Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-122/2019 04.06.2019 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə "xxxx" ASC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş 01 may 2019-cu il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta protokoldan görünür ki, "xxxx" ASC 41100 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından 28 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 270 gündən artıq müddət keçsə də, 3 822 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi ASC -ni İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Türkiyə Respublikasının X4 şirkəti ilə "xxxx" ASC arasında 01 iyun 2018-ci il tarixdə bağlanmış 06-18 nömrəli müqavilə şərtlərinə əsasən şirkət adından "xxxx" ASC-nin adına 24 yanvar 2019-cu il tarixdə 06 yerlik, 118,7 kq çəkidə yük daxil olmuşdur. Müqavilə bağlanması, pulun ödənilməsi, malların Azərbaycan Respublikasına daxil olması və müvafiq qaydada gömrük rəsmiləşdirilməsinin aparılması 270 gündən artıq müddət deyil, 243 günü əhatə etmişdir. Çünki, "xxxx" ASC tərəfindən X4 şirkətinə müqavilə şərtlərinə uyğun olaraq iki dəfə 07 iyun 2018-ci il tarixdə 41 100 ABŞ dolları və 28 iyun 2018-ci il tarixdə 41 100 ABŞ dolları məbləğində pul AG Bank ASC vasitəsilə ödənilmiş və hazırkı inzibati xəta haqqında protokolda yalnız xarici şirkətə ödənilən 41 100 ABŞ dolları məbləğdə puldan 3 822 ABŞ dolları məbləğdə pula münasibətdə yüklərin ölkəyə daxil olmaması göstərilmişdir. Yüklər Azərbaycan Respublikasına 24 yanvar 2019-cu il tarixdə daxil olmuş, 29 yanvar 2019-cu il tarixdə ASC tərəfindən gömrük rəsmiləşdirilməsi aparılması üçün gömrük orqanına müraciət edilmiş, həmin tarixdə gömrük bəyannaməsi tərtib edilmiş, yüklər **********2555 nömrəli gömrük bəyannaməsi ilə saxlanca qəbul edilmişdir. Yükləri saxlanca verməkdə məqsədləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" ASC-yə verilmiş investisiya təşviqi sənədinə əsasən yüklərin gömrük rüsumu və vergilərdən azad olunması üçün İqtisadiyyat Nazirliyi tərəfindən həmin yüklərə təsdiq sənədi almaq olmuşdur. 01 aprel 2019-cu il tarixdə ASC tərəfindən gömrük rəsmiləşdirilməsi aparılmış, həmin yüklər "xxxx" ASC-yə təhvil verilmişdir. Tərəflər müqavilə üzrə öhdəlikləri tam icra etmiş, bununla bağlı AG Bank ASC-yə məlumatlar verilsə də, Bank təqdim edilən məlumatları Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməmişdir. Ona görə "xxxx" ASC barəsində əsassız protokol tərtib edilmişdir. Odur ki, baş vermiş hadisədə hüquqlarını təmsil etdiyi hüquqi şəxsin təqsirinin olmamasının nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC tərəfindən X4 şirkətinə həmin şirkətlə 01 iyun 2018-ci il tarixdə bağlanmış 06-18 nömrəli müqaviləyə əsasən 28 iyun 2018-ci il tarixdə AGBank ASC vasitəsilə 41 100 ABŞ dolları pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş 01 aprel 2019cu il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, Türkiyə Respublikasının X4 şirkəti ilə "xxxx" ASC arasında 01 iyun 2018-ci il tarixdə bağlanmış 06-18 nömrəli müqavilənin şərtlərinə əsasən qeyd edilən xarici şirkət adından "xxxx" ASC-nin adına 06 yerlik 118,7 kq çəkidə quşçuluq avadanlığı hissələri 24 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və həmin avadanlıqların dəyəri 3 822 ABŞ dolları təşkil etmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi hazırda hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 01 iyun 2018-ci il tarixdə bağlanmış 06-18 nömrəli müqaviləyə əsasən "xxxx" ASC və X4 şirkəti üzərlərinə götürmüş olduqları öhdəlikləri tam icra etmiş, yəni 3822 ABŞ dolları dəyərində olan mallar 24 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuş, 29 yanvar 2019-cu il tarixdə ASC tərəfindən gömrük rəsmiləşdirilməsi aparılması üçün gömrük orqanına müraciət edilmiş, həmin tarixdə gömrük bəyannaməsi tərtib edilmiş, yüklər **********2555 nömrəli gömrük bəyannaməsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" ASC-yə verilmiş investisiya təşviqi sənədinə əsasən yüklərin gömrük rüsumu və vergilərdən azad olunması üçün İqtisadiyyat Nazirliyi tərəfindən həmin yüklərə təsdiq sənədi almaq məqsədilə saxlanca qəbul edilmiş, 01 aprel 2019-cu il tarixdə isə gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmışdır. Bununla bağlı AGBank ASC-yə məlumat verilsə də, bank həmin məlumatları Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməmiş, əksinə Palataya əvvəlcədən ödənilmiş vəsait hesabına alınan malların ölkəyə vaxtında idxal edilməməsi barədə məlumat vermişdir. Ona görə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "xxxx" ASC barəsində 01 may 2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, işin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasından kənara qabaqcadan 28 iyun 2018-ci il tarixdə ödəniş etməklə köçürülmüş vəsait hesabına alınan malların ölkəyə idxalı ödənişin aparıldığı gündən 270 gün ərzində, yəni 24 yanvar 2019-cu tarixdə təmin edilməklə saxlanca verilmişdir. Belə olan halda məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, qeyd edilən əmələ münasibətdə formal olaraq inzibati xəta hadisəsi baş versə də, mahiyyət etibarı ilə inzibati xəta tərkibi mövcud olmamışdır. Bu halda isə "xxxx" ASC-nin qəsdən və ya ehtiyatsızlıqdan təqsirli hesab edilməklə inzibati xəta sayılan əməl törətməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli qərarı il təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Siyəzən Broyler ASC tərəfindən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq mallar idxal edilməklə müəssisənin anbarına mədaxil olunduğundan ASC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, qərara aldım:
1. "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilsin və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim : Bəylər Ələkbərov