Məhkəmə qərarları › İş №3(059)-132/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-132/2020

03.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-132/2020 03.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhəri, X8 küçəsi, ev 90 ünvanında qeydiyyatda olmaqla, həmin küçədə 93 saylı evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.1-ci, 206-cı və 510-cu maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs sərxoş vəziyyətdə xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində X8 küçəsindəki 93 saylı evdə və həmin küçədə atası X5 ilə münaqişə yaradaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə, evdən qovaraq ictimai qaydanı pozmuşdur. Bundan başqa, o, sərxoş vəziyyətdə həmin gün, saat 23:30 radələrində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimini pozaraq, zərurət olmadan yaşadığı Siyəzən şəhəri, X8 küçəsindəki 93 saylı evİ müvafiq SMS icazə almayaraq tərk edib, küçəyə çıxmışdır. Bundan əlavə, o, xx xxxxxx 2020-ci il tarixdə saat 11:15 radələrində sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparıldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserində onun müayinəsi zamanı sidiyində narkotik vasitə olan heroindən (kokosdan) istifadə etməsi aşkar edilmişdir. Bu barədə müvafiq olaraq Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı, ******* saylı və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(059)-132/2020 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-132/2020 saylı, 3(059)- 133/2020 saylı və 3(059)-134/2020 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-132/2020 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, onun, eləcə də Siyəzən RPŞ-nin məsul növbətçisi tərəfindən tərtib edilmiş raport icraata daxil olmuş və həmin raportlarla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində onun tərəfindən materiallar toplanmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 211.1-ci, 206-cı və 510-cu maddələrinin tərkibi olduğundan protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 211.1-ci, 206-cı və 510-cu maddələri tam təqsirli bilərək izahatında göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində X8 küçəsi, ev 93 ünvanında atası X5 ilə iki butulka spirtli içki çaxır içdikdən sonra, o, atasından daha bir butulka spirtli içki çaxır almasını tələb etmiş, bu zaman atası onun tələbini yerinə yetirməmişdir. Bundan sonra, içkili olduğundan atası ilə mübahisə etməyə başlamış, ona spirtli içki çaxır alması üçün pul verməsini istəmiş, atası təkrarən bu təklifdən imtina etmişdir. Daha sonra, o, atasından onu işə düzəltməsini, evləndirməsini tələb etmiş, bu zaman tələblərinin yerinə yetirilmədiyini görüb əsəbləşmiş, atasının ünvanına nalayiq ifadələr işlətməyə başlamış, hətta onu yaşadıqları ünvandan qovub, bacısı evinə getməsini tələb etmiş, həmçinin küçədə də öz hərəkətlərinə davam edib, atasını təhqir etmişdir. Bundan sonra, o, atasının ondan polisə şikayət edəcəyini bildiyindən, hər hansı bir SMS icazəsi almadan həmin gün, saat 23:30 radələrində siqaret almaq üçün mağazaya getmiş, daha sonra evə qayıdanda orada polis əməkdaşlarını görmüş, burada o, atasının ondan DİN-in 102 xidmətinə zəng vuraraq şikayət etdiyini bilmiş, habelə polis əməkdaşları ondan karantin rejimi ilə əlaqədar icazəsinin olub-olmamasını soruşduqda, o, polis əməkdaşlarına icazəsinin olduğunu bildirmişdir. Beləliklə, o, qeyd olunanlara əsasən Siyəzən RPŞ-yə dəvət edilmiş, o da, polis əməkdaşları ilə razılaşıb sonuncularla birlikdə Siyəzən RPŞ-yə getmişdir. Bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə tibbi müayinədən keçirməkdən ötrü onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun sidiyindən götürülmüş analizdən narkotik vasitə olan heroindən istifadə etməsi aşkar edilmişdir. O, narkotik vasitə istifadəçisi olmasını etiraf edir və qeyd edir ki, sonuncu dəfə təxminən 1 ay əvvəl Siyəzən şəhəri, Xətai küçəsi tərəfdə yerləşən su anbarının ətrafında gəzərkən yerdən tapdığı heroini evə apararaq orada istifadə etmişdir. Bundan sonra, o, həmin gün sərxoşluq müayinəsindən də keçirilmiş və nəticədə orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. Odur ki, törətmiş olduğu əməllərdən səmimi peşmançılıq çəkməsinin, gəncliyinin nəzərə alınaraq onun barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, oğlu Şəhriyar təxminən 3 il olar narkotik vasitə aludəçisidir və bu səbəbdən də oğlu mütəmadi olaraq müalicələr almışdır. Lakin, bu müalicələrin oğluna xeyri olmamışdır. Oğlu Şəhriyar məhz narkotik vasitə aludəçisi olduğu üçün ailəsini, xüsusilə də onu incidir. Daim pul istəyir, vermədikdə isə onunla kobud rəftar edir, onu yaşadıqları ünvanın həyətində, evdə ailənin içərisində təhqir edir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində X8 küçəsi, ev 93 ünvanında oğlu Şəhriyarla iki butulka spirtli içki çaxır içdikdən sonra, oğlu ondan daha bir butulka spirtli içki çaxır almasını tələb etmiş, bu zaman o, oğlunun tələbini yerinə yetirməmişdir. Bundan sonra, içkili olduğundan oğlu onunla mübahisə etməyə başlamış, ona spirtli içki çaxır alması üçün pul verməsini istəmiş, o, təkrarən bu təklifdən imtina etmişdir. Daha sonra, Şəhriyar onun tərəfindən tələblərinin yerinə yetirilmədiyini görüb əsəbləşmiş, onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, hətta onu yaşadıqları ünvandan qovub, qızı evinə getməsini tələb etmiş, həmçinin küçədə də öz hərəkətlərinə davam edib, onu təhqir etmişdir. Daha sonra, Şəhriyar yaşadığı ünvanı tərk edib getmiş, özü isə bu zaman olanlara dözmədiyindən DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barəsində məlumat vermişdir. Hazırda, oğlu Şəhriyardan şikayətçidir və sonuncunun barəsində ciddi tənbeh tədbiri görülməsini xahiş edir. İşdə olan sənədlərdən görünür ki, Şəxs sərxoş vəziyyətdə xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində X8 küçəsindəki 93 saylı evdə və həmin küçədə atası X5 ilə münaqişə yaradaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə, evdən qovaraq ictimai qaydanı pozmuş, daha sonra, o, sərxoş vəziyyətdə həmin gün, saat 23:30 radələrində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimini pozaraq, zərurət olmadan yaşadığı Siyəzən şəhəri, X8 küçəsindəki 93 saylı evİ müvafiq SMS icazə almayaraq tərk edib, küçəyə çıxmışdır. Həmçinin sənədlərlə müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:15 radələrində sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparıldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserində onun müayinəsi zamanı sidiyində narkotik vasitə olan heroindən istifadə etməsi aşkar edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxx 2020-ci il tarixli, 4313 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə heroindən (kokosdan) istifadə etməsi aşkar edilmişdir. İşdə olan qəbzdən görünür ki, Şəxs alkoqol sərxoşluğu olmuşdur. İşdə olan zərərçəkmiş şəxs X5 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçidir və sonuncunu barəsində ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 211.1-ci, 206-cı və 510-cu maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmçinin, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Yenə bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 207 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 01 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarının 1.3-cü bəndinə əsasən bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir. Bu qərarın 1.1-ci bəndinə əsasən adında və 6.1-ci bəndində “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə əvəz edilsin; 1.2-ci bəndinə əsasən 1-ci hissədə “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə, “5 iyul” sözləri “20 iyul” sözləri ilə əvəz edilsin; 1.3-cü bəndinə əsasən aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin: “1.1-1. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.”; 1.4-cü bəndinə əsasən 1.10-cu bənddən “və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri çıxarılsın və həmin bəndə “Çağrı Mərkəzinə” sözlərindən sonra “, “E-Təbib” mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinliklərlə əlaqədar isə 8113 Çağrı Mərkəzinə” sözləri əlavə edilsin. 2-ci bəndinə əsasən müəyyən edilsin ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı: 2.1-ci bəndinə əsasən 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 6 iyul saat 06:00-dək, 2020-ci il 11 iyul saat 00:00-dan 2020-ci il 13 iyul saat 06:00-dək, 2020-ci il 18 iyul saat 00:00dan 2020-ci il 20 iyul saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır. Habelə, həmin qərarın 3-cü bəndinə əsasən Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 255 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti xx xxxxxx 2020-ci il saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 256 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 236 nömrəli Qərarının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilmişdir. 2.1. mətnindən “Lənkəran,” və “Samux,” sözləri çıxarılsın; 2.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin; “2.1. 2020-ci il 25 iyul saat 00:00-dan 2020-ci il 27 iyul saat 06:00- dək, 2020-ci il 1 avqust saat 00:00-dan 2020-ci il 3 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;”; 2.3. 2.2-ci bənddə “20 iyul” sözləri “5 avqust” sözləri ilə əvəz edilsin. Odur ki, Şəxs İXM-nin 211.1-ci, 206-cı və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi əməlini etiraf etməklə, səmimi peşmançılıq çəkməsi, eləcə də gəncliyi nəzərə alınır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini, o cümlədən sərxoş vəziyyətdə ictimai qaydanı, habelə xüsusi karantin rejimi qaydalarını da pozmaqla, müxtəlif vaxtlarda üç inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, ona İXM-nin 211.1-ci, 206-cı və 510-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 05:00-dan inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, 206-cı və 510-cu maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 05.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar