Məhkəmə qərarları › İş №3(059)-126/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-126/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-126/2024 20.06.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşı X9 05 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşı tərəfindən 31 mart 2024-cü il tarixdə tərtib edilən İXP seriyalı, ******* saylı protokol əsasında qəbul edilmiş 05 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə, barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi X7 tərəfindən onunla əsaslandırılmışdır ki, 31 mart 2024-cü il tarixdə, təxminən saat 16:52 radələrində Quba rayonu ərazisindən “Ford Cargo” yük markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilə 32010 kq şeben yükləyərək Bakı şəhərinə doğru hərəkətdə olmuş, Şabran rayonunun Gəndov kənd ərazisində yenidən yükü tərəzi də çəkilərkən yük 28 655 kq olmuşdur. Bir qədər Bakı şəhəri istiqamətinə hərəkət etdikdən sonra Siyəzən rayonunun Zarat kəndi ərazisində, Bakı-Quba-Dağıstan yolunun 83 km-də YPX postunda onu İ Tağım YPX inspektoru polis baş serjantı X10 tərəfindən saxlanılaraq, sənədləri yoxlanılmışdır. O, sənədlərini inspektor Rövşən İmanova təqdim etmiş, sonuncu isə normadan artıq yük aparmasını bildirərək, yenidən istədiyi tərəzidə maşındakı yükün miqdarını çəkməyi tələb etmişdir. Bir qədər sonra Quba istiqamətində geri qayıdaraq, bir tərəzi xidmətinə getmişlər. Orada heç kəs olmasa da, Rövşən İmanov tərəzidə xidmət göstərən şəxsi mobil telefon vasitəsi ilə zəng edərək çağırmış və onun iştirakı olmadan məxfi nə isə danışılmaqla, yük maşınını tərəziyə çıxartmışlar. Bu dəfə yük maşını yüklə birlikdə 33 900 kq gəlmiş, o, bununla razılaşmasa da, ondan yük maşınını stasionar postun həyətində saxlamağını tələb etmişlər. Növbəti gün, yəni, 01 aprel 2024-cü il tarixdə o, Binəqədi rayon ərazisində yerləşən Baş Dövlət Yol Polis İdarəsində 402 nömrəli otağa getmiş və İ Tağım YPX inspektoru polis baş serjantı X4 qanunsuz hərəkətləri barədə bildirmişdir. Oradakı 402 nömrəli otaqdan ona yük maşınının yenidən tərəzidə çəkiləcəyi bildirilmiş, habelə 02 aprel 2024-cü il tarixdə, saat təxminən saat 12:56 radələrində şəxsən İ Tağım YPX inspektoru polis baş serjantı X4 iştirakı ilə Azərbaycan Avtomobil Yolları X8 Yollarının Mühafizə Xidməti 1 nömrəli X5 avtomobil yenidən çəkilmiş və yükün 31330 kq müəyyən edilmişdir. Bununla belə bəhanələrlə avtomobili 05 aprel 2024-cü il tarixə qədər yenidən cərimə meydançasında saxlanılmış, məcbur edilərək, yükdən bir qədər yerə boşaldılmasına nail olunmuş, bundan sonra isə, avtomobilini hərəkət etməsinə icazə vermişdirlər. Hesab edir ki, İ Tağım YPX inspektoru X10 ona qarşı qərəzli olmuşdur. Ona görə də 05 aprel 2024-cü il tarixdə, ******* TP nömrəli qərar ləğv edilməlidir. İdarə etdiyi yük maşını 4 oxludur. Qəbul olunmuş normaya görə hər oxa 8 000 kq yük düşməli, ümumilikdə maşınının yük kütləsi 32 000 kq artıq olmamalıdır. O, heç bir qanun və qaydanı pozmamışdır. Qeyd etməyi vacib bilir ki, 05 aprel 2024-cü il tarixdə qəbul edilmiş qərarı 15 aprel 2024-cü il tarixdə almışdır. Azərbaycan Respublikası İXM-nin 386-cı və 416.1-ci maddələrinin tələblərini rəhbər tutub, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşı X9 05 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verməklə, əlavə olaraq izahatında göstərdi ki, 31 mart 2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Ford” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilə şeben yüklətdirərkən, bu avtomobilin çəkisi 32010 kiloqram olmuş, habelə Bakı-Quba-Dağıstan sərhədi yolu ilə Bakı istiqamətində hərəkət etməyə başlamışdır. Həmin tarixdə, saat 17:44-də avtomobilinin yükü Şabran rayonunun Gəndab kəndi ərazisində çəkilərkən, yükün 28655 kiloqram çəkidə olması, bundan sonra, avtomobili Siyəzən rayonun Zarat kəndi ərazisinə aparılaraq, habelə orada saat 18:38-də təkrarən çəkilərkən yükün 33935,45 kiloqram çəkidə olması müəyyən edilmişdir. Daha sonra, avtomobili Siyəzən rayonun Zarat kəndi ərazisində yerləşən stasionar posta saxlanılmış, habelə 02 aprel 2024-cü il tarixdə Sumqayıt şəhərinin Hacı Zeynalabdın qəsəbəsi ərazisinə aparılaraq, orada yerləşən tərəzidə ölçülərkən, bu zaman avtomobilinin çəkisi 31330 kiloqram olmuşdur. Hesab edir ki, ona qarşı qərəzi münasibət göstərilmişdir. Odur ki, barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinə qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, həmin orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, habelə məhkəməyə ərizə ilə müraciət edərək, iş yükünün çox olması səbəbindən inzibati xəta haqqında işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Eyni zamanda, şikayətə münasibətdə bu İdarənin nümayəndəsi tərəfindən həmin ərizədə qeyd edilmişdir ki, 31 mart 2024-cü il tarixdə sürücü İlqar Şirinov “Ford” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı-Quba-Dağıstan sərhədi yolunun 83-cü km-də idarə edərkən daşınan yükün normadan artıq olmasına əsaslı şübhə yarandığından Baş DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının 1-ci taqımının YPX inspektoru Rövşən İmanov tərəfindən dayandırılmış, nəqliyyat vasitəsi icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrləri tərəzidə ölçülmüş, yükün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2021-ci il tarixli, 415 saylı Qərarından göstərilən həddən artıq olması təsdiqləndiyindən YPX əməkdaşı tərəfindən sürücü barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi üzrə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim etdikləri zəruri materiallardan da tam aydın olur ki, sürücü İlqar Şirinov yükdaşıma qaydalarını pozmuş və haqlı olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, şikayət əsassız olduğundan təmin edilməməklə, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin YPXA-nın İ tağımının YPX inspektoru X10 tərəfindən 31 mart 2024-cü il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı protokol əsasında Baş X16 İdarəsinin əməkdaşı X12 tərəfindən qəbul edilən 05 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən X7 31 mart 2024cü il tarixdə, saat 19:19 radələrində “Ford Cargo” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Siyəzən rayonunun ərazisindən keçən Bakı-Quba yolunun 83cü kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin 3 saylı X6 31 mart 2024-cü il tarixli, 169 nömrəli qaiməsindən görünür ki, həmin tarixdə, saat 18:38-də “Ford” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daşınan yükün 33935,45 kiloqram çəkidə olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “X17 Sınaq” MMC-nin “ölçmə vasitələrinin yoxlanılması haqqında” 02993/3-2023 nömrəli şəhadətnaməsinin surətindən, “CAS NT- 501A” tipli, zavod (seriya) nömrəsi ********* olan oxlu stasionar elektron avtomobil tərəzisinin son yoxlama tarixi 29 dekabr 2023-cü il olmaqla, 29 dekabr 2024-cü il tarixədək istifadə oluna bilməsi aydın görünür. X2 tərəfindən təqdim edilmiş CD diskə baxış zamanı sonuncu idarə etdiyi dördoxlu yük avtomobilin çəkisinin 32010 kiloqram olduğu etiraf etməklə yanaşı, iş materiallarına əlavə edilmiş “H&S” tərəfindən təqdim edilmiş qaimədə **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin TARA çəkisinin 11170 kiloqram, NETTO çəkisinin 20840 kiloqram, BRUTTO çəkisinin 32010 kiloqram olması qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi inzibati xətaya səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 52-ci bəndinə əsasən iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarının ümumi müddəalarının 3-cü bəndinə əlavə edilmiş 2 nömrəli cədvələ əsasən dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobilin ümumi kütləsi 32 ton həddi aşmamalıdır. Beləliklə, şikayət vermiş şəxsin izahatı, həmçinin məhkəmə iclasında toplanmış, tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edilmişdir ki, X7 31 mart 2024-cü il tarixdə, saat 19:19 radələrində “Ford Cargo” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Siyəzən rayonunun ərazisindən keçən Bakı-Quba yolunun 83-cü kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozmuşdur. Bununla da, X3 şikayətində irəli sürdüyü dəlillər onun subyektiv fikirləri kimi nəzərə alınmalıdır. Çünki, şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmiş, əksinə, sonuncunun şikayət ərizəsinə əlavə etdiyi qaimədən avtomobilə şeben yükləndikdən sonra, avtomobilin çəkisinin 32010 kiloqram çəkidə, icazə verilən çəkidən artiq çəkidə olması müəyyən olunur. Bununla belə iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşı X9 05 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşı X9 05 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar