Məhkəmə qərarları › İş №3(059)-123/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-123/2023

25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-123/2023 25.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxxxx 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən 25 iyun 2023-cü il tarixdə tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 24 iyun 2023-cü il tarixdə, saat 17:53 radələrində Zərərçəkmiş şəxs maddi məsuliyyətli inzibatçı işlədiyi, Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin filialından 1 ədədinin qiyməti 6,45 manat olan 2 ədəd 250 qramlıq “Champion pekoe” və qiyməti 12,63 manat olan 1 ədəd 500 qramlıq “Champion pekoe” çaylarını oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, göstərdi ki, 24 iyun 2023-cü il tarixdə, saat 19:00 radələrində şikayət ərizəsi əsasında Şəxs Siyəzən RPŞ-nin PPXT-nın əməkdaşları tərəfindən şöbəyə gətirilmiş, həmin vaxtdan da, tutma protokolu tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, 24 iyun 2023-cü il tarixdə, saat 17:53 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən “OBA” marketə daxil olaraq, oradan iki ədəd 250 qramlıq “Champion” çay qutusunu götürüb, qarın nahiyəsinə yerləşdirərək çıxmışdır. Qutulardan birini istifadə etmiş, digərini isə 5 manat pul müqabilində tanımadığı şəxsə satmışdır. Daha sonra, RPŞnin adını bilmədiyi polis əməkdaşı onu çağıraraq çay oğurladığını bildirmiş, o, da törətdiyi əməli etiraf etmişdir. Bundan əlavə, həm RPŞ-də, həm də hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri ödəmək istəsə də, sonuncu bununla razılaşmır. Eyni zamanda, törətdiyi əməldən peşmançılıq çəkməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs marketdən iki qutu çay oğurladığını bildirsə də, həmin vaxt marketin rəfində 500 qramlıq çay qutusu da olmamışdır. Yalnız, üç ədəd çay qutusunun oğurlanıb-oğurlanmamasını kameraya baxdıqdan sonra, dəqiq bilmək olar. Şəxs müxtəlif vaxtlarda marketlərindən məhsullar oğurlaması səbəbindən, sonuncunun vurmuş olduğu zərəri ödəməsini qəbul etməyərək, ondan şikayətçidir və onunla barışmaq istəmir. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbirin görülməsi üçün qəbul edilmiş qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərardan görünür ki, Şəxs 24 iyun 2023-cü il tarixdə, saat 17:53 radələrində Zərərçəkmiş şəxs maddi məsuliyyətli inzibatçı işlədiyi, Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin filialından 1 ədədinin qiyməti 6,45 manat olan 2 ədəd 250 qramlıq “Champion pekoe” və qiyməti 12,63 manat olan 1 ədəd 500 qramlıq “Champion pekoe” çaylarını oğurlamışdır. Lakin, işin faktiki hallarından, o cümlədən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlardan və fotoşəkillərdən görünür ki, Şəxs 24 iyun 2023-cü il tarixdə, saat 17:53 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin filialına daxil olaraq, oradan eyni rəfdən iki ədəd 250 qramlıq “Champion” çay qutusunu oğurlamışdır. Beləliklə, Şəxs məlum mağazadan 1 ədədinin qiyməti 6,45 manat olan 2 ədəd 250 qramlıq “Champion pekoe” çaylarını oğurlaması öz təsdiqini tapsa da, qiyməti 12,63 manat olan 1 ədəd 500 qramlıq “Champion pekoe” çayını oğurlaması halı müəyyən edilməmişdir. İşdə olan 25 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizədən görünür ki, Şəxs onun inzibatçı işlədiyi "xxxx" MMC-nin filialından mütəmadi olaraq oğurluq etdiyindən onun hazırkı iş üzrə dəymiş zərəri ödəməsi barədə təklifini qəbul etmir və ona qarşı şikayətçi olmaqla, onunla barışmır. Bundan əlavə, Zərərçəkmiş şəxs qəbul etməməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vurduğu zərəri ödəmək niyyəti büruzə vermişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, Zərərçəkmiş şəxs qəbul etməməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərəri ödəməyə cəhd göstərməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin sonuncu 01 dekabr 2022-ci il tarixli, 3(059)-214/2022 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran halı, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər mülkiyyət əleyhinə, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xəta və cinayət əməli törətməsinə görə müvafiq olaraq inzibati tənbeh və məhkum edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yüngülləşdirici halı, habelə zərərin cüzi miqdarda olmasını nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 24 iyun 2023-cü il tarixdə, saat 19:30-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək ictimai işlər cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-1, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 180 (bir yüz səksən) saat ictimai işlər təyin olunsun. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. İnzibati tənbehin müddəti Şəxs ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə tapşırılsın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Zərərçəkmiş şəxs Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar