Məhkəmə qərarları › İş №3(059)-120/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-120/2021

06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-120/2021 06.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə xx xxxxxx 1969-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, subay, Rusiya Federasiyasının Murmansk şəhərində qeydiyyatda olmaqla, Siyəzən rayonu, Sədan kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X7 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, borclu Şəxs X2 təsir göstərərək Siyəzən Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(059)-342/2020 saylı icra sənədinə əsasən sonuncunun tələbkar Zərərçəkmiş şəxs verilməsinə mane olur. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən 06 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X7 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(059)-342/2020 saylı icra sənədi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarla icraata başlanılmış, borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədi ümumiyyətlə, üzrsüz səbəbdən icra edilməmiş, habelə borclu çağırışlara vaxtlı-vaxtında gəlsə də, özü ilə icra yerinə gətirdiyi yetkinlik yaşına çatmayan Nərgiz Ucaqovanı anası tələbkar Zərərçəkmiş şəxs təhvil verməmiş, habelə uşağa təsir göstərərək icra sənədinin icrasına mane olmuşdur. Hətta, məsələnin aydınlaşdırılması və icra sənədinin icrasının təmin olunması üçün müvafiq mütəxəssis rəyi alınmış, bu zaman borclunun uşağa təsir göstərdiyi müəyyən olunmuşdur. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına, habelə buna süni maneələr yaratdığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə qızı Nərgiz ondan alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Bu məqsədlə o, icra məmurunun çağırışlarına vaxtlı-vaxtında getməklə, qızı Nərgizi də icra yerinə özü ilə aparmış, lakin, sonuncu özü anası Zərərçəkmiş şəxs ilə getməkdən imtina etmişdir. Bununla bağlı müvafiq sənədləşmələr aparılmış, müvafiq icra tədbirləri görülmüşdür. Bundan əlavə, o, qızı Nərgizə hər hansı bir formada təsir və ya təzyiq göstərməmiş, bu uşağının öz seçimi olmuşdur. Bu səbəbdən də uşağa təsir və ya təzyiq göstərməsi ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir. Odur ki, qeyd olunanların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Muradov X6 Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli icra sənədini icra etməkdən qəsdən yayınmış və həmin icra sənədi hazırkı vaxtadək icra edilməmişdir. Belə ki, qeyd olunan icra sənədi üzrə qızı Nərgiz uşağın faktiki atası, habelə atalığını etiraf etməyən Şəxs alınaraq ona verilməli olsa da, sonuncu buna uşağa təsir və təzyiq göstərməklə, mane olur. Qızı Nərgiz hazırda atalığı müəyyən olunmamış borclunun və ögey ananın yanında yaşayır. Bu hal isə ona təsir edir. Bundan əlavə, borclu uşağının təhsili ilə də maraqlanmır. Nəticə etibarilə, məhz borclunun hərəkətləri nəticəsində qızı Nərgiz onunla qalmaqdan imtina edir. Əgər borclu istəsə, qızı Nərgiz onunla gedər. Bu səbəbdən də, o, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(059)-342/2020 saylı icra sənədi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. İşdə olan Siyəzən şəhər N.Əsədov adına 4 saylı tam orta məktəbin psixoloqu X1 Siyəzən rayon İcra və probasiya şöbəsinə ünvanlandığı rəydən görünür ki, 30 may 2012-ci il təvəllüdlü X4 ilə aparılan söhbət zamanı sonuncu yaşına uyğun olmayan ifadələr işlətmiş, habelə bu zaman o, yanında işlədilən ifadələri təkrar etməklə, təsir altında olmuşdur. Bundan əlavə, Nərgiz Ucaqova fikirlərini sərbəst şəkildə ifadə edə bilməməklə, təhsildən yayınır. Belə olan təqdirdə Nərgiz gələcəkdə özünü normal bir insan kimi təsdiqləyə bilməyəcəkdir. Bundan əlavə, Nərgiz Ucaqovada anasına qarşı mənfi fikirdə olmasına şərait yaradılır. Hətta, anası həftədə bir dəfə qızı ilə görüşməyə razı olsa da, ata buna vaxtının olmadığını qeyd etmişdir. Buradan da, atanın şəxsi marağı naminə Nərgiz Ucaqovanı anasına vermək istəmədiyi, buna maraqlı olmadığı müəyyən olunmuş, uşağın anaya qarşı belə münasibət göstərməsinin ataya sərf etdiyi aydınlaşmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin kifayət qədər yaşının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən öz əməlinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar