Məhkəmə qərarları › İş №3(059)-105/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-105/2021

23.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-105/2021 23.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 21 aprel 2021-ci il tarixli, MN serıyalı ******* saylı qərarının ləğv edilməsinə dair X5 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X15 tərəfindən qəbul edilmiş 21 aprel 2021-ci il tarixli, MN serıyalı ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsini müdafiə edərək izahatında göstərdi ki, hazırda “xxxx” MMC-nin direktoru vəzifəsində işləyir. “xxxx” MMC ilə “xxxx” MMC arasında olan müqaviləyə əsasən sonuncu təşkilat onlara iri qabaritli yük avtomobillərini icarəyə vermişdir. O isə rəhbərlik etdiyi şirkətin fəaliyyət planına əsasən icarəyə götürülmüş yük avtomobilləri ilə yük daşınması fəaliyyətinə nəzarət edir. “xxxx” ASC ilə aralarında olan şifahi razılaşmaya əsasən rəhbərlik etdiyi şirkət “xxxx” ASC-yə Siyəzən rayon Yenikənd Bələdiyyəsinin hüdudları daxilində yerləşən karxanadan süxur (qarışıq) kütləsi daşımaqla təhvil verməli idi. Lakin, o, “xxxx” ASC-dən qeyd edilən xidmətlərin göstərilməsi məqsədilə aralarında rəsmi müqavilə bağlanmasını tələb etmiş, həmin şirkət buna etiraz etməyərək, xidmət göstərilmə tezliyinin təmin edilməsi üçün yük avtomobillərinin sözügedən (karxana) əraziyə gətirilməsini xahiş etmiş və rəsmi müqaviləni isə qısa zamanda bağlayacaqlarını bildirmişlər. Belə olan halda, o, 19 avqust 2020-ci il tarixdə icarədə olan yük avtomobillərinin Siyəzən rayon Yenikənd Bələdiyyəsinin hüdudları daxilində yerləşən karxanaya aparılması barədə göstəriş versə də, göstəriləcək xidmətə yalnız rəsmi müqavilə bağlanılacağı təqdirdə icazə verəcəyini bildirmişdir. Beləliklə, yük avtomobilləri qeyd edilən əraziyə getmiş, orada yük avtomobillərinin saxlanması üçün münasib məkan olmadığından, (avtomobillərin sayı və geniş ərazi zəbt etməsi baxımından, eyni zamanda, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməmək məqsədilə) avtomobillər 19 və 20 avqust 2020-ci il tarixlərdə Siyəzən rayon Yenikənd Bələdiyyəsinin hüdudları daxilində yerləşən karxanada saxlanılmışdır. Bundan əlavə, rəhbərlik etdiyi şirkətə icarə müqaviləsi əsasında verilmiş yük avtomobilləri orada heç bir yükdaşıma həyata keçirməmiş, həmin ərazinin karxana olması və oradan süxur kütləsinin daşınması isə əvvəllər başqa şəxslər tərəfindən həyata keçirilmişdir ki, bu hal da, iş materiallarında olan fotoşəkillərdən də aydın şəkildə görünür. Beləliklə, 20 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 yük avtomobillərinin saxlandığı yerə gələrək guya rəhbərlik etdiyi şirkətin avtomobillərinin sözügedən ərazidən süxur kütləsi (qarışıq) daşımasını özündə ehtiva edən elə həmin tarixli qanunsuz akt tərtib etmişdir. Belə ki, bu aktın qanunsuzluğu iştirakçılar tərəfindən imzalanmaması (Elşən Mirzəyev həmin ərazidə istər ərazi bələdiyyəsinin sədrinə, istərsə də, digər şəxslərə akta imza etməyi təklif etsə də, heç kim qanunsuz akta imza etməmişdir), yalnız tərtib edənin imzası ilə təsdiq edilməsi və törədilməsi ehtimal edilən inzibati xətanın baş vermə faktının sübuta yetirilməməsindən də görünür. Bundan sonra, bir müddət keçməsinə rəğmən Elşən Mirzəyev ona zəng edərək Xaçmaz rayonunun inzibati ərazisində yerləşən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsini tələb etmiş, o da öz növbəsində bu halın araşdırılması məqsədilə sözügedən idarəyə getmişdir. Həmin İdarədə olarkən Elşən Mirzəyev və digər əməkdaşlar tərəfindən psixoloji təsirə məruz qalmış, belə ki, ona “gəl bir izahat yaz, izahatda göstər ki, mən yük avtomobillərinin saxlandığı ərazinin qanunsuz karxana sahəsi olduğunu bilirdim və eləcə də, həmin ərazidən süxur kütləsinin daşınmasının da qanunsuzluğundan məlumatlı idim, törətdiyim əmələ görə peşmanam və bir daha belə əməllərə yol verməyəcəm” məzmunlu izahat yazması təklif olunmuş, əks təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi və vəziyyətinin daha da ağırlaşacağını bildirmişlər. O, nə səbəbdən etmədiyi əmələ görə məsuliyyətə cəlb edilmə ehtimalını soruşmuş, onlar isə cavabında “sən bu izahatı yazsan inzibati məsuliyyətə cəlb ediləcəksən, yazmasan, işi vercəyik prokurorluğa” deyə bildirmişlər. Belə olan halda, o, yaranmış vəziyyətdən çıxış yolunu yalnız onların diktə etdikləri izahatı yazmaqda görmüş və çarəsiz vəziyyətdə bu halla razılaşaraq sözügedən izahatı yazmış, lakin, özlüyündə baş vermiş qanunsuzluğun araşdırılması məqsədilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmək barədə düşünmüşdür. Daha sonra, ona bir neçə sənədlərə imza etdirilmiş, lakin, imza etdiyi sənədlərin məzmunu və mahiyyəti barədə heç bir məlumat verilməmiş, eləcə də, ona rəsmi şəkildə heç bir sənəd təqdim edilməmişdir. Eyni zamanda, törədilməsi ehtimal edilən inzibati xəta ilə bağlı aparılan araşdırmadan da məlumatsız olmuşdur. Belə ki, o, 09 sentyabr 2020-ci il tarixdə ünvanlanmış məktub (halbuki, həmin məktubla 15 sentyabr 2020-ci il tarixə saat 10:30-da idarəyə dəvət edilmişdir) vasitəsilə dəvət edilmiş, lakin, sözügedən məktub ona 26 oktyabr 2020-ci il tarixdə formal olaraq imza etdirilmişdir. Elə bu halın özü araşdırmanın qərəzli olmasını deməyə əsas verir. Beləliklə, qanuni araşdırma aparmadan barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X8 tərəfindən 11 noyabr 2020-ci il tarixdə, (törədilməsi ehtimal edilən hadisənin baş verməsindən 2 ay yarımdan çox müddət keçdikdən sonra) MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında isə (protokolun tərtib edildiyi vaxtdan 5 ay yarımdan çox müddət keçdikdən sonra) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev tərəfindən 21 aprel 2021-ci il tarixli, MN serıyalı ******* saylı qərarı ilə barəsində 2500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, istər barəsində tərtib edilmiş protokoldan, istərsə də, qəbul edilmiş qərardan məlumatının olmaması, mübahisələndirdiyi qərarı 16 may 2021-ci il tarixdə özünün təşəbbüsü əsasında əldə etməsi aparılan araşdırmanın qanunazidd və qərəzli xarakter daşıdığını bir daha sübut edir. Çünki, belə olmasaydı, o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada barəsində aparılan araşdırmada iştirak edər, eyni zamanda, qəbul edilmiş prosessual sənədlərlə bağlı vaxtında məlumatlandırılardı. Bu hallar qərar qəbul etmiş orqanın öz hərəkətlərinin qanunsuz olduğunu bilməsinə və qanunsuz qəbul edilmiş qərarın icra edilməsində maraqlı olmasına dəlalət edir. Odur ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 şikayəti qəbul etməyərək izahatında bildirdi ki, 20 avqust 2020-ci il tarixdə Siyəzən rayon Yenikənd Bələdiyyəsinin hüdudları daxilində dövlət fondu ərazisindən lazımı icazə olmadan qanuni karxana sahəsi olmayan ərazidən süxur (qarışıq) kütləsinin daşınmasını müəyyən etmişdir. Qeyd edilən ərazidən başqa şəxslər tərəfindən əvvəllər də, süxur kütlələri daşınmışdır. Lakin 19-20 avqust 2020-ci il tarixlərdə isə qeyd edilən ərazidən daşınan süxur kütlələri məhz “xxxx” MMC-yə “xxxx” MMC tərəfindən müqavilə əsasında icarəyə verilmiş iri qabaritli yük avtomobilləri vasitəsilə həyata keçirilmişdir. Aşkar edilmiş qanunsuzluğun rəsmiləşdirilməsi məqsədilə tərəfindən 20 avqust 2020-ci il tarixdə 61903 saylı akt tərtib edilmişdir. Aktın doğruluğunu təsdiq etmək məqsədilə orada olan şəxslərə imzalanmasını təklif etsə də, sonuncular bununla razılaşmamış, aktı imzalamaqdan imtina etmişlər. Ərazi yüksəklikdə yerləşdiyindən, orada “xxxx” ASC-nin və “xxxx” MMC-nin işçilərindən başqa hər hansı kənar şəxslər olmadığından (həmin şəxslər isə aktı imzalamaqdan imtina etmişlər), müvafiq aktın imzalanması üçün ərazinin bələdiyyə sədrinə etdiyi müraciəti də nəticəsiz qalmışdır. Beləliklə, məcburiyyət qarşısında aktı özü imzalamaqla təsdiq etmişdir. Daha sonra, baş vermiş inzibati xəta hadisəsinin araşdırılması məqsədilə “xxxx” MMC-nin direktoru vəzifəsində işləyən X6 mobil telefon vasitəsilə məlumat verərək, sonuncunu 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət etmişdir. Ramin Əsgərov idarədə olarkən ona baş vermiş inzibati xəta hadisəsinin mahiyyəti izah edilmiş, bununla bağlı müvafiq araşdırma aparılacağı bildirilmişdir. Eyni zamanda, Ramin Əsgərovdan törədilən inzibati xəta hadisəsi ilə bağlı müvafiq izahat alınmış, o, izahatında təqsirini etiraf edərək, bir daha belə əməllərə yol verməyəcəyini bildirmiş və bu zaman sonuncuya hər hansı psixi təsir və təzyiq göstərilməmişdir. Bundan başqa, Ramin Əsgərov barəsində aparılacaq araşdırma ilə bağlı dəfələrlə idarəyə çağırılmış (istər mobil telefon, istərsə də rəsmi məktub əsasında), lakin, şikayətçi çağırışlara gəlməmiş, gəlməmə əsası kimi atasının COVİD 19 virusuna yoluxduğunu, onu tək qoya bilmədiyini bildirmişdir. Beləliklə, X10 19-20 avqust 2020-ci il tarixlərdə Siyəzən rayon Yenikənd Bələdiyyəsinin hüdudları daxilində dövlət fondu ərazisindən lazımı icazə olmadan qanuni karxana sahəsi olmayan ərazidən 3000 m3 həcmində süxur (qarışıq) kütləsi götürməklə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tərəfindən 11 noyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol əsasında isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayevin 21 aprel 2021-ci il tarixli, MN serıyalı ******* saylı qərarı ilə barəsində 2500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra, Ramin Əsgərov dəfələrlə barəsində tərtib edilmiş protokolun və qərarın rəsmi şəkildə təqdim edilməsi məqsədilə də idarəyə çağırılmış (mobil rabitə vasitəsilə) sonuncu bu zaman da çağırışlara gəlməmiş, atasının hələ sağalmadığını və yenidən gələ bilməyəcəyini bildirməklə qərarı və protokolu qəbul etməkdən də yayınmış və nəticədə qərar mobil vatsap proqramı vasitəsilə ona göndərilmişdir. Hadisənin baş vermə vaxtı ilə inzibati xəta haqqında protokolun tərtib edilmə vaxtı arasındakı müddət pozuntusu da, məhz Ramin Əsgərovun yuxarıda qeyd etdiyi səbəbdən gəlməməsi və araşdırmanın aparılmasına maneə törətməsi səbəbindən olmuşdur. X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunvericilikdə nəzərdə tutulmuş müddətin keçməsi ilə qəbul edilməsinə münasibətdə isə, qeyd edir ki, qərar vermək onun səlahiyyətlərinin imkanı xaricində olduğundan bununla bağlı hər hansı münasibət bildirmək iqtidarında deyildir. Hesab edir ki, aparılan araşdırma və qəbul edilən qərar qanunamüvafiqdir və odur ki, şikayətin təmin edilməməsini və mübahisəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X8 tərəfindən tərtib edilmiş 11 noyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X10 19-20 avqust 2020-ci il tarixlərdə Siyəzən rayon Yenikənd Bələdiyyəsinin hüdudları daxilində dövlət fondu ərazisindən lazımı icazə olmadan qanuni karxana sahəsi olmayan ərazidən 3000 m3 həcmində süxur (qarışıq) kütləsi götürməklə, Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayevin 21 aprel 2021-ci il tarixli, MN serıyalı ******* saylı qərarından görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə sonuncu barəsində 2500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X8 tərəfindən tərtib edilmiş 20 avqust 2020-ci il tarixli, 61903 saylı aktdan görünür ki, Siyəzən rayon Yenikənd Bələdiyyəsinin hüdudları daxilində dövlət fondu ərazisindən lazımı icazə olmadan qanuni karxana sahəsi olmayan ərazidən süxur (qarışıq) kütləsi daşınması ilə əlaqədar əraziyə baxış keçirilmiş, süxur (qarışıq) kütləsinin ** JK ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JR ***, ** JX *** və ** JX *** nömrəli yük avtomobillərinə yükləndiyi və daşındığı müşahidə olunmuşdur. Ərazidən 355 metr məsafədə “Gilgilçay” tarixi səddi, 400 metr məsafədə Gilgilçay çayı, 435 metr məsafədə “Taxta körpü- Ceyranbatan” su kanalı, 700 metr məsafədə Bakı-Quba-Rusiya Federasiyası magistral yolu yerləşir. “xxxx” MMC-yə icarə əsasında məxsus olan ekskavatoru idarə edən X11, eyni zamanda, “xxxx” MMC-nin sahə rəisi X7 şifahi şəkildə süxur kütlələrinin “xxxx” ASCnin sifarişi ilə daşındığını bildirmişdir. Eləcə də, özünü “xxxx” ASC-nin nümüyəndəsi kimi təqdim etmiş X3 kütlələrinin “xxxx” MMC-yə icarə əsasında məxsus yük avtomobilləri vasitəsilə 4 gün ərzində daşındığını bildirmişdir. Araşdırma zamanı aşkar edilmiş qanun pozuntusunu öz imzaları ilə təsdiq etməli olan şəxslər akta imza etməkdən imtina etmişlər. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “xxxx” MMC-nin direktoru X6 ünvanlanmış 09 sentyabr 2020-ci il tarixli, 1430 saylı (26 oktyabr 2020-ci il tarixdə Ramin Əsgərov tərəfindən imza etməklə qəbul edilmiş) məktubdan görünür ki, sonuncunun 19-20 avqust 2020-ci il tarixlərdə Siyəzən rayon Yenikənd Bələdiyyəsinin hüdudları daxilində dövlət fondu ərazisindən lazımı icazə olmadan qanuni karxana sahəsi olmayan ərazidən süxur (qarışıq) kütləsi götürməklə, təbiətə 37800 manat məbləğində ziyan vurulması ilə əlaqədar 15 sentyabr 2020-ci il tarixdə müvafiq araşdırma aparılması məqsədilə idarəyə dəvət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X8 tərəfindən tərtib edilmiş 20 avqust 2020-ci il tarixli, 61903 saylı təbiətə dəymiş ziyanın məbləğinin hesablanması barədə cədvəldən görünür ki, “xxxx” MMC faydalı qazıntıların qanunsuz işlənməsi nəticəsində təbiətə 37800 manat məbləğində ziyan vurmuşdur. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “xxxx” MMC-nin direktoru X6 ünvanlanmış 21 aprel 2021-ci il tarixli, 650 saylı (müraciət müəllifinin həmin məktubu qəbul etməsi sübut edilməmiş) məktubdan görünür ki, Ramin Əsgərova barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərarın icrası ilə bağlı xəbərdarıq edilmiş, icra etməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti izah edilmişdir. İşdə olan süxur kütlələrinin daşınması ilə bağlı işləri özündə əks etdirən fotoşəklin surətindən görünür ki, ərazi qazıntı və daşınma işləri aparılan əraziyə bənzəməklə orada müxtəlif tipli (minik, yük və ekskovator) avtomobillər mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, X10 Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayevin 21 aprel 2021-ci il tarixli, MN serıyalı ******* saylı qərarı ilə 2500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xətalar haqqında qanunvericiliyin norma və prinsiplərinin təhlili onu göstərir ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Bundan başqa, şəxs barəsində inzibati tənbeh vermə haqqında qərarı o halda qəbul etmək olar ki, onun xətanı törətməkdə təqsiri sübuta yetirilsin, özü də, belə sübuta yetirilmə qanuni əsaslarla toplanmış sübutların məcmusu ilə mümkün olsun. Hazırkı işə münasibətdə onu qeyd etmək olar ki, X5 Siyəzən rayon Yenikənd Bələdiyyəsinin hüdudları daxilində dövlət fondu ərazisindən lazımı icazə olmadan qanuni karxana sahəsi olmayan ərazidən 3000 m3 həcmində süxur (qarışıq) kütləsi götürməsi faktı qanuni əsaslarla sübuta yetirilə bilməmiş, həmçinin, toplanmış sübutlar özü-özlüyündə səthi aparılan araşdırmanın nəticəsinə əsaslanmaqla qanuni deyildir. Belə ki, ilk öncə inzibati tənbeh tətbiq etmiş orqan “xxxx” MMC-nin direktoru Ramin Əsgərovun qanunsuz süxur kütləsi daşınması ilə bağlı göstərişini və bu cür hərəkətlərin qanunsuz hesab edilməsini öz səlahiyyətli nümayəndəsinin imzaladığı (həqiqiliyi digər şəxslər tərəfindən təsdiq edilməmiş) 20 avqust 2020-ci il tarixli aktı və şikayətçinin inzibati orqanda verdiyi etirafedici izahatı ilə əsaslandırmışdır. Ümumiyyətlə məhkəmə onu da qeyd edir ki, akt hər hansı bir hadisəni iştirakçıların imzaları ilə rəsmiləşdirib ona sənəd statusunu verməyi özündə ifadə edən sənəd növüdür. İşin araşdırılan halları bu qaydanın da pozulmasını bir daha sübut edir. Bundan başqa, onu da qeyd etmək olar ki, şəxsin əvvəllər verdiyi etirafedici izahatı onun təqsirinin sübuta yetirilməsinə bilavasitə əsas verən hal deyildir. Çünki, inzibati orqan inzibati hüquq pozmasını araşdırarkən təkcə şəxsin iradə və inikası ilə deyil, faktı təsdiq edən digər mötəbər (şəxsin etirafedici izahatını təsdiq edən) sübutlarla yanaşı onun əsaslılığını nəzərdən keçirməklə qərar qəbul etməlidir. Qərar qəbul etmiş orqan tərəfindən toplanmış sübutların qanuni olmaması iş materiallarında olan sənədlərdən də aydın şəkildə görünür. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi 09 sentyabr 2020-ci il tarixdə “xxxx” MMC-nin direktoru X6 inzibati hüquqpozma ilə əlaqədar araşdırma aparılması ilə xəbərdarlıq məktubu ünvanlamış, məktubda araşdırma aparılması vaxtı 15 sentyabr 2020ci il tarix qeyd edilsə də, şikayətçi həmin məktubdan 1 ay 10 gün sonra, yəni, 26 oktyabr 2020-ci il tarixdə məlumatlı olmuşdur. Bundan başqa, məhkəmə araşdırması zamanı, eləcə də, istər şikayət vermiş şəxsin, istərsə də, qərar qəbul etmiş orqanın nümayəndəsinin izahatları ilə müəyyən edilmişdir ki, inzibati hüquqpozma ilə bağlı araşdırma məqsədilə edilən dəvətlər mobil telefon vasitəsilə həyata keçirilmişdir və bu halın özü də qanunun tələblərinə lazımı qaydada əməl edilməməsini bir daha sübut edir. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 78-ci maddəsinə əsasən aktın başlığı həmin aktda göstərilən məsələni qısa şəkildə əks etdirməli və adlıq halda feli isim ilə ifadə olunmalıdır. Həmin təlimatın 79-cu maddəsinə əsasən aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. Həmin təlimatın 80-ci maddəsinə əsasən akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir. Həmin təlimatın 81-ci maddəsinə əsasən akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. Həmin təlimatın 82-ci maddəsinə əsasən aktı hazırlayanların və bu işdə iştirak edənlərin xüsusi rəyləri olduqda, həmin rəylər imzalardan aşağıda və ya ayrıca vərəqdə yazılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Həmin Məcəllənin 103.1 ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə bağlı konkret müddətlər təyin etmişdir və bu müddətlərin pozulması qanunun tələblərinin kobud pozuntusu kimi qiymətləndirilir. Belə ki, sözügedən məsələ ilə bağlı hadisənin aşkar edildiyi vaxtdan, yəni 20 avqust 2020-ci il tarixdən 2 ay yarım sonra yəni, 11 noyabr 2020-ci il tarixdə inzibati xəta haqqında protokolun tərtib edilməsi, bu protokolun tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə səlahiyyətli şəxsə göndərilməli olduğu halda bu qaydanın da pozulması, eyni zamanda, protokolun tərtib edildiyi vaxtdan 5 ay yarım sonra yəni, 21 aprel 2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi özü-özlüyündə pozuntuların təkcə inzibati araşdırmanın səthi və qanunun tələbləri pozulmaqla toplanmış sübutlar əsasında aparılmasında deyil, həmçinin prosessual hərəkətlərin həyata keçirilməsində yol verilmiş səhvlərdə də ehtiva edir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan süxur kütlələrinin daşınması ilə bağlı işləri özündə əks etdirən fotoşəklin özü belə, həmin avtomobillərin kimə məxsusluğunu, bundan əlavə törədilməsi istinad edilən əmlin törədildiyi yerdə olmasını təsdiq etmir və bu halın əksini sübut edən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçimüfəttişi X8 tərəfindən tərtib edilmiş 20 avqust 2020-ci il tarixli təbiətə dəymiş ziyanın məbləğinin hesablanması barədə cədvəl “xxxx” MMC-nin faydalı qazıntıların qanunsuz işlənməsi nəticəsində təbiətə 37800 manat məbləğində ziyan vurduğunu müəyyən edir. Bu hal isə xəta törətmiş şəxslə ziyan vurma subyekti arasında tərs mütənasiblik kolliziyası yaradır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, qərar qəbul etmiş orqan tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, hadisənin baş vermə mexanizmi və şəraiti düzgün öyrənilməmiş, bununla bağlı lazımı dəlillər toplanılmamış, eləcə də, bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmişdir. Qeyd olunan Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Beləliklə, məhkəmə şikayəti, inzibati tənbeh vermə haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 21 aprel 2021-ci il tarixli, MN serıyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 135.1.5-1 və 128-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 21 aprel 2021-ci il tarixli, MN serıyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar