Məhkəmə qərarları › İş №3(059)-108/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-108/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-108/2021 25.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Hüquqi ünvanı Siyəzən şəhəri olan “xxxx” ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, “xxxx” ASC-nin ünvanına Türkiyə Respublikasından 18 aprel 2021-ci il tarixdə, saat 10:23-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 33ACC964- 33BMV14 nömrə nişanlı yük avtomobilində daxil olmuş malların 20 aprel 2021-ci il tarixli, **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “xxxx” ASC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 28 aprel 2021-ci il tarixli, 00100-0809/21 saylı inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, “xxxx” ASC İXM-nin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” ASC-nin ünvanına Türkiyə Respublikasından 18 aprel 2021-ci il tarixdə, saat 10:23-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 33ACC964-33BMV14 nömrə nişanlı yük avtomobilində daxil olmuş malların 20 aprel 2021-ci il tarixli, **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirilməsinə dair protokoldan, eləcə də ona əlavə edilmiş gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, Bakı Baş Gömrük idarəsində 20 aprel 2021-ci il tarixli, **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 33ACC964/33BMV14 nömrə nişanlı yük avtomaşını ilə 18 aprel 2021-ci il tarixdə saat 10:23-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, bu mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni 18 aprel 2021-ci il tarixdə, saat 17:05-də gömrük orqanına **********8046 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Odur ki, “xxxx” ASC İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, “xxxx” ASC -yə İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: “xxxx” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, cəmiyyətə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar