Məhkəmə qərarları › İş №3(059)-128/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-128/2020

29.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-128/2020 29.07.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X3 iştirakı ilə xx xxxxx 1978-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.1-ci və 227-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 16:50 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimini pozaraq, zərurət olmadan küçəyə çıxmışdır. Bundan başqa, o, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 15:30 radələrində ünvan 2 ünvanının qarşısında X1 55 manat pulu əvvəllər yaranmış 45 manat borcunun müqabilində götürərək anasından bütöv şəkildə 100 manat alıb qaytaracağı adı ilə almış, sonuncunun etibarından sui-istifadə edərək bir daha geri qaytarmamış, bununla da, zərərçəkmiş şəxsə 55 manat məbləğində maddi ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən xx xxxx 2020-ci il tarixli, MN ******* və xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(059)-128/2020 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-128/2020 saylı və 3(059)-129/2020 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-128/2020 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 211-ci və 227-ci maddələri ilə özünü tam təqsirli bilərək izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 16:50 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsində siqaret almağa gedərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq müvafiq icazəsinin olub-olmaması barədə soruşduqda, o, icazəsinin olmadığını bildirmişdir. Beləliklə, o, polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə gətirilmişdir. Bundan başqa, o, Siyəzən şəhəri, T. İsmayılov küçəsində geyim dükanı olan X1 45 manat müqabilində paltar almış, maddi imkanı olmadığından borcunu qaytara bilməmiş, xx xxxx 2020-ci il tarixdə Əfqan Nəcəfova məxsus dükanın qabağında sonuncu ilə rastlaşmışdır. Əfqan Nəcəfov ondan borcunu qaytarmasını tələb edərkən o, Əfqana pulun evdə anasında olduğunu bildirməklə, onu evlərinə dəvət etmişdir. Beləliklə, onlar həmin gün saat 15:30 radələrində ünvan 1 ünvanının qarşısına yaxınlaşmışlar. O, Əfqandan yenidən 55 manat alaraq anası Dəstəgül İlyasovadan 100 manat alıb borcu qaytaracağını bildirmişdir. Maddi imkanı olmadığından həmin pulu götürdükdən sonra evlərinə girmiş və bir daha evdən çıxmamışdır. Əfqan Nəcəfovun onun barəsində şikayət verməsi haqqında isə polis əməkdaşları tərəfindən RPŞ-yə gətirilərkən məlumatı olmuşdur. Hazırda, əməlindən səmimi peşmançılıq çəkdiyinə görə ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, onun Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən kişi-qadın geyimlərinin satışı dükanı vardır. Belə ki, Şəxs ondan bir müddət əvvəl özü üçün pal-paltar almış və sonuncunun ona 45 manat borcu yaranmışdır. xx xxxx 2020-ci il tarixdə özünə məxsus dükanın qabağında olarkən Şəxsla rastlaşmış və sonuncudan borcunun qaytarılmasını tələb etmişdir. Emin ona birlikdə anası ilə yaşadığı evlərinə getməsini təklif etmiş və orada ona olan borcunu verəcəyini vəd etmişdir. Beləliklə, onlar Eminin yaşadığı ünvan 2 ünvanının qarşısına çatarkən Emin ondan yenidən 55 manat pul istəmiş və anasında 100 manat alaraq ona verəcəyini bildirmişdir. O, əvvəl Eminlə razılaşmasa da, sonuncunun vədindən sonra Eminə 55 manat məbləğində pul vermişdir. Emin evlərinə girmiş və o, xeyli müddət gözləməsinə baxmayaraq, Emin çölə çıxmamışdır. Beləliklə, ona ümumilikdə 100 manat zərər dəymişdir və Emindən pulunun qaytarılmasını tələb edir. Odur ki, Emin Nəcəfovla aralarında barışmamasının nəzərə alınmasını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 16:50 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimini pozaraq, zərurət olmadan küçəyə çıxmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs X3 etibarından suiistifadə edərək dələduzluq yolu ilə sonuncunun 55 manat pulunu talamışdır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 211-ci və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 207 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 01 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir. Bu qərarın 1.1-ci bəndinə əsasən adında və 6.1-ci bəndində “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə əvəz edilsin; 1.2-ci bəndinə əsasən 1-ci hissədə “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə, “5 iyul” sözləri “20 iyul” sözləri ilə əvəz edilsin; 1.3-cü bəndinə əsasən aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin: “1.1-1. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.”; 1.4-cü bəndinə əsasən 1.10-cu bənddən “və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri çıxarılsın və həmin bəndə “Çağrı Mərkəzinə” sözlərindən sonra “, “E-Təbib” mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinliklərlə əlaqədar isə 8113 Çağrı Mərkəzinə” sözləri əlavə edilsin. 2-ci bəndinə əsasən müəyyən edilsin ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı: 2.1-ci bəndinə əsasən 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 6 iyul saat 06:00-dək, 2020-ci il 11 iyul saat 00:00-dan 2020-ci il 13 iyul saat 06:00-dək, 2020-ci il 18 iyul saat 00:00dan 2020-ci il 20 iyul saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır. Habelə, həmin qərarın 3-cü bəndinə əsasən Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 255 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti xx xxxxxx 2020-ci il saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 256 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 236 nömrəli Qərarının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilmişdir. 2.1. mətnindən “Lənkəran,” və “Samux,” sözləri çıxarılsın; 2.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin; “2.1. 2020-ci il 25 iyul saat 00:00-dan 2020-ci il 27 iyul saat 06:00- dək, 2020-ci il 1 avqust saat 00:00-dan 2020-ci il 3 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;”; 2.3. 2.2-ci bənddə “20 iyul” sözləri “5 avqust” sözləri ilə əvəz edilsin. Odur ki, Şəxs İXM-nin 211-ci və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi onun səmimi peşmançılıq çəkməsi nəzərə alınır. Bununla belə, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş eyni xətanı, inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin sonuncu xx xxxxxx 2020-ci il tarixli, 3(059)-35/2020 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər də xırda talama ilə əlaqədar inzibati xəta törətməklə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək niyyətinin olmamasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, onun İXM-nin 211 və 227-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 16:50 radələrindən faktiki saxlanılması və bundan sonra həmin tarixdə saat 23:25-dən inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 110-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci və 227-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 35 (otuz beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 16:50-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxs X5, Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar