Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-116/2024 04.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Protokolu tərtib edən vəzifəli şəxs, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi ünvanı ünvan 1n Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 233.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 16 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 07 may 2024-cü il tarixdə, saat 14:00-14:40 radələrində keçirilmiş monitorinq zamanı, ünvan 2 ünvanında fəaliyyət göstərən Şəxs MMC tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi və aparıcı müfəttişi X4 tərtib etdiyi müvafiq protokolu müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 İdarəsinin əməkdaşları tərəfindən 07 may 2024-cü il tarixdə Şəxs MMC-nin yerləşdiyi ərazidə, cəmiyyətin rəhbərliyi tərəfindən ayrılmış nümayəndə X5 iştirakı ilə monitorinq keçirilmişdir. Monitorinq zamanı, cəmiyyətin çöl darvazasından təxminən 5 metr aralı məsafədən (iş materiallarına əlavə edilmiş fotoşəkillərdə əksin tapan) atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək məqsədi ilə “Ankat-64M3-04” cihazı vasitəsi ilə analiz ölçmə işləri aparılmış, nəticəyə əsasən dəm qazının miqdarının yol verilən normativlərdən artıq olduğu müəyyən edilmişdir. Həmin tarixdə bu barədə akt tərtib edilmiş, eyni zamanda, cəmiyyətin nümayəndəsi izahat verərək, nöqsanların aradan qaldırılacağını qeyd etmişdir. Bu o deməkdir ki, nöqsanlar mövcud olmuş, habelə MMC-nin nümayəndəsi onların aradan qaldırılacağına dair vəd vermişdir. 10 may 2024-cü il tarixdə sözügedən analiz nümunələrinin cavabı gəlmiş, habelə 16 may 2024-cü il tarixdə yenidən akt və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, cəmiyyətin nümayəndəsi öz işində problem yarana biləcəyini qeyd edib, akta və sözügedən protokola imza etməkdən imtina etmişdir. Qeyd edir ki, 2021, 2022 və 2023-cü illərdə cəmiyyətə məktub göndərilərək, ekoloji normativ sənədlərin hazırlanması və İdarə ilə razılaşdırılması tələb edilmiş, habelə bu barədə cəmiyyətin xanım rəhbərinə tərəfindən şifahi məlumat verilsə də, nəticədə heç bir sənəd hazırlanmamaqla yanaşı, təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi MMC-ni İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Şəxs MMC su, izolyasiya və kanalizasiya boruların istehsalı ilə məşğul olur, həmçinin həmin borular socar polimerdən və digər xarici ölkədən əldə olunmuş, gigenik sertifikatlı, heç bir zərərli və digər ziyanlı maddələrə məxsus olmayan məhsullardan hazırlanır. Habelə, bu borular istehsal edilərkən atmosferə heç bir qaz buraxılımır. Belə ki, avadanlıq içərisində əriyərək, suyun içərisindən keçməklə əmələ gələn boru istehsalına görə cəmiyyətin çöl ərazisində qoxunun və ya qazın olması qeyri mümkündür. Bununla yanaşı, həmin gün çəkilmiş fotoşəkillərdən göründüyü kimi ETSN-nin avtomobilinin dayandığı yer ilə zavodun darvazasının arasındakı məsafə 5 metrdən çox olmaqla, həmin avtomobil ilə istehsal müəssisəsi arasındakı məsafə daha uzaqdır. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 16 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol aşağıda qeyd olunan əsaslara görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddi normalarına ziddir və qanunsuzdur. Həmin protokolda RETSİ tərəfindən “07 may 2024-cü il tarixdə, saat 14:00-14:40 radələrində ünvan 3 ünvanında fəaliyyət göstərən MMC-ə aid müəssisə tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasının” müəyyən edildiyi qeyd edilmişdir. Sözügedən protokolda ETSN-nin XKEM idarəsinin 07 may 2024-cü il tarixli, 001859 nömrəli və 5 saylı RETSİ-nin 16 may 2024-cü il tarixli, 84761 nömrəli aktlarına, habelə “X7”nun məlumatına və fotoşəkillərə istinad edilmişdir. Protokolun tərtibi zamanı istinad olunan sənədləri nəzərinizə çatdırmaq istərdim. Azərbaycan Respublikasının RETSN-nin X8 Monitorinq İdarəsinin 07 may 2024-cü il tarixli, 001859 nömrəli və 5 saylı RETSİ-nin 16 may 2024-cü il tarixli, 84761 nömrəli aktlarında göstərilir ki, polimer məhsullarının istehsalı ilə müəssisə fəaliyyətdə olan zaman ətraf ərazidə atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarı “Annat 64M3-04” səyyar cihazla ölçülmüş və saat 14:00-dan 14:40-a kimi normadan artıq 7,3 mq/m3 olmuşdur. Əvvəla, aktda qeyd olunan ölçü-cihazı müəssisə ərazisinə daxil olmamış və ölçü müəssisə hüdudlarından kənarda (vətəndaş X2 məxsus mal-qara tövləsində) aparılmışdır. Sözügedən tövlədən kəskin qoxunun gəlməsi və oradan atmosfer havasının qatışıqlığı müəyyən edilməmişdir. İstehsalat ərazisinə daxil olmadan, olduqca uzaq məsafədən ölçünün həyata keçirilməsi protokolun tərtibinə əsas deyildir. Akta əlavə edilmiş fotoşəkillər inzibati xəta hadisəsini təsdiq etmir. Çünki, fotoşəkillər **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, əməkdaşların birgə olmasını və vətəndaşın ərizə yazmasını əks etdirir. Əvvəla, inzibati xəta ilə bağlı araşdırma zamanı hüquqi şəxsin nümayəndəsinin şəxsiyyəti və səlahiyyəti, həmçinin hüquqi şəxsin adından iştirak edən şəxsin əmək müqaviləsi və səlahiyyətinə dair əmr və etibarnaməsi ilə yoxlanılmalı idi. Göründüyü kimi inzibati qanunvericiliyin tələbləri pozulmuşdur. “Ətraf Mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 18ci maddəsinin 2-ci yarımbəndinə görə, ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Halbuki, 5 saylı RETSİ tərəfindən ölçü cihazına dair heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə görə, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmçinin, idarə hüquqi şəxsin nümayəndəsini müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X3 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Lakin, o da nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edir ki, ümumiyyətlə inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 75-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Belə ki, 5 saylı RETSİ tərəfindən “ətraf ərazidə atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarı normadan artıq 7,3 mq/m3” ölçüdə mövcud olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Çünki, protokol və ya akta ölçü-cihazın göstəricisinin fotoşəkilləri əlavə edilməmiş, habelə aparılan “monitorinq” zamanı hal şahidləri cəlb olunmamışdır. Qısa desək “monitorinq” ancaq İdarənin iki nəfər əməkdaşı tərəfindən keçirilmişdir. Bu da, obyektivliyi və şəffaflığı əks etdirmir. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsi sübutlara anlayış verən zaman inzibati xətanın olub-olmamasını “xüsusi texniki vasitələrin göstəriciləri ilə” təsdiq edilməsini qeyd edir. Sözügedən Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. (81.3.) Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Xüsusi texniki vasitəsində ölçü göstəricilərini əks etdirən fotoşəkillər əlavə edilmədiyinə görə protokol qanunsuzdur. İXM-nin 100-cü maddəsinə görə, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib ediləndə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Fotoşəkillərdə Annat 64M3-04 səyyar cihazın olmasına dair heç bir sübut mövcud deyildir. Həmçinin, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Bundan əlavə, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 16 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilən zaman qanunvericiliyin müəyyən etdiyi müddət pozuntusuna yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının ETSN-nin XKEMİ-nin 001859 nömrəli aktının 07 may 2024-cü il tarixində tərtib edilməsinə baxmayaraq, protokol 16 may 2024-cü il tarixində tərtib edilmişdir. İXM-nin 101-ci maddəsinə görə, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Bundan başqa, “Ankat-64M3-04” zərərli qaz ölçmə cihazının təlimat kitabçasında qeyd olunan ölçmə cihazı fəaliyyət göstərdikləri müəssisənin tipinə uyğun ölçmə cihazı deyildir. Belə ki, həmin cihaz oksigen çatışmazlığı, tez alışan və zəhərli qazların olması, sağlamlıq üçün təhlükə və ya partlayış təhlükəsi yaradan çənlər, anbarlar və digər yerlər, neft və qazın emalı, nəqli, neft və neft məhsulları üçün magistral kəmər nəqliyyatı obyektlərində magistral boru kəmərlərinin təmiri üçün işlərin, o cümlədən yanğın və qaz təhlükəli işlərin görülməsi zamanı tətbiq edilir. Bu cihaz işçilərin fəaliyyətinin zərərsiz olması üçün tətbiq olunan avadanlıqdır. Həmin cihazla müəssisədən 100-150 metr kənarda ölçmə aparılıb, MMC-nin zərərli qazla fəaliyyət göstərməsini müəyyən etmək qanunamüvafiq deyildir. Bundan başqa, fotoşəkillər monitorinqin müəssisənin ərazisində aparılmasını əks etdirmir, həmçinin müəssisə Siyəzən rayon Polis Şöbəsinin yaxınlığında yerləşsə də, ölçmə rayon prokurorluğunun qarşısında aparılmışdır. Odur ki, qeyd olunanların, habelə aparılmış müayinənin cəmiyyətin ərazisində aparılmamasının, həmçinin, ölçü-cihazının foto şəkillərdə öz əksini tapmamasının nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Beləliklə, Nümayəndəsi olduğu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-ni Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edirəm ki, onun bu əmələ, yəni İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə münasibətdə təqsiri etiraf etməməsi nümayəndəsi olduğu cəmiyyəti müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayındırmaq məqsədi güdür. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 may 2024-cü il tarixli, 84761 nömrəli aktından və iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, 07 may 2024-cü il tarixdə, X8 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən, MMC-nin nümayəndəsi, sahə rəisi X5 iştirakı ilə əsas fəaliyyət növü polimer məhsullarının istehsalı olan müəssisənin fəaliyyətdə olan zaman ətraf ərazilərində atmosfer havasına atılan zərərli qaz qarışıqlıqlarının müəyyən edilməsi məqsədi ilə “Ankat-64M3-04” səyyar cihazı vasitəsi ilə analiz ölçmə işləri aparılmış, nəticəyə əsasən dəm qazının miqdarının CO-7,3 mq/m3 (norma 5mq/m3) təşkil edərək, ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən edilmişdir. Bundan başqa, MMC-nin nümayəndəsi Vüqar Vəliyev monitorinqdə iştirak etsə də, aktı imzalamaqdan imtina etmiş, lakin, idarəyə yazılı məlumat verərək, qeyd olunan nöqsanların qısa zamanda aradan qaldırılacağını bildirmişdir. İş materiallarında olan, Şəxs MMC-nin sahə rəisi X7 tərəfindən 16 may 2024-cü il tarixdə tərtib edilərək 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinə ünvanlanmış məlumatdan görünür ki, Vüqar Vəliyev Şəxs MMC-nin nümayəndəsi kimi araşdırmada iştirak etmiş, qeyd olunan nöqsanların qısa zamanda aradan qaldırılacağını bildirmişdir. İş materiallarından və işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 3 ünvanında fəaliyyət göstərən Şəxs MMC-ə aid müəssisə üzrə Ankam-64M3-04 səyyar cihaz ilə monitorinq aparılan zamanı atmosfer havasında CO3 (carbon trioxide) miqdarının 7,3 mq/m3 (norma 5mq/m3, istinad edilir Avropa Parlamenti və Avropa Şurası (2008); Direktiv 2008/50/EC atmosfer havasının keyfiyyəti və Avropa üçün daha təmiz hava) təşkil etməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş kalibrləmə sertifikatının surətindən görünür ki, Ankat- 64M3-04 növlü qaz analizatoru 22 dekabr 2023-cü il tarixdə kalibrlənmiş, habelə 21 iyun 2024-cü il tarixdə növbəti kalibrləməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 07 may 2024-cü il tarixdə, saat 14:00-14:40 radələrində keçirilmiş monitorinq zamanı, ünvan 2 ünvanında fəaliyyət göstərən Şəxs MMC tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olmuş, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3-cü maddəsinə əsasən əhalinin yaşayış yerlərində atmosfer havasının mühafizəsi məqsədilə müəssisə və təşkilatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada sanitarmühafizə zolaqları ayrılır. Belə sanitar-mühafizə zolaqlarının ölçüləri atmosfer havasına atılan zərərli maddələrin yayılma dərəcəsi, müəssisə və təşkilatların sanitar təsnifatı ilə müəyyən edilir. Sözügedən Qanunun 14.7-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır. Həmin Qanunun 27-ci maddəsinin İ hissəsinin, İV,Vİ,Vİİ,X, Xİİİ bəndlərinə əsasən Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri olan hüquqi və fiziki şəxslər, atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınmasına, onların təkrar işlədilməsinə, zərərsizləşdirilməsinə, belə maddələrin istehsalına dair tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə, atmosfer havasına atılan zərərli maddələrin və onların mənbələrinin uçotunun aparılmasını, həmçinin müəyyən edilmiş normativlərə əməl olunmasına istehsalat nəzarətini keçirməyə, atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyə və onların istismar qaydalarına əməl etməyə, atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin sərəncamlarını və yazılı göstərişlərini yerinə yetirməyə, atmosfer havasının mühafizəsinə dair müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər tələblərə əməl etməyə borcludurlar. Bu Qanunun 28-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə; 28.0.1. bu Qanunda nəzərdə tutulmuş zərərli maddələrin atılmasını və zərərli fiziki təsirlərin normativləri və hədlərini aşdıqda; 28.0.3. xüsusi icazədə göstərilmiş normalardan artıq zərərli maddələri atdıqda və zərərli fiziki təsir etdikdə; 28.0.5. atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuları və avadanlıqları istismara verdikdə; 28.0.7. atmosfer havasının mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərini yerinə yetirmədikdə; 28.0.9. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl etmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs MMC-nin nümayəndəsinin “Ankat-64M3-04” tipli qaz analizatoru ölçmə vasitəsinə etirazına münasibətdə qeyd edir ki, "xxxx" MMC tərəfindən 22 dekabr 2023-cü il tarixdə verilmiş OMS K 21847 nömrəli kalibrləmə sertifikatının surətindən görünür ki, Rusiya istehsalı olan “Ankat-64M3-04” tipli qaz analizatoru ölçmə vasitəsinin, ölçmə diapazonu, CO- (0+200)mg/m3, O2-(0+30)%Vol, H2S-(0+40)mg/m3 göstərilmiş, habelə 21 iyun 2024-cü il tarixədək kalibrlənmişdir. Bundan başqa, hazırkı inzibati xəta haqqında iş üzrə X8 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən monitorinq müəssisə daxilində, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə deyil, Şəxs MMC-dən kənarda, yəni MMC-nin darvazasından təxminən 5 metr aralı məsafədə aparılmışdır. Məhz bu səbəbdən də hazırkı inzibati xəta haqqında iş üzrə araşdırma zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2ci maddəsinin tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Göründüyü kimi, Şəxs MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması iş materialında olan akt, protokol, məlumat, fotoşəkillər və işdə olan digər sənədlərlə də, müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar; 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236-242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini, o cümlədən, törədilmiş inzibati xəta nəticəsində ətraf mühitin ciddi ziyana məruz qalmaqla, bu xətanın insanların sağlamlığına mənfi təsir göstərməsini, Şəxs MMC-nin müəyyən qədər maliyyə vəsaiti sərf edib ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq əvəzinə, maraqlarını təmin etməklə, maliyyə üstünlüyü əldə etməsini, habelə inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, yəni, ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasını, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs MMC-yə İXM-nin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddindən artıq miqdarda cərimə tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, cəmiyyətə 11000 (on bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-116/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-116/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver