr də, sonuncu buna məhəl qoymayaraq, öz əməllərini davam etdirmişdir. Bundan sonra, oraya PPXB-ün əməkdaşları dəvət olunmuş və sonuncuların köməkliyi ilə Şəxs rayon Polis Şöbəsinə aparılmışdır. Məhkəmə iclasında iştirak edən şahid Siyəzən RPŞ-nin PPXB-ün polis nəfəri X6 digər şahid Ayaz Fərzəliyevin izahatına uyğun, eyni məzmunlu izahat verməklə, baş vermiş inzibati xəta hadisəsini bir daha təsdiqləmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş şəxsin, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 29 may 2012-ci il təvəllüdlü Məhəmmədəli, 10 yanvar 2014-ci il təvəllüdlü Əkbər, 31 oktyabr 2017-ci il təvəllüdlü Həzrət və 13 mart 2021-ci il təvəllüdlü Zəhra adında iki yetkinlik yaşına çatmayan və iki azyaşlı övladı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni vaxtda öz əməli ilə iki inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin yarısı həddinə inzibati həbs təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş materiallarına əlavə edilmiş 04 fevral 2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, xx xxx 1991-ci il təvəllüdlü Şəxs 04 fevral 2025-ci il tarixdə, saat 23:30-dan inzibati qaydada tutulmuşdur. Qeyd edirəm ki, Şəxs 04 fevral 2025-ci il tarixdə, saat 23:30-da faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində İXM-nin 31.4 və 34.3-cü maddələri tətbiq olunmaqla 15 gün müddətində inzibati həbs tətbiq edilməli, həbs etmənin əvvəli tutulduğu 04 fevral 2025-ci il, saat 23:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 34.3, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli tutulduğu 04 fevral 2025-ci il tarixdən saat 23:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-100/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-100/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver