Məhkəmə qərarları › İş №3(059)-110/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-110/2020

08.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-110/2020 08.07.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X3 iştirakları ilə xx xxx 1978-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İİ qrup əlil olmaqla, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan,ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.1-ci, 211.2-ci və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində “Şahdağ” ərzaq mağazasının qarşısında və içərisində olmaqla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimini pozaraq, zərurət olmadan küçəyə çıxmışdır. Bundan başqa, o, eyni vaxtda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri” barədə xx xxx 2020-ci il tarixli, 189 nömrəli qərarının tələbini pozaraq tibbi maskadan istifadə etməmişdir. Həmçinin, o, eyni məqamda və yerdə ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinəinə qəsdən tabe olmamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən xx xxxx 2020-ci il tarixli, MN seriyalı 0686510, ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 08 iyul2020-ci il tarixli, 3(059)-110/2020 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-110/2020 saylı, 3(059)-111/2020 saylı və 3(059)-112/2020 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-110/2020 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X6 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş raportlar icraatına daxil olmuş və həmin raportlarla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərəfindən materiallar toplanmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 211.1-ci, 211.2-ci və 535.1-ci maddələrinin tərkibi olduğundan protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 211.1-ci, 211.2-ci və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində işlətdiyi Siyəzən şəhəri, H. Əliyev küçəsində yerləşən “Şahdağ” ərzaq mağazasının qarşısında olarkən uniformada olan polis əməkdaşları ona yaxınlaşaraq tibbi maskadan istifadə etməməsinin səbəbini soruşduqda, o, mağazada tək olduğuna görə maskadan istifafdə etmədiyini, yalnız başqa şəxslər olduqda maskadan istifadə edəcəyini qəti şəkildə onlara bildirmişdir. Belə olan təqdirdə, polis əməkdaşları ona xüsusi karantin rejim qaydalarına əməl etmədiyini və buna görə də, onlarla birlikdə Siyəzən RPŞ-yə getməli olacağını bildirmiş, o, isə buna sərt formada etiraz etmişdir. Bundan sonra, münasibətlərin gərginləşməsi fonunda polis əməkdaşları ilə aralarında ciddi mübahisə yaranmışdır. Hətta, mübahisə zəminində aqressivləşərək mağazada olan özünə məxsus ərzaqları dağıtmış və tərəzini yumruğu ilə vuraraq qırmışdır. Buna görə də, polis əməkdaşları əlavə qüvvə çağıraraq, onu məcburi şəkildə Siyəzən rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin Uçot-qeydiyyat və statistika işləri qrupunun kiçik inspektoru X4 izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində X10 N saylı hərbi hissəsinin Nəzarət Texniki məntəqə rəisi, gizir X1 ilə birlikdə Siyəzən şəhəri, H.Əliyev küçəsində xidmət apararkən həmin küçədə yerləşən “Şahdağ” ərzaq mağazasında karantin rejimi qaydalarının yoxlanması üçün mağazaya daxil olmuş və orada satıcı işləyən Şəxs maska və əlcək ləvazimatlarından istifadə etmədiyini görüb ondan nə üçün qoruyucu vasitələrdən istifadə etmədiyini soruşmuşdur. Həmin vaxt Şəxs onlarla aqressiv və kobud şəkildə danışmış, qoruyucu ləvazimatlardan istifadə etmədiyini və etməyəcəyini bildirərək onlardan mağazanı tərk etməyi tələb etmişdir. O, elektron portal vasitəsilə icazə.egov.az-da Şəxs məxsus icazənin olub-olmamasını yoxladıqda sonuncunun icazəsiz çölə çıxdığını və fəaliyyət göstərdiyini müəyyən etmişdir. Şəxs karantin rejimi qaydalarını pozmasına görə barəsində inzibati protokol tərtib edilməsi üçün RPŞ-yə dəvət etsə də, sonuncu onun qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam elətdirərək tabesizlik göstərmişdir. O, Şəxs RPŞ-yə aparılaraq hərəkətlərinə qiymət verilməsi üçün RPŞ-nin növbətçi hissəsinə zəng vurmuş və kömək göndərilməsini istəmişdir. Bir qədər sonra, RPŞ-nin Xidmət üzrə rəis müavini Əhməd Cəlilov mağazaya gələrək, Şəxslə profilaktiki söhbət etməyə başlamış və onu nizam-intizama dəvət edərkən Şəxs anası Zəminə Əliyeva mağazaya daxil olaraq, oğlunun mübahisə etdiyini görüb Əhməd Cəlilovdan oğlunun qanunsuz hərəkətlərinə görə üzr istəmişdir. Zəminə Əliyevanın müraciətindən sonra Şəxs daha da, aqressivləşərək özünə məxsus mağazadakı tərəzini və ərzaqları qırıb-dağıtmağa başlamış və xidmətdə olan polis əməkdaşlarından mağazanı tərk etmələrini tələb etmişdir. Şəxs hərəkətlərinə məhəl qoymadığı üçün polis əməkdaşları tərəfindən PPXT-nın xidməti avtomaşınına əyləşdirilərək RPŞ-yə gətirilərək NH-yə təhvil verilmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsində “Şahdağ” ərzaq mağazasının qarşısında və içərisində olmaqla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimini pozaraq, zərurət olmadan küçəyə çıxmışdır. Bundan başqa, o, eyni vaxtda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri” barədə xx xxx 2020-ci il tarixli, 189 nömrəli qərarının tələbini pozaraq tibbi maskadan istifadə etməmişdir. Həmçinin, o, eyni məqamda və yerdə ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinəinə qəsdən tabe olmamışdır. Siyəzən rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı Namiq İmanovun xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 211.1-ci, 211.2-ci və 535.1-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə iclasından baxış keçirilən 1 ədəd CD diskin video görüntülərindən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri” barədə xx xxx 2020-ci il tarixli, 189 nömrəli qərarının tələbini pozaraq tibbi maskadan istifadə etməməklə, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onlara qarşı kobud hərəkətlərə yol verir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya sistemində olan şəxsi məlumatların çıxarışından görünür ki, Şəxs İİ qrup əlil olmaqla, buna görə hər ay 130 manat müavinət alır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 211.1-ci, 211.2-ci və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması inzibati məsuliyyətə səbəb olan əməldir. Eyni Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq da, inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 207 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 01 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir. Bu qərarın 1.1-ci bəndinə əsasən adında və 6.1-ci bəndində “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə əvəz edilsin; 1.2-ci bəndinə əsasən 1-ci hissədə “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə, “5 iyul” sözləri “20 iyul” sözləri ilə əvəz edilsin; 1.3-cü bəndinə əsasən aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin: “1.1-1. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.”; 1.4-cü bəndinə əsasən 1.10-cu bənddən “və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri çıxarılsın və həmin bəndə “Çağrı Mərkəzinə” sözlərindən sonra “, “E-Təbib” mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinliklərlə əlaqədar isə 8113 Çağrı Mərkəzinə” sözləri əlavə edilsin. 2-ci bəndinə əsasən müəyyən edilsin ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı: 2.1-ci bəndinə əsasən 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 6 iyul saat 06:00-dək, 2020-ci il 11 iyul saat 00:00-dan 2020-ci il 13 iyul saat 06:00-dək, 2020-ci il 18 iyul saat 00:00dan 2020-ci il 20 iyul saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 189 nömrəli “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri” barədə qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Habelə, həmin qərarın 3-cü bəndinə əsasən Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Odur ki, Şəxs İXM-nin 211.1-ci, 211.2-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Həmçinin, Şəxs İİ qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 30-cu maddəsinin İİ hissəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən ilk dəfə inzibati xəta törətməsini, həmçinin onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, əksinə məsuliyyətini yüngülləşdirən halın, yəni İİ qrup əlil olmasını nəzərə alaraq, onun İXM-nin 211.1-ci, 211.2-ci və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, 211.2-ci və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar