Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-112/2021 16.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, İnzibati xəta haqqında protokolu tərtib edən orqan, Dövlət Statistika Komitəsi Siyəzən Rayon Statistika İdarəsinin rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru X2 iştirakları ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 40 olan “xxxx” MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 389cu maddəsi ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Siyəzən Rayon Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Dövlət Statistika Komitəsi Siyəzən Rayon Statistika İdarəsindən daxil olmuş 07 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC 2021-ci ilin may ayı üzrə 24-kt aylıq rəsmi statistika hesabatı 04 iyun 2021-ci il və 12 istehsal kt aylıq rəsmi statistika hesabatı 05 iyun 2021-ci il tarixədək təqdim etməli olduğu halda müəyyən olunmuş vaxtda təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən orqan, Dövlət Statistika Komitəsi Siyəzən Rayon Statistika İdarəsinin rəisi X3 izahatında göstərdi ki, dəfələrlə yazılı və şifahi müraciətlərinə baxmayaraq, “xxxx” MMC tərəfindən 2021-ci ilin may ayı üzrə “Heyvandarlığın vəziyyəti haqqında” 24-kt nömrəli aylıq rəsmi statistika hesabatı 04 iyun 2021-ci il tarixədək və “Məhsulların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında” 12-istehsal (kənd təsərrüfatı) aylıq rəsmi statistika hesabatı 05 iyun 2021-ci il tarixədək Siyəzən Rayon Statistika İdarəsinə təqdim edilməli olduğu halda, təqdim edilməmişdir. Bu da son nəticədə Siyəzən rayonu üzrə ümumilikdə real sosial-iqtisadi vəziyyətin, o cümlədən statistik göstəricilərin düzgün əks etdirilməməsinə, eyni zamanda “Rəsmi statistika haqqında” Qanunun 11-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət region müşahidələrinin aparılması üçün lazım olan məulmatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Eyni zamanda, 20 may 2021-ci il tarixdə dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi üçün müvafiq müqavilənin və əməkdaşlıq sazişinin bağlanması üçün “xxxx” MMC-nin internet ünvanına müvafiq bildiriş göndərilsə də, müraciətləri cavabsız qalmışdır. Odur ki, “xxxx” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru X4 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi MMC-ni İXM-nin 389-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, 03 fevral 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış MMC 3 müəssisədən, o cümlədən “Giləzi quşçuluq”, “Yaşma quşçuluq” və “xxxx” MMC-dən ibarətdir. Əsas istehsalat müəssisəsi Siyəzən rayonunun Zarat kəndində yerləşməklə, 10 fabrikdən ibarət “xxxx” MMC-dir. Siyəzən rayonunun Zarat kəndində yerləşən fabriklərdə 39 nəfər işçi işləyir. Bundan əlavə, fabriklərdə 60000 damazlıq, 350000 isə yumurtalıq quş saxlanılır. İstehsal olunmuş yumurtalar Bakı şəhərinə anbarlara göndərilir, oradan isə məhsulların satışı təmin olunur. MMC Xızı rayonunda vergi uçotunda olduğundan, həmçinin ilk dəfə həmin rayonda dövlət qeydiyyatına alındığından tələb olunan hesabatlar qanunla müəyyən edilən müddətdə, vaxtlı-vaxtında Xızı Rayon Statistika İdarəsinə təqdim olunmuşdur. Bundan başqa, statistik hesabatlarla o, məşğul olmadığından Siyəzən Rayon Statistika İdarəsinin müraciəti ilə bağlı MMC-nin rəhbərliyinə məlumat vermişdir. Odur ki, baş vermiş hadisədə hüquqlarını təmsil etdiyi hüquqi şəxsin təqsirinin olmamasının nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, “xxxx” MMC İXM-nin 389cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Siyəzən Rayon Statistika İdarəsindən daxil olmuş 07 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan, o cümlədən təqdim edilmiş mötəbər sənədlərdən görünür ki, “xxxx” MMC 2021-ci il may üzrə 24-kt aylıq rəsmi statistika hesabatı 04 iyun 2021-ci il və 12 istehsal kt aylıq rəsmi statistika hesabatı 05 iyun 2021-ci il tarixədək təqdim etməli olduğu halda müəyyən olunmuş vaxtda təqdim etməmişdir. Bundan əlavə, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün “xxxx” MMC tərəfindən 2021-ci ilin may ayı üzrə 24 kt aylıq rəsmi statistika hesabatının 04 iyun 2021-ci il, 12 istehsal kt aylıq rəsmi statistika hesabatının isə 05 iyun 2021-ci il tarixinədək Xızı Rayon Statistika İdarəsinə təqdim edilibedilməməsi, habelə bu hesabatların MMC-nin Siyəzən rayonu, Zarat kəndində yerləşməklə, fəaliyyət göstərən quşçuluq fabriklərini, o cümlədən onların fəaliyyətini də əhatə edib-etməməsi barədə məlumatın əldə edilməsi məqsədilə qeyd olunan rayonun Statistika İdarəsinə sorğu ünvanlanmışdır. Xızı Rayon Statistika İdarəsinin 16 iyul 2021-ci il tarixli, 28 nömrəli sorğuya cavab məktubundan görünür ki, statistik kodu ******* olan "xxxx" MMC tərəfindən 24-kt (aylıq) rəsmi statistika hesabatının məlumatları 04 iyun 2021-ci il tarixində elektron qaydada Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasına daxil edilmişdir. Məktubda qeyd edilmiş 12-istehsal (kənd təsərrüfatı ) (aylıq) rəsmi statistika hesabatı isə "xxxx" MMC tərəfindən Xızı Rayon Statistika İdarəsinə təqdim olunmamış, həmçinin elektron qaydada Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasına daxil edilməmişdir. Eyni zamanda, "xxxx" MMC-nin Siyəzən rayonu, Zarat kəndindəki quşçuluq fabrikinin fəaliyyətini əks etdirən statistik məlumatların Dövlət Statistika Komitəsinin məlumat bazasına daxil edilmiş statistik hesabat məlumatlarında öz əksini tapması barədə Xızı Rayon Statistika idarəsinə hər hansı bir məlumat verilməmişdir. Bununla belə, regionların sosial-iqtisadi göstəricilərinin əhatəli və dolğun təsviri və təhlili məqsədilə bir ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektinin statistik məlumatları aidiyyəti olmayan başqa bir inzibati ərazi vahidinin statistik məlumatlarına daxil edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi, yaxud hesabatların təhrif edilməsi inzibati xətaya səbəb olan əməldir. “Rəsmi statistika haqqında” Qanunun 11-ci maddəsinin İV bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2010-cu il tarixli, 35 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi” Qaydasının 5.1-ci bəndinə əsasən dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi üçün hesabatları (məlumatları) elektron sənəd formasında təqdim etmək istəyən statistik vahid yerləşdiyi ərazi üzrə statistika orqanına ərizə ilə müraciət edərək müqavilə bağlayır (ərizə və müqavilə 1 və 2 nömrəli əlavələrə uyğun tərtib edilir). Elektron hesabat formaları, habelə zəruri proqram təminatı, ondan istifadə qaydaları üzrə təlimat və digər metodoloji məlumatlar Dövlət Statistika Komitəsinin İnternet səhifəsində yerləşdirilir. Beləliklə, göründüyü kimi Siyəzən rayonu, Zarat kəndində fəaliyyət göstərən “xxxx” MMC dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları, o cümlədən 2021-ci ilin may ayı üzrə 24-kt aylıq rəsmi statistika hesabatı 04 iyun 2021-ci il və 12 istehsal kt aylıq rəsmi statistika hesabatı 05 iyun 2021-ci il tarixədək elektron sənəd formasında etməli olduğu halda müəyyən olunmuş vaxtda təqdim etməmiş, bundan əlavə, ərazi üzrə statistika orqanın dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi üçün müvafiq müqavilənin və əməkdaşlıq sazişinin bağlanması üçün müraciətini cavabsız qoymaqla, buna təşəbbüs göstərməyərək statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatları təqdim etməyib, inzibati xəta əməlini törətmişdir. Bundan əlavə, MMC-nin icraçı direktoru Yaşar Qasımov müvafiq məlumatları vaxtlı-vaxtında Xızı Rayon Statistika İdarəsinə təqdim etdiklərini qeyd etsə də, regionların sosial-iqtisadi göstəricilərinin əhatəli və dolğun təsviri, eləcə də təhlili məqsədilə bir ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektinin statistik məlumatlarının aidiyyəti olmayan başqa bir inzibati ərazi vahidinin statistik məlumatlarına daxil edilməsinin yolverilməzliyi də məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir. Odur ki, “xxxx” MMC İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, “xxxx” MMC -yə İXM-nin 389-cu maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, cəmiyyətə 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-112/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-112/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver