Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-132/2025 11.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 428.7.3cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən Bakı- Quba-Dağıstan dövlət sərhədi yolunda, Siyəzən rayonunun Cəndəhar kəndi ərarisində 18 noyabr 2024-cü il tarixdə müvafiq icazə almadan açıq məkanda qanunsuz reklam yayımı faktı müəyyən edilmiş və Şəxs MMC barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə 09 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə1 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, Bakı-Quba-Dağıstan dövlət sərhədi yolunda, Siyəzən rayonunun Cəndəhar kəndi ərazisində yerləşdirilmiş bilbordun Şəxs MMC-yə məxsus olması faktını, lövhənin üzərində yerləşdirilmiş mobil telefon nömrəsi ilə, eyni zamanda həmin bilbord üzərində dəfələrlə qanuni qaydada Şəxs MMC tərəfindən reklam yerləşdirilməsi faktı ilə müəyyən etmək mümkündür. Hazırda bu hal mübahisələndirilmir. Lakin “Reklam qurğularına Texniki Tələblər”in təsdiq edilməsi barədə qanunun tələbinə əsasən bilbord üzərindəki reklam lövhəsində mobil telefon nömrəsi balaca ölçüdə yazılmalı, arxa planda isə hər hansı bir təsvir olmamalı, arxa fon boş olmalıdır. Hazırda iş materiallarında olan şəkildən də görünür ki, lövhədəki mobil telefon nömrəsi qanunla müəyyən edilmiş ölçüdən böyük ölçüdə yazılmaqla yanaşı, lövhədə ağac təsviri də mövcuddur. Odur ki, aşkar edilmiş inzibati xəta hadisəsi ilə əlaqədar müvafiq akt tərtib edilmiş, həmçinin cəmiyyətin direktoruna qanun pozuntusunun aradan qaldırılması barədə icrası məcburi olan göstəriş göndərilmişdir. Qeyd olunanların nəzərə alınmasını və hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə2 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi cəmiyyəti İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 2003-cü il tarixindən reklam işi ilə məşğul olmaqla bərabər respublika ərazisində 300 yaxın bilbord yerləşdirmişdir. Həmçinin, cəmiyyət barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş yəni, bilbord üzərindəki reklam lövhəsində mobil telefon nömrəsinin yazılması və arxa planda ağac şəkilinin təsvir edilməsi respublika ərazisində yerləşdirdiyi digər bilbord üzərindəki reklam lövhələrində təsvir olunsa da, məhz Bakı-Quba-Dağıstan dövlət sərhədi yolunda, Siyəzən rayonunun Cəndəhar kəndi ərazisində yerləşdirdiyi bilbord üzərindəki reklam lövhəsi inzibati xəta tərkibi yaratmışdır. Hesab edir ki, məşğul olduğu sahibkarlıq fəaliyyətindən uzaqlaşdırılması məqsədi ilə ona qarşı qərəzli mövqe nümayiş olunur. Belə ki, bilbord üzərindəki reklam lövhəsində ağac şəkilinin təsvir olunması ilə, cəmiyyətin ağac satışı ilə məşğul olduğu qənaətinə gəlmək olmaz. Odur ki, Şəxs MMC barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 428.7.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 394.0.7-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qanunun tələblərindən göründüyü kimi, İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün ilk növbədə açıq məkanda reklam sahəsi mövcud olmalı, bu sahədə reklam yerləşdirilmiş olmalı, həmin reklamın yerləşdirilməsi üçün müvafiq icazə alınmamış olmalı, qeyd edilən fakt müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən aşkar edilməli, bununla bağlı reklamı yerləşdirən şəxsə yazılı göstəriş verilməli və ya icrası məcburi qərar qəbul edilməli, icrası məcburi olan göstəriş və ya qərar həmin şəxs tərəfindən icra olunmamalıdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli bilbordun Şəxs MMC-yə məxsus olmaqla açıq məkanda reklam sahəsi olması, üzərində arxa fonda ağac şəkili və telefon nömrəsi olan şəkil yerləşdirilməsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən qeyd edilən şəklin qanunsuz reklam hesab edilərək Şəxs MMC-yə icrası məcburi göstəriş göndərilməsi və bundan sonra inzibati xəta haqqında protokol tərtib edilməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi həmin şəklin reklam olduğunu və onun yayımlanması üçün hər hansı bir icazənin alınmadığını bildirir. Barəsində qərar qəbul edilmiş hüquqi şəxsin nümayəndəsi orada hər hansı bir reklam yerləşdirmədiyini, qeyd edilən şəklin reklam olmadığını bildirir. İşin araşdırılan hallarından görünür ki, inzibati xəta haqqında protokolu tərtib etmiş X2 İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında Siyəzən rayonunun Cəndəhar kəndi ərazisində yerləşdirilmiş bilbordun üzərindəki reklam lövhəsində yerləşdirilmiş şəkildə ağac təsvirinin olmasını və mobil telefon nömrəsinin qanunla nəzərdə tutulmuş ölçülərdən böyük ölçüdə yazılmasını qanunsuz reklam hesab edərək, cəmiyyət barəsində inzibati xəta haqqında protokolun tərtib olunbmasına məhz bu iki amilin səbəb olduğunu qeyd etmişdir. Demək ki, dolayısı ilə hazırki inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas bilbord üzərində reklam yerləşdirilməsi faktıdır. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Məhkəmə qeyd edir ki, iş materiallarına reklam faktının təsdiqi kimi əlavə edilmiş mübahisəli şəklə diqqət yetirdikdə orada arxa fonda ağac şəkli və reklam yeri, mobil telefon nömrəsinin qeyd olunduğunu görürük. Lakin bu şəkildə qeyd olunan ağac şəkli və telefon nömrəsi hər hansı bir əmtəə və ya şirkəti təsvir etməməklə bərabər orada reklam yerləşdirmək üçün mobil nömrədən başqa hər hansı digər informasiya əldə etmək mümkün deyildir. Dolayası ilə həmin bilbord üzərində yerləşdirilən şəklin reklam olması qənaətinə gəlinməsi “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən mümkün deyil. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan şəkildə təsvir edilən ağac şəklinin reklam olduğunu bildirsə də, həmin şəklin hansı qanuna və nəyə əsasən reklam hesab edilməli olduğu, həmçinin məhz hansı əmtəə və ya xidməti reklam etdiyinə dair dəlillərini məhkəməyə təqdim etməmişdir. Bundan başqa “Reklam qurğularına Texniki Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 499 nömrəli, 12 dekabr 2016-cı il tarixli Qərarının 2.9-cu bəndinə əsasən “Qurğunun reklam səthinin aşağı hissəsində qurğunun mülkiyyətçisi, onun əlaqə nömrəsi və qurğunun nömrəsi barədə məlumatlar yerləşdirilməlidir. Həmin məlumatlar nəqliyyat vasitələrinin ən yaxın hərəkət zolağından, yaxud səkidən oxuna biləcək ölçülərdə təqdim edilməlidir”. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi qeyd olunan bu qaydaya istinad edərək Siyəzən rayonunun Cəndəhar kəndi ərazisində yerləşdirilmiş bilbordun üzərindəki reklam lövhəsində yerləşdirilmiş şəkildə mobil telefon nömrəsinin qanunla nəzərdə tutulmuş ölçülərdən böyük ölçüdə yazılmasını qeyd etsə də, qaydalardan da görünür ki, bu ölçülərin konkret hansı ölçülər olması qeyd olunan qaydalarla tənzimlənməmişdir. Belə olan halda nümayəndənin qeyd etdiyi kimi reklam lövhəsinin üzərində mobil telefon nömrəsinin böyük və ya kiçik ölçülü olmasının inzibati məsuliyyət yarada bilməsi qənaitinə gəlinməsi mümkün deyil. Yuxarıda qeyd olunan hallardan da göründüyü kimi Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, məhkəmə hesab edir ki, Gənclik” MMC barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2.1, 114.2.1, 115, 117, 128-130, 528.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-132/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-132/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver