Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-130/2020 29.07.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X7” Trestində elektromexanik vəzifəsində işləyən, ünvan 1 mənzil 36 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.1-ci və 206-cı maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 20:30 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsindəki Gənclər mərkəzinin qarşısında olmaqla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimini pozaraq, zərurət olmadan küçəyə çıxmışdır. Bundan başqa, eyni tarixdə saat 22:45 radələrində sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparıldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserində onun müayinəsi zamanı sidiyində narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. Bu barədə müvafiq olaraq Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisləri X3 tərəfindən xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı və X5 tərəfindən isə xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(059)-130/2020 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-130/2020 saylı və 3(059)-131/2020 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-130/2020 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş raport icraata daxil olmuş və həmin raportla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində polis sahə rəisi X3 və onun tərəfindən materiallar toplanmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 211.1-ci və 206-cı maddələrinin tərkibi olduğundan protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilsə də, 206-cı maddəi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 20:30 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsindəki Gənclər mərkəzinin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb ondan karantin rejimi ilə əlaqədar icazəsinin olub-olmamasını soruşduqda, o, polis əməkdaşlarına icazəsinin olduğunu bildirmişdir. Lakin, yoxlama zamanı icazəsinin olmadığı müəyyən edildiyindən ona barəsində inzibati xəta haqqında protokol yazılmaqla, cərimə olunacağı barədə bildirilmiş və bu məqsədlə o, Siyəzən RPŞ-yə dəvət edilmişdir. O da, polis əməkdaşları ilə razılaşıb sonuncularla birlikdə Siyəzən RPŞ-yə getmişdir. Burada onun karantin qaydalarına əməl etməməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Bundan sonra, içkili olub-olmamasının müəyyənləşdirilməsi üçün onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun içkili olmadığı müəyyən edilsə də, sidiyindən götürülmüş analizdən narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X7” Trestində elektromexanik vəzifəsində işlədiyindən hərəkətinə məhdudiyyətsiz icazə verildiyini düşünmüş, bu səbəbdən də icazəsiz küçəyə çıxmış, habelə karantin qaydalarını pozmuşdur. Lakin, o, heç vaxt narkotik vasitədən, o cümlədən marixuanadan istifadə etməmişdir. Buna görə də, sidiyindən götürülmüş analizdən narkotik vasitə olan marixuanadan istifadə etməsinin necə aşkar edildiyi ona məlum deyildir. Bu səbəbdən də, barəsində inzibati tənbeh tətbiq edildikdən sonra, bu məsələni araşdıracaqdır. Beləliklə, onun barəsində əsassız olaraq İXM-nin 206-cı maddəsi ilə inzibati icraata başlanılmışdır. Odur ki, onun barəsində İXM-nin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etsə də, İXM-nin 211.1-ci maddəsi ilə törətmiş olduğu əməlindən səmimi peşmançılıq çəkməsinin, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X7” Trestində elektromexanik vəzifəsində işləməklə cəmiyyətə ziyan yox, fayda verməsinin nəzərə alınmasını, nəzərə alınaraq onun barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 inzibati xəta haqqında işlərə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işlərə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işlərə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 20:30 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsindəki Gənclər mərkəzinin qarşısında olmaqla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimini pozaraq, zərurət olmadan küçəyə çıxmış, eyni tarixdə saat 22:45 radələrində isə sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparıldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserində onun müayinəsi zamanı sidiyində narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. İşdə olan ləğv edilmiş icazənin detalları ilə bağlı sənəddən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X7” Trestində elektromexanik vəzifəsində işləyən Şəxs icazəsi xx xxxx 2020-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxx 2020-ci il tarixli, A/559 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə marixuanadan istifadə etməsi aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya sistemində olan şəxsi məlumatların çıxarışından görünür ki, Şəxs himayəsində xx xxxx 2004cü il təvəllüdlü Nurgün və Nuray adında iki yetkinlik yaşına çatmayan uşağı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı və 211.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Yenə bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 207 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 01 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarının 1.3-cü bəndinə əsasən bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir. Bu qərarın 1.1-ci bəndinə əsasən adında və 6.1-ci bəndində “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə əvəz edilsin; 1.2-ci bəndinə əsasən 1-ci hissədə “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə, “5 iyul” sözləri “20 iyul” sözləri ilə əvəz edilsin; 1.3-cü bəndinə əsasən aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin: “1.1-1. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.”; 1.4-cü bəndinə əsasən 1.10-cu bənddən “və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri çıxarılsın və həmin bəndə “Çağrı Mərkəzinə” sözlərindən sonra “, “E-Təbib” mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinliklərlə əlaqədar isə 8113 Çağrı Mərkəzinə” sözləri əlavə edilsin. 2-ci bəndinə əsasən müəyyən edilsin ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı: 2.1-ci bəndinə əsasən 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 6 iyul saat 06:00-dək, 2020-ci il 11 iyul saat 00:00-dan 2020-ci il 13 iyul saat 06:00-dək, 2020-ci il 18 iyul saat 00:00dan 2020-ci il 20 iyul saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır. Habelə, həmin qərarın 3-cü bəndinə əsasən Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 255 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti xx xxxxxx 2020-ci il saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 256 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 236 nömrəli Qərarının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilmişdir. 2.1. mətnindən “Lənkəran,” və “Samux,” sözləri çıxarılsın; 2.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin; “2.1. 2020-ci il 25 iyul saat 00:00-dan 2020-ci il 27 iyul saat 06:00- dək, 2020-ci il 1 avqust saat 00:00-dan 2020-ci il 3 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;”; 2.3. 2.2-ci bənddə “20 iyul” sözləri “5 avqust” sözləri ilə əvəz edilsin. Odur ki, Şəxs İXM-nin 206-cı və 211.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 206-cı maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla belə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması, habelə ictimai faydalı əməklə məşğul olması, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X7” Trestində elektromexanik vəzifəsində işləməsi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini, o cümlədən xüsusi karantin rejimi qaydalarını da pozmaqla, müxtəlif vaxtlarda iki inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona İXM-nin 206-cı və 211.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 20:30 radələrindən faktiki saxlanılması və bundan sonra, xx xxxx 2020-ci il tarixdə saat 00:15-dən inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 211.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 20.30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-130/2020
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-130/2020
29.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver