Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-118/2021 02.08.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Siyəzən rayon Həmyə Bələdiyyəsinin sədri X1 iştirakları ilə Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən Siyəzən rayon Həmyə Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 271ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 17 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Siyəzən rayon Həmyə Bələdiyyəsinin ərazisində bərk məişət tullantıları qanunsuz olaraq qalaqlanır və yandırılır. Bələdiyyə tərəfindən tullantıların idarə olunması ilə bağlı heç bir tədbir görülmür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən orqan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, Siyəzən rayonu ərazisində Azərbaycan Respublikası “X5 haqqında” və İstehsalat və Məişət tullantıları haqqında” Qanunlarının icra olunması vəziyyətinin araşdırılması məqsədilə İdarə əməkdaşları tərəfindən Siyəzən rayonu ərazisində 16-17 iyun 2021-ci il tarixlərdə keçirilmiş reyd zamanı Siyəzən rayonu Həmyə bələdiyyəsinin Böyük Həmyə kəndi ərazisində bərk məişət tullantılarının bələdiyyə ərazisində qanunsuz olaraq qalaqlandığı, yandırıldığı və qanunamüvafiq əraziyə daşınmadığı aşkar olunmuş, habelə faktla əlaqədar 17 iyun 2021-ci il tarixdə müvafiq akt tərtib olunmuş, bundan sonra, Siyəzən rayon Həmyə Bələdiyyəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Siyəzən rayon Həmyə Bələdiyyəsinin sədri X3 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi bələdiyyəni İXM-nin 271-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, bələdiyyə məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, eləcə də emalı üçün zəruri texniki vasitə və avadanlıqlara malik deyildir. Bu səbəbdən də Siyəzən rayonu, Böyük Həmyə kəndində Həmyə bələdiyyəsinin ərazisində vətəndaşlar tərəfindən atılmış bərk məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, eləcə də emalı mümkün olmamışdır. Bununla belə, aşkar edilmiş nöqsan artıq aradan qaldırılmışdır. Odur ki, törədilmiş əməlin məqsədyönlü şəkildə edilməməsinin nəzərə alınmasını xahiş edir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Siyəzən rayon Həmyə Bələdiyyəsi İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 17 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan, o cümlədən təqdim edilmiş mötəbər sənədlərdən görünür ki, Siyəzən rayon Həmyə Bələdiyyəsinin ərazisində bərk məişət tullantıları qanunsuz olaraq qalaqlanır və yandırılır. Bələdiyyə tərəfindən tullantıların idarə olunması ilə bağlı heç bir tədbir görülmür. Bundan əlavə, qeyd olunan bu hal Siyəzən rayon Həmyə Bələdiyyəsinin sədri tərəfindən etiraf edilməklə, törədilmiş əməlin məqsədyönlü şəkildə edilmədiyi bildirilmiş, habelə qeyd olunan vəziyyəti bələdiyyənin məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, eləcə də emalı üçün zəruri texniki vasitə və avadanlıqlara malik olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən X5 tələblərinə əməl edilməməsi inzibati xətaya səbəb olan əməldir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydasının 10.5-ci bəndinə əsasən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər bələdiyyələr tərəfindən həyata keçirilir. Odur ki, Siyəzən rayon Həmyə Bələdiyyəsi İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Siyəzən rayon Həmyə Bələdiyyəsinə İXM-nin 271-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Siyəzən rayon Həmyə Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bələdiyyəyə 6500 (altı min beş yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-118/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-118/2021
02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver