Məhkəmə qərarları › İş №3(059)-12/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-12/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-12/2023 22.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən orqan, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə xx xxxx 1979-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 icra sənədi üzrə Şəxs İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Qida X1 regional bölməsinin 15 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli icra sənədinə əsasən Şəxs 1500 manat cəriməni ödəmir. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən 02 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərtib edilmiş protokolu müdafiə edərək, izahatında bildirdi ki, kəsim sexində sanitariya qaydalarına riayət edilmədiyi üçün Şəxs inzibati qaydada 1500 manat cərimə edilmiş və sonuncu bu cəriməni qeyri-qanuni hesab edərək, onu ödəməməkdə israr edir. Qeyd olunan qərar 06 yanvar 2021-ci il tarixdə rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, 22 yanvar 2021-ci il tarixdə isə Şəxs tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, lakin, həmin vaxtdan hazırki dövrə qədər cərimədən hər hansı bir məbləğdə ödəniş edilməmiş, bu hal işsizliklə əlaqələndirilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə Şəxs bildiriş göndərilmiş, izahatı alınmış, çağırışlara vaxtlıvaxtında gəlmiş, lakin işsiz olduğu üçün cəriməni ödəyə bilmədiyini bildirmişdir. Bundan əlavə, Şəxs işaxtaran kimi qeydiyyatda olması ilə əlaqədar rayon icra və probasiya şöbəsində hər hansı bir məlumat da mövcud deyildir. Eyni zamanda, Şəxs adına pul vəsaitinin və ya qiymətli əşyasının olub-olmaması ilə bağlı banklara sorğular verilməmiş, tələbin yönəldilə biləcəyi qiymətli əmlakının aşkar edilməsi istiqamətində onun yaşayış evinə baxış keçirilməmiş, habelə icra işinə bu barədə hər hansı sənəd əlavə edilməmişdir. Odur ki, Şəxs borclu olduğu məbləği qərəzli şəkildə ödəmədiyi üçün sonuncunun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, əvvəllər "xxxx" ASC-də işləsə də, oradan çıxdıqdan sonra kəsim sexi açaraq, həmin sexi işlətmişdir. Bundan sonra, sexdə bir müddət iş olmadığından kərpic zavodunda bir ay işləmiş, habelə ola bilər, həmin ərəfədə VÖEN açılsa da, bağlatdırmamışdır. Hazırda heç bir yerdə işləməsə də, müəllim işləyən arvadının və anasının köməkliyi ilə birtəhər dolanırlar. Həmin cərimə ona qeyri-qanuni yazılsa da, o, maddi imkanının olmaması səbəbindən həmin cəriməni ödəyə bilmir. Bundan əlavə, hüquqi şəxsin cəriməsini fiziki şəxsə yazmaqla, haqsızlıq etmişlər. Kiminsə tapşırığı ilə aradabir gördüyü işlərə, o cümlədən sürücülük fəaliyyətinə görə 15-20 manat qazanc əldə edir. Hazırda isə sürücülük fəaliyyəti də göstərmir. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etməməsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edirəm ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) Azərbaycan Respublikasının Qida X1 regional bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxsin) nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Azərbaycan Respublikasının Qida X1 regional bölməsinin 15 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli icra sənədi icra olunması üçün 06 yanvar 2021-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, 07 yanvar 2021-ci il tarixdə həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə Şəxs 22 yanvar 2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İş materiallarından, o cümlədən şəxsi məlumatların elektron çıxarışlarından görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, hazırda sonuncu fəaliyyətini müvəqqəti dayandırmışdır. Eyni zamanda, Şəxs adına daşınmaz əmlak, nəqliyyat vasitəsi aşkar, sosial ödəniş alması isə müəyyən edilməmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 04 yanvar 2006-cı il təvəllüdlü Sayad, 06 may 2007-ci il təvəllüdlü Novruzəli, 04 fevral 2011-ci il təvəllüdlü Hüseyn adında üç yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. İş materiallarından, o cümlədən şəxsi məlumatların elektron çıxarışlarından görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN **********), olmaqla, yanaşı sonuncu fəaliyyətini müvəqqəti dayandırsa da, fərdi sahibkar statusunu itirməmişdir. Çünki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 02 fevral 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində, həmçinin hazırda məhkəmə iclasında verdiyi izahatında işsiz olması ilə əlaqədar maddi vəziyyətinin aşağı olmasını əsas gətirməklə, cəriməni ödəmədiyini göstərsə də, o, kifayət qədər əsaslar olmadan barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın icrasından uzun müddət yayınmış, bunun üçün özünü müdafiə xarakterli mövqe tutmaqla, əsassız mülahizələr irəli sürmüş, arqumentlərlə çıxış etməklə, maddi sıxıntı çəkməsi ilə bağlı təsəvvür yaratmağa çalışmışdır. Yəni, Şəxs kifayət qədər əsaslar olmadan inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın təyin etdiyi cəriməni ödəmək əvəzinə, qanunvericinin humanist mövqeyindən öz xeyrinə istifadə edərək, həmin qərarı icra etməməyə görə İXM-nin 529.1-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməklə, ondan yayınmağı üstün tutmuş, dövlətin mənafeyindən irəli gələn öhdəlik üzrə vəzifələrinin icrası ilə əlaqədar qeyri-səmimilik nümayiş etdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, icra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını həyata keçirirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İşin faktiki hallarından göründüyü kimi hazırkı vəziyyətdə təyin edilmiş tənbehin icrası qaydası və şərtlərinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qərəzli icra edilməməsi halı kifayət qədər araşdırılmamış, o cümlədən onun inzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdə yetərli icra tədbirlərinin görülmədiyi aşkar edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daşınar və daşınmaz əmlaka malik olması vəziyyəti yoxlanılsa da, sonuncunun adına pul, qiymətli kağız, qızıl, əmanət və digər qiymətli əşyanın olubolmaması ilə bağlı aidiyyəti təşkilatlara sorğular verilməmiş, tələbin yönləndirilməsi üçün əmlakının və ya ev heyvanlarının olub-olmamasını müəyyən etmək məqsədilə evinə və digər yerlərə baxış keçirilməmiş, işaxtaran kimi məşğulluqda qeydiyyatda olub-olmaması barədə hallar araşdırılmamışdır. Bu mənada qeyd olunur ki, Şəxs işsiz olmaqla, maddi məhrumiyyətlər içərisində yaşamasını təsdiq edən mötəbər sənəd və ya sübut inzibati xəta haqqında materiala əlavə edilməmiş, bu arqumentlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qəsdən, o cümlədən məqsədyönlü şəkildə tənbehinin icrasından qərəzli boyun qaçırmaq niyyəti ilə edilib-edilməməsi də təfərrüatlı şəkildə aydınlaşdırılmamış, beləliklə də, real həqiqət aşkara çıxarılmamış, zəruri məcburi icra tədbirləri həyata keçirilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinin İX və X hissələrinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Beləliklə, təqdim olunmuş sənədlərdən göründüyü kimi Siyəzən rayon icra və probasiya şöbəsində İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilənədək aparılmış inzibati araşdırma natamam olmuş, bu isə işə mahiyyəti üzrə baxılıb tamamlanmasına maneə olan, aradan qaldırılması məhkəmə iclasında mümkün olmayan çatışmazlıqların yaranmasına səbəb olmuşdur. İXM-nin 109-cu maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında araşdırma natamamlıqla aparıldığına və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldım: Şəxs İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* saylı protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Siyəzən rayon icra və probasiya şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar