Məhkəmə qərarları › İş №3(059)-113/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-113/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-113/2023 19.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə 25 iyul 1973-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (əvvəlki qaydada İİ dərəcə əlilliyi olan şəxs), Siyəzən şəhərinin Xətai küçəsindəki 27 saylı evdə qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 329.1 və 333.2-ci maddələri ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş 13 mart 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 13 mart 2023-cü il tarixdə, saat 15:00 radələrində VAZ 2103 markalı, ** LX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən şəhərinin H.Əliyev prospekti ilə hərəkətdə olarkən saxlanılmış, bu zaman onun avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində il ərzində təkrar sərxoş vəziyyətdə, həmçinin təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 329.1 və 333.2-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 13 mart 2023-cü il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhərinin H.Əliyev prospekti ilə hərəkətdə olarkən saxlanılmış, bu zaman Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları narkotik vasitədən istifadə etməsindən şübhələndikləri üçün onu əvvəlcə RPŞ-yə, daha sonra, Sumqayıt Şəhər Narkoloji Dispanserinə aparmış, habelə orada onun narkotik vasitənin təsiri altında avtomaşını sərxoş vəziyyətdə idarə etməsi aşkar edilmişdir. Belə ki, o, hadisədən 5-6 gün əvvəl Bakı şəhərində keçirilən toyda narkotik vasitə marixuanadan istifadə etmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 329.1 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Çünki, Şəxs 13 mart 2023-cü il tarixdə, saat 15:00 radələrində VAZ 2103 markalı, ** LX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən şəhərinin H.Əliyev prospekti ilə hərəkətdə olarkən saxlanılmış, bu zaman onun avtomobili il ərzində təkrar sərxoş vəziyyətdə, həmçinin təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi müəyyən olunmuşdur. Bundan əlavə inzibati xəta materialına əlavə edilmiş 13 mart 2023-cü il tarixli, 1590 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Şəxs sidiyindən onun marixuanadan istifadə etməsi faktı aşkar edilmişdir. İş materiallarında olan Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru tərəfindən tərtib olunmuş 13 mart 2023-cü il tarixli aktın surətindən görünür ki, VAZ 2103 markalı, ** LX *** dövlət qeydiyyat nişanlı avtomaşın həmin gün duracağa yerləşdirilmişdir. İş materiallarında olan 01 dekabr 2020-ci il tarixdə verilmiş BC seriyalı, 000327 nömrəli B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ vardır. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında 12 avqust 2022-ci il tarixdə qəbul edilmiş və qanuni qüvvəsini almış TP seriyalı, ******* nömrəli qərarın surətlərindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 327.2-ci və 342.5-ci maddələri ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının “Hökumət ödəniş portalı”ndakı Daxili İşlər Nazirliyi üçün ayrılmış pəncərədə həmin Nazirliyin qurumları tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarlar üzrə şəxslərin ödənilməmiş cərimələrinin olub-olmaması yoxlanılarkən müəyyən edildi ki, yuxarıda qeyd edilən protokolda göstərilən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə minmiş, habelə İXP ******* saylı qaimə Şəxs tərəfindən ödənilmişdir. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, həmçinin 13 mart 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X1-Narkoloji Tibbi Yoxlama Ekspert komissiyası tərəfindən 30 mart 2023-cü il tarixdə verilmiş 1755 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs İİ dərəcə əlilliyi olan şəxs kimi 130 manat sosial ödəniş alır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363- 1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Sözügedən Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. İXM-nin 30-cu maddəsinin İİ hissəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirərək, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (əvvəlki qaydada İİ dərəcə əlilliyi olan) şəxs olması, eləcə də əvvəllər törətdiyi yol hərəkəti qaydaları əleyhinə inzibati xəta əməlinə görə ona təyin edilmiş inzibati cəriməni ödəməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini, əmlak vəziyyətini, habelə əməlindən səmimi peşmançılıq hissi keçirərək, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (əvvəlki qaydada İİ dərəcə əlilliyi olan) şəxs olması, eləcə də əvvəllər törətdiyi yol hərəkəti qaydaları əleyhinə inzibati xəta əməlinə görə ona təyin edilmiş inzibati cəriməni ödəməsi kimi məsuliyyətini yüngülləşdirən halların olmasını məsuliyyətini ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 333.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.3, 34, 35, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinsin və o, inzibati tənbeh olaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 400 (dörd yüz) manat məbləğdə inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Siyəzən RPŞ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar