Məhkəmə qərarları › İş №3(059)-128/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-128/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-128/2021 10.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Protokol tərtib etmiş vəzifəli şəxs, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının direktoru X1 iştirakları ilə Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 271-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 30 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Siyəzən şəhərində formalaşan məişət tullantıları Siyəzən Kommunal Müəssisələr Kombinatı tərəfindən Siyəzən rayonu, Beşdam yolunun kənarı, Siyəzən Asfalt zavodunun yaxınlığında yerləşən boş torpaq sahəsində qalaqlanaraq yandırılır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X5 izahatında göstərdi ki, Siyəzən rayonu ərazisində Azərbaycan Respublikası “X7 haqqında” və İstehsalat və Məişət tullantıları haqqında” Qanunlarının icra olunması vəziyyətinin araşdırılması məqsədilə İdarə əməkdaşlarının 27- 30 iyul 2021-ci il tarixlərdə keçirdikləri reyd zamanı Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı tərəfindən Siyəzən rayonundakı Beşdam yolunun kənarında Siyəzən Asfalt zavodunun yaxınlığında yerləşən boş torpaq sahəsində Siyəzən şəhər ərazisində formalaşan bərk məişət tullantılarının idarə olunması vəziyyətinin qanunamüvafiq qaydada aparılmaması və yandırılması faktı aşkar olunmuş, habelə faktla əlaqədar 30 iyul 2021-ci il tarixdə müvafiq akt tərtib olunmuş, bundan sonra, Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının direktoru X2 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi kombinatı İXM-nin 271-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, Siyəzən rayonundakı Beşdam yolunun kənarında Siyəzən Asfalt zavodunun yaxınlığında yerləşən boş torpaq sahəsinə vətəndaşlarla yanaşı, o, kombinata direktor təyin edilən günə qədər oranın sürücüsü X4 da heç kimdən göstəriş almadan, özbaşına olaraq “Ford” markalı avtomaşınla toplanmış məişət tullantılarını tökmüş, lakin, qalaqlanma olsa da, tullantıların yandırılması olmamışdır. Belə ki, həmin ərazidə məişət tullantılarının yandırılmasını vətəndaşlar da edə bilər. Bundan əlavə, hazırda aşkar edilmiş nöqsan artıq aradan qaldırılmış, poliqon 300-500 metr aralıda yaradılmışdır. Odur ki, törədilmiş əməlin məqsədyönlü şəkildə edilməməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının direktoru X2 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi kombinatı İXM-nin 271-ci maddəsi ilə qismən təqsirli bilməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun, kombinatın bu əməlinə, yəni İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibətdə qismən təqsirli olmasını qeyd etməsi təmsil etdiyi qurumu müdafiə xarakteri daşıyır və gələcəkdə qurumu bu əməllə inzibati məsuliyyətindən yayındırmaq məqsədi güdür. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Siyəzən Kommunal Müəssisələr Kombinatı İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 30 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan, o cümlədən təqdim edilmiş mötəbər sənədlərdən görünür ki, Siyəzən şəhərində formalaşan məişət tullantıları Siyəzən Kommunal Müəssisələr Kombinatı tərəfindən Siyəzən rayonu, Beşdam yolunun kənarı, Siyəzən Asfalt zavodunun yaxınlığında yerləşən boş torpaq sahəsində qalaqlanaraq yandırılır. Kombinat tərəfindən tullantıların idarə olunması ilə bağlı heç bir tədbir görülmür. Bundan əlavə, qeyd olunan bu hal Siyəzən Kommunal Müəssisələr Kombinatının direktoru tərəfindən qismən etiraf edilməklə, törədilmiş əməlin məqsədyönlü şəkildə edilmədiyi bildirilmiş, habelə qeyd olunan vəziyyəti kombinatın sürücüsünün özbaşınalığı, hər hansı bir göstəriş olmadan məişət tullantılarını istifadəsindəki avtomaşınla daşıyaraq əraziyə tökməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən X7 tələblərinə əməl edilməməsi inzibati xətaya səbəb olan əməldir. Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatının nizamnaməsinin 2.4-cü bəndinə əsasən rayon ərazisinin nümunəvi sanitar təmizliyi, vaxtlı-vaxtında məişət və istehsalat tullantılarının daşınması kombinatın vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydasının 6.1-ci bəndinə əsasən məişət tullantılarının daşınmasını, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə, yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilər. Bu Qaydaların 10.4-cü bəndinə əsasən kommunal-təsərrüfat qurumları, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını və daşınmasını təmin etməyə, hər bir xüsusiləşdirilmiş avtomaşın üçün marşrut qrafikini tərtib etməyə, istismar şəraitinin dəyişməsinə uyğun olaraq marşrut qrafikində dəyişiklik etməyə, təsdiq olunmuş marşrut qrafikinin dəqiq yerinə yetirilməsini təmin etməyə, tullantıların tam yığışdırılmasını və poliqonlarda yerləşdirilməsini təmin etməyə, tullantıların daşınması üzrə xüsusiləşdirilmiş avtomaşınların başqa məqsədlər üçün istifadə edilməməsinə, tullantıların qarışmasına yol verməməyə, tullantılar avtomaşınlara yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantıların ətrafa səpələnməsinin qarşısını almağa, ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə, məişət tullantılarının yığışdırılaraq daşınması üçün bağlanmış müqavilələrin bütün şərtlərini tam şəkildə yerinə yetirməyə tullantıların uçotunu aparmağa borcludurlar. İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Odur ki, Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatına İXM-nin 271-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Siyəzən rayonu Kommunal Müəssisələr Kombinatı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, kombinata 6500 (altı min beş yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar