Məhkəmə qərarları › İş №3(059)-110/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-110/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-110/2023 12.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X1 iştirakları ilə xx xxxxxxx 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X2 icra sənədi üzrə borclu Şəxs İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 1(005)-70/20 saylı icra sənədi üzrə qalıq 2300 manat borcu tələbkarlar Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, eləcə də həmin məhkəmənin 25 yanvar 2021-ci il tarixli, 2(005)-1060/21 saylı icra sənədi üzrə qalıq 464 manat borcu "xxxx" MMC-yə ödəmir. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X2 tərəfindən 12 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 10 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsi tərəfindən göndərilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin verdiyi 05 fevral 2020-ci il tarixli, 1(005)-70/2020 saylı icra sənədinə əsasən Şəxs cəmi 5750 manat pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ödənilməlidir. Sözügedən icra sənədi Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olduqdan sonra, Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsi tərəfindən 29 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş icraata başlama haqqında qərar və bildiriş 10 aprel 2023-cü il tarixdə borcluya göndərilmiş, habelə sonuncunun 18 aprel 2023-cü il tarixdə izahatı alınsa da, o, bu müddət ərzində qalıq 2300 manat boru ödəməmişdir. Bundan başqa, borclu Şəxs tələbkar "xxxx" MMC-in xeyrinə ödənilməli olan qalıq 464 manat borc ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(005)-1060/21 saylı icra sənədi Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsi tərəfindən 19 aprel 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, habelə hər iki icra sənədi üzrə bir borclu olduğundan 20 aprel 2023-cü il tarixli qərarla icra sənədləri bir icraat birləşdirilmişdir. Eyni zamanda, borclunun adına daşınar və daşınmaz əmlakın olub-olmaması, habelə digər icra tədbirləri barədə müvafiq sorğular göndərilsə də, borclunun adına yönələ biləcək əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, məlum icra sənədləri üzrə qalıq 2300 manat borcu Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, eləcə də qalıq 464 manat borcu "xxxx" MMC-yə ödəməlidir. Lakin, azadlığın məhdudlşadırıması cəzasına məhkum edilməsi səbəbindən işləməmiş, habelə bu səbəbdən sözügedən borclardan ödəniş edə bilməmişdir. Bununla yanaşı, 2023-cü il mart ayından cəzasını çəkib qurtarmış, eyni zamanda daha əvvəl gözəlik salonunda usta və mağazada satıcı işləmişdir. Odur ki, yenidən işləməklə, borclarını ödəyəcəkdir. Bundan başqa, hazırda Zərərçəkmiş şəxs5 və digərlərinə olan borcundan 500 manatını ödəmək niyyətində olmaqla, həmin borcunu hər ay olmaqla, ayda 500 manat ödəyəcəkdir. Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, borclu Şəxs qalıq 2300 manat borcu ona və digər tələbkarlara ödəməlidir. Borclu Şəxs tərəfindən təxminən 1 il olar ödəniş olunmur, habelə borcun tam şəkildə ödənilməsini tələb edir. Odur ki, borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, borclu Şəxs qalıq 2300 manat borcu ona və digər tələbkarlara ödəməlidir. Borclu Şəxs tərəfindən təxminən 1 il 2 ay olar ödəniş olunmur, habelə borcun tam şəkildə ödənilməsini tələb edir. Belə ki, borclu daha öncə də, borcu hissə-hissə ödəyəcəyinə vəd versə də, vədinə əməl etməmişdir. Odur ki, borclu barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və "xxxx" MMC-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş), həmçinin onlar tərəfdən işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərin, o cümlədən nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 1(005)-70/20 saylı və 25 yanvar 2021-ci il tarixli, 2(005)-1060/21 saylı icra sənədləri icra olunması üçün Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə qeyd olunan icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, daha sonra bu icra sənədləri icra olunması üçün 06 aprel 2023-cü il tarixdə aidiyyəti üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmiş və oranın icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlandıqdan sonra bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmışdır. Həmçinin, qeyd edilən icra sənədləri 20 aprel 2023-cü il tarixli qərarla bir icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 28 fevral 2014-cü il təvəllüdlü Əsna adında bir yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən onun himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, tək qadın olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, tək qadın olması kimi yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar