Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-114/2022 26.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi ilə xx xxxxxxxx 1964-cü il tarixdə keçmiş Dəvəçi rayonu, Şahnəzərli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Şabran rayonu, Şahnəzərli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 05 may 2022-ci il tarixdə, saat 22:45-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 111-ci kilometrliyində Şəxs idarə etdiyi “Howo” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolun Bakı istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağı ilə eyni istiqamətdə hərəkətdə olarkən yük avtomobilinin qabaq sol təkəri oxundan çıxıb əvvəl yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik səddinə, sonra isə yolun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə eyni istiqamətdə hərəkət edən, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Zafira” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol yan tərəfinə çırpılmış, nəticədə “Opel Zafira” markalı minik avtomobilinin sərnişini Zərərçəkmiş şəxs2 bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, zərərçəkmiş və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxs məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, 06 iyun 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün materiallar BDYPİ-nin YPX alayına göndərilmişdir. Bu qərarın, sürücülük vəsiqəsinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin, eləcə də 06 may 2022-ci il tarixli, 68 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktın surətlərindən görünür ki, “X3 Sanayi ve Ticaret” A.Ş. Azərbaycan Respublikasındakı nümayəndəliyinin mülkiyyətindəki "Howo” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 mart 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək etibarnamə ilə Şəxs idarəçiliyində olmuş, həmçinin sonuncu 19 dekabr 2016-cı il tarixdən 19 dekabr 2026-cı il tarixədək “BC” kateqoriyalı sürücülük hüququna malik olmaqla, həmin avtomobili ayıq vəziyyətdə idarə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 27 may 2022-ci il tarixli, 99 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol bud-çanaq nahiyəsinin yumşaq toxumalarının əziyi aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yetirilə bilər. Yetirilmə müddəti 05 may 2022-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2022-ci il tarixdə verilmiş 8/1203 nömrəli rəyinin surətindən görünür ki, "Howo” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən əvvəl uzun müddət qabaq sol oxunun diyircəkli yastığı nasaz vəziyyətdə istismar edilmiş, diyircəkli yastığın dağılması nəticəsində avtomobilin qabaq sol təkərinin qabaq sol oxdan çıxması baş vermiş və sürücü Şəxs həmin nasazlığı hadisədən əvvəl vaxtında aşkar etməyə imkanı olmuşdur. Bundan əlavə, yuxarıda qeyd edilən qərarın surətindən görünür ki, Şəxs öz hərəkəti ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin İİİ bəndinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş, yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs 05 may 2022-ci il tarixdə, saat 22:45-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 111-ci kilometrliyində “Howo” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin İİİ bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, təqdim olunmuş sübutlar əsasında, 05 may 2022-ci il tarixdə, saat 22:45-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 111-ci kilometrliyində Şəxs idarə etdiyi “Howo” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolun Bakı istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağı ilə eyni istiqamətdə hərəkətdə olarkən yük avtomobilinin qabaq sol təkəri oxundan çıxıb əvvəl yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik səddinə, sonra isə yolun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə eyni istiqamətdə hərəkət edən, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Zafira” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol yan tərəfinə çırpılması nəticədə “Opel Zafira” markalı minik avtomobilinin sərnişini Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül bədən xəsarətləri yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlirəm. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin hadisədən sonra zərərçəkmiş şəxsin sağlamlığına dəymiş zərərin ödənilib-ödənilməməsinin, bu mənada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə yardım edib-etməməsinin, sonuncunun inzibati xəta törədən şəxsə qarşı şikayətinin olubolmamasının tərəflərin məhkəmə iclasında iştirak etməməsi səbəbindən araşdırılmasının mümkün olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 6 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması təyin edilsin. 2) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-114/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-114/2022
26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver