Məhkəmə qərarları › İş №3(059)-111/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-111/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-111/2023 23.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxxxx 1993-cü il tarixdə Siyəzən rayonunun Eynibulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də ekskavator maşinisti işləyən, Siyəzən rayonunun Eynibulaq kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1 və 333.1-ci maddələri ilə Azərbaycan Respublikası DİN Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası DİN-in Sumqayıt ŞPİ-nin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş 11 may 2023-cü il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 11 may 2023-cü il tarixdə, saat 14:45 radələrində, Sumqayıt şəhərinin Sülh prospektində “Hyundai Getz” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman manevr etmə qaydalarını pozduğu üçün saxlanılmış, bu zaman onun nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi aşkar edilmişdir. Bundan başqa, Şəxs barəsində tərtib edilmiş sözügedən protokolda, bu protokolun baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət vermişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.1 və 333.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 11 may 2023-cü il tarixdə, saat 14:45 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Getz” markalı avtomaşınla Sumqayıt şəhərinin Sülh prospekti ilə hərəkətdə olarkən manevr etmə qaydasını pozduğundan Sumqayıt şəhər ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, bundan sonra sonuncular onu həkimə aparmış, habelə müayinə zamanı onun sidiyindən narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsi aşkar olunmuşdur. Belə ki, o, saxlanılmamışdan təxminən bir həftə əvvəl Sumqayıt şəhərində keçirilən toy məclisində narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Bundan əlavə, narkotik vasitə qurudulmuş marixuanadan arabir toy-bayramda, ətrafında əməli düzgün olmayan şəxslər toplaşanda istifadə edir. Bununla belə, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Çünki, Şəxs 11 may 2023-cü il tarixdə, saat 14:45 radələrində, “Hyundai Getz” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhərinin Sülh prospektində hərəkətdə olarkən manevr qaydasını pozduğu üçün saxlanılmış, bu zaman onun avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Bundan əlavə, inzibati xəta materialına əlavə edilmiş 11 may 2023-cü il tarixli, 3095 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyindən onun marixuanadan istifadə etməsi faktı aşkar edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru tərəfindən tərtib olunmuş 11 may 2023-cü il tarixli aktdan görünür ki, “Hyundai Getz” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşın həmin gün duracağa yerləşdirilmişdir. İş materiallarında olan 31 iyul 2014-cü il tarixdə verilmiş AE seriyalı, 013685 nömrəli B kateqoriyalı sürücülük vəsiqəsinin, eləcə də 24 may 2022-ci il tarixdə təsdiq edilmiş ƏN- Vİ seriyalı, 117285 nömrəli etibarnamənin surətlərindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla, yanaşı “Hyundai Getz” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşın onun etibarnaməli idarəçiliyindədir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 3(059)-25/2021 saylı qərarının, eləcə də 19 fevral 2021-ci il tarixli qəbzin surətlərindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmiş, habelə bu cərimə 19 fevral 2021-ci il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363- 1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, inzibati xətanın xarakterini, əmlak vəziyyətini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xəta törətməsinə görə müvafiq olaraq inzibati tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da tərbiyələnmək niyyətinin olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.3, 34, 35, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 6 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması təyin edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-in Sumqayıt ŞPİ-nin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar