Məhkəmə qərarları › İş №3(059)-102/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-102/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-102/2025 17.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25819294 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25819294 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə, barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təyin edilmiş cərimənin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin 31 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25819294 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Belə ki, EQ seriyalı, 25819294 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, o, 31 yanvar 2025-ci il tarixində, saat 09:59-da Şabran rayonu, Mollakamallı kəndi Bakı istiqamətində MAN TGX 18.440 Yük markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iri qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 600 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Bildirir ki, yazılmış cərimə əsassızdır. Belə ki, ərizəyə əlavə etdiyi sənəddən də, göründüyü kimi 31 yanvar 2025-ci il tarixdə, saat 08:27 radələrində avtomobilə yüklədiyi 40400 kiloqram çəki ilə ərazidən çıxmışdır. Kamera görüntülərində limit 40 ton, idarə etdiyi avtomobilin yükü isə 42760 kiloqram kimi qeyd edilmişdir. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobillər üçün nəzərdə tutulmuş tərəziyə çıxarılmamışdır. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Hesab edir ki, tərəfindən Azərbaycan Respublikası İXM-nin 353.2ci maddəsinin tələbləri pozulmamışdır. Odur ki, barəsində elektron qaydada tərtib edilmiş 31 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25819294 nömrəli inzibati xəta haqqında protokol və eyni zamanda qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və əsassız yazılmış cərimə silinməlidir. Qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verməklə, əlavə olaraq izahatında göstərdi ki, hadisə vaxtı yük avtomobilində daş tozu daşımış, həmçinin avtomobili karxanada yükləndikdən sonra çəkilmiş, habelə bu barədə ona qəbz təqdim edilmişdir. Bununla yanaşı, karxanada olan tərəzinin sertifikatının olub-olmaması barədə məlumatı olmasa da, hesab edir ki, barəsində protokol tərtib olunmasına əsas olunmuş xüsusi texniki vasitə işlək vəziyyətdə olmamışdır. Sədrlik edənin suallarına cavab olaraq şikayət verən şəxs bildirmişdir ki, qanunla yol verilən çəki həddinin 40 ton olmasından xəbərdardır. Lakin inzibati qaydada cərimə olunması ilə bağlı beş faiz güzəşt mövcuddur. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını və barəsində elektron qaydada tərtib edilmiş 31 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25819294 nömrəli inzibati xəta haqqında protokol və eyni zamanda qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və təyin edilmiş cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatını iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən 31 yanvar 2025-ci il tarixdə tərtib edilmiş EQ seriyalı, 25819294 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X5 31 yanvar 2025-ci il tarixdə, saat 09:59-da “MAN TGX18.440 YÜK” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Şabran rayonun Mollakamallı kəndi ərazisindən keçən Bakı-Quba yolunun 129ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “VELVELE” başlıqlı 158571 saylı qaimədən görünür ki, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixdə saat 08:27-də boş çəkisinin 13200 kiloqram, net çəkisinin 27200 kiloqram, dolu çəkisinin 40400 kiloqram olması qeyd edilmiş və həmin qaimə operator tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 52-ci bəndinə əsasən iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarının ümumi müddəalarının 3-cü bəndinə əlavə edilmiş 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya malik olan avtomobilin ümumi kütləsi 40 ton həddi aşmamalıdır. Məhkəmə iş materiallarını və yuxarıda göstərilən qanunvericilik normalarını qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, X3 31 yanvar 2025-ci il tarixdə, saat 09:59-da “MAN TGX18.440 YÜK” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Şabran rayonun Mollakamallı kəndi ərazisindən keçən Bakı-Quba yolunun 129-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən 40 ton kütlə parametrlərini 2760 kiloqram aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozmuş və bu hal 9835A hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsilə qeydə alınmış və həmin məlumatlar foto və videoçəkilişi ilə birlikdə Azərbaycan Respublikası DİN BDYP İdarəsinin elektron sisteminə inteqrasiya edilmişdir. Bundan sonra X3 barəsində mübahisəli inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət müəyyən edilməsi göstərilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, X3 tərəfindən İXM ilə yol verilən 5 faiz artıq yük kütləsi də aşılmış və onun çəkisi 42760 kiloqram olmaqla inzibati xətaya yol vermişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Tərlan Məmmədov şikayət ərizəsinə sübut kimi yalnız yükün yola çıxmazdan əvvəl ölçülməsi ilə bağlı “VELVELE” başlıqlı 158571 saylı qaiməni əlavə etmişdir ki, həmin qaiməyə nəzər saldıqda həmin qaimənin imzalanmadığı, həmçinin həmin qaimənin kim tərəfindən və hansı əsasla verildiyi göstərilməmişdir. Məhkəmə iclasında Tərlan Məmmədov həmin qaimənin avtomobilinə yük vurduğu karxananın tərəzisində çəkilərək verildiyi bildirilsə də, həmin tərəzilərin lisenziyasının olub-olmaması barədə məhkəməyə hər hansı sübut təqdim etməməklə yanaşı, bu barədə suala tərəzinin sertifikatının olub-olmamasının bilmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, hətta həmin qaimə sübut kimi qəbul edilsə belə, həmin qaimədə Tərlan Məmmədov tərəfindən avtomobilin yük yerindən çıxarkən 40400 kiloqram olmaqla qanunla yol verilən 40000 kq çəki həddinin aşıldığı müəyyən edilmiş və bu hal onun özü tərəfindən də etiraf edilmişdir. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, X2 şikayətində irəli sürdüyü dəlillər onun subyektiv mülahizələrinə əsaslanmaqla onun tərəfindən dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25819294 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1nun göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 31 yanvar 2025ci il tarixli, EQ seriyalı, 25819294 saylı qərarının ləğv edilməsi barədə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 tərəfindən verilmiş şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar