Məhkəmə qərarları › İş №3(059)-125/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-125/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-125/2021 27.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxx 1995-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 26 iyul 2021-ci il tarixdə, saat 14:20 radələrində Siyəzən şəhəri, M.Zəkiyev küçəsində ünvansız nalayiq sözlər işlətməklə, səs-küy salaraq ictimai qaydanı pozmuş, həmçinin həmin məqamda xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, onların şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, habelə hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən 26 iyul 2021ci il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 3(059)-125/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-125/2021 saylı və 3(059)- 126/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-125/2021 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞnin əməliyyat müvəkkili Akşin Vəliyev tərəfindən tərtib edilmiş raport icraata daxil olmuş və həmin raportla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində onun tərəfindən materiallar toplanmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 510-cu və 535.1-ci maddələrinin tərkibi olduğundan protokollar tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, son vaxtlar özündən asılı olmayaraq səbəbsiz əsəbləşir və bununla əlaqədar anası Kəmalə Musayeva ilə onun arasında tez-tez mübahisələr baş verir. 26 iyul 2021-ci il tarixdə, saat 14:00 radələrində yenə səbəbsiz yerə əsəbləşdiyindən növbəti dəfə anası Kəmalə Musayeva ilə mübahisə edib, aşağı düşmüş, yaşadığı Siyəzən şəhərinin M.Zəkiyev küçəsindəki 27 saylı evin 12-ci mənzilinə qayıdarkən anasının DİN-in 102 xidmətinə zəng etdiyini müəyyən etmişdir. Bundan bir qədər sonra, yəni saat 14:20 radələrində Siyəzən RPŞ-nin əməkdaşları onun yaşadığı ünvana gəlmiş, bu zaman o, polis əməkdaşlarını gördüyü üçün yenidən əsəbləşmiş, habelə sonuncularla evdən çıxaraq yaşadığı binanın qarşısına düşərkən girişin qabağında özündən asılı olmayaraq ünvansız nalayiq ifadələr işlətməyə, səs-küy salmağa başlamış, habelə polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər. Lakin, o, bu tələbə əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmiş və polis əməkdaşlarının xidməti avtomaşına əyləşməklə, onlarla birlikdə Siyəzən RPŞ-yə getməklə bağlı digər tələbi ilə də razılaşmayaraq qaçıb hadisə yerindən uzaqlaşmağa çalışsa da, buna nail ola bilməmiş, RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, 2021-ci ilin may ayının əvvəllərindən 26 iyul 2021-ci il tarixə kimi olan müddət ərzində oğlu Şəxs birgə yaşadıqları Siyəzən şəhərinin M.Zəkiyev küçəsindəki 27 saylı evin 12-ci mənzilindən ona məxsus 1 ədəd elektrik samovarını və nikahlarının ləğv edildiyi arvadına aid soyuducunu icazəsiz apararaq satmış, həmçinin həmin əşyaların puluna öz istifadəsi üçün narkotik vasitələr almışdır. Oğlu Şəxs keçirdiyi həyat tərzi onun xoşuna gəlmədiyi üçün bununla bağlı dəfələrlə sonuncuya kəskin iradlarını bildirsə də, bunun nəticəsi olmamış, həmçinin oğlu Ələkbər onunla tez-tez mübahisələr etməklə, onu nalayiq ifadələrlə təhqir etmişdir. Əvvəllər mübahisələrə dözüb, səbr etsə də, qeyd olunan əşyaların oğlu tərəfindən zərərli vərdişi üçün evdən icazəsiz aparılması, onda kəskin narazılıq yaratmış, bu səbəbdən də, 26 iyul 2021-ci il tarixdə, saat 14:00 radələrində oğlu ilə yenidən mübahisə etmiş, sonuncu evdən çıxıb binanın qarşısına düşdükdən sonra evindən aparılmış əşyalarının qaytarılmasında ona köməklik göstərilməsi ilə əlaqədar DİN-in 102 xidmətinə zəng etmişdir. Bundan bir qədər sonra oğlu Ələkbər evə qayıtmış, sonuncu ona aid mobil telefona baxıb, DİN-in 102 xidmətinə zəng etdiyini görmüş, hansı səbəbdən bunu etməsi ilə maraqlanmışdır. Daha sonra, saat 14:20 radələrində Siyəzən RPŞ-nin əməkdaşları onların yaşadıqları ünvana gələrək, hər ikisinin də izahatını almış, bu zaman oğlu Ələkbər evdə özünü sakit aparmış, narazılıq etməsə də, hərəkətlərindən əsəbi və gərgin olduğu müşahidə edilmişdir. Bundan sonra, Siyəzən RPŞ-nin əməkdaşları oğlu Ələkbəri RPŞ-yə dəvət etmiş və sonuncu polis əməkdaşları ilə evdən çıxmış, o, isə yaşadıqları ünvanda qaldığından oğlunun sonrakı hərəkətlərindən məlumatlı olmamışdır. İşdə olan Siyəzən RPŞ-nin məsul növbətçisi əvəzi Tural Cəfərovun 26 iyul 2021-ci il tarixli raportunun surətindən görünür ki, 26 iyul 2021-ci il tarixdə, saat 13:32 radələrində DİN-in 102 xidmətindən daxil olmuş ********* nömrəli məlumatda ünvan 1 ünvanında yaşayan X1 narkotik maddə aludəçisi olan oğlu Ələkbərin ona məxsus samovarı oğurlaması barədə məlumat verdiyi bildirilmişdir. İşdə olan sənədlərdən, o cümlədən Siyəzən RPŞ-nin əməliyyat müvəkkili Akşin Vəliyev tərəfindən 26 iyul 2021-ci il tarixdə tərtib edilmiş raportun, sonuncunun, eləcə də RPŞ-nin TQ-nin baş təhqiqatçısı X4, növbətçi hissənin sürücü polis nəfəri X6 izahatlarının surətlərindən görünür ki, Şəxs 26 iyul 2021-ci il tarixdə, saat 14:20 radələrində Siyəzən şəhəri, M.Zəkiyev küçəsində ünvansız nalayiq sözlər işlətməklə, səs-küy salaraq ictimai qaydanı pozmuş, həmçinin həmin məqamda xidməti vəzifəsini yerinə yetirən, onu nizamintizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, onların şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, habelə hadisə yerindən qaçmağa cəhd göstərmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi kimi yüngülləşdirən halın olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də yaşadığı küçədə ünvansız nalayiq ifadələr işlədərkən xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, bundan sonra, polis əməkdaşlarının onlarla birlikdə RPŞ-yə getməklə bağlı digər qanuni tələblərinə əməl etməyib, hadisə yerindən qaçaraq uzaqlaşmağa, bununla da məsuliyyətdən yayınmağa cəhd etməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 26 iyul 2021-ci il tarixdə, saat 15:00 radələrindən inzibati qaydada tutulması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 26 iyul 2021-ci il tarixdən saat 15.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar