Məhkəmə qərarları › İş №3(059)-133/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-133/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-133/2021 08.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsindəki 68 saylı evdə qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1, Kərpic zavod ünvanında yaşayan Şəxs barəsində Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 18 iyul 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən rayonunun Qarabulaq kəndi ərazisindən keçən hissəsində Şəxs idarə etdiyi "Mercedes Benz E230” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobildə idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarına aşırmış, nəticədə həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, onun nəqliyyat vasitəsini idarə etmək üçün BC kateqoriyalı sürücülük hüququ verən sənədi vardır. Məlum hadisəyə qədər "Mercedes Benz E230” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobil 29 sentyabr 2020-ci il tarixdən onun etibarnaməli idarəçiliyində olmuşdur. 18 iyul 2021-ci il tarixdə şəhid Ramiz Atakişiyevin məzarını ziyarət etmək üçün dostu, Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhərindən Siyəzən rayonunun Qarabulaq kəndində yerləşən qəbiristanlığa gəlmiş, məzarı ziyarət etdikdən sonra oradan çıxıb Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Sözügedən kəndin ərazisi ilə hərəkətdə olarkən yolda olan çuxura düşməmək üçün idarə etdiyi avtomobili yolun sağ çiyninə qaçırtmış, bu zaman avtomobildə idarəetməni itirmişdir. Nəticədə idarə etdiyi avtomobil yol əks tərəfinə çıxmaqla, sol tərəfə yuvarlanmış, daha sonra avtomobil sağ yanı üstə aşaraq dayanmışdır. Bundan sonra, o, Zərərçəkmiş şəxsla köməkləşib avtomobildən çıxmış, yoldan keçən şəxslərin köməkliyi ilə onlara tibbi yardım göstərilməsi üçün hadisə baş verən yerə təcili tibbi yardım avtomobili çağırılmış, habelə dostu Səxavət həmin avtomobil ilə xəstəxanaya yola salınmış, özü isə yol-patrul xidmətinin əməkdaşlarının hadisə baş verən yerə yaxınlaşmasını gözləmişdir. O, hadisə baş verən vaxt ayıq vəziyyətdə olmuş və avtomobili idarə edərkən hər hansı spirtli içki qəbul etməmişdir. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sol əlinin 3-cü barmağından kəsik, dostu Səxavət isə başın sağ alın gicgah nahiyəsinin yumşaq toxumalarının əziyi və hematoması, döş qəfəsinin yumşaq toxumalarının əziyi xəsarəti almışdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində 1 azyaşlı uşağının olmasının, eləcə də zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına uyğun, eyni məzmunlu izahat verməklə, yanaşı 18 iyul 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən rayonunun Qarabulaq kəndi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yüngül bədən xəsarəti aldığını bildirib, Şəxs qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan, Siyəzən rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Şöbə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 12 avqust 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə ptorokol tərtib edilməsi üçün materiallar Siyəzən rayon Polis Şöbəsinin DYPB-yə göndərilmişdir. Həmçinin, qərarın, eləcə də sürücülük vəsiqəsinin və etibarnamənin surətlərindən görünür ki, "Mercedes Benz E230” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobil 29 sentyabr 2020-ci il tarixdən 29 sentyabr 2021-ci il tarixədək Şəxs etibarnaməli idarəçiliyində olmuş, həmçinin sonuncu 25 aprel 2028-ci il tarixədək etibarlılıq müddəti olan “BC” kateqoriyalı sürücülük hüququna malik olmaqla, avtomobilini ayıq vəziyyətdə idarə etmişdir. Eyni zamanda, 12 avqust 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın sağ alıngicgah nahiyəsinin yumşaq toxumalarının əziyi və hematoması, döş qəfəsinin yumşaq toxumalarının əziyi aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti 18 iyul 2021-ci il tarixə uyğun gəlir, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Bundan əlavə, həmin qərarın surətindən görünür ki, Şəxs öz hərəkəti ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş, yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs idarə etdiyi "Mercedes Benz E230” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən rayonunun Qarabulaq kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 16 may 2018-ci il təvəllüdlü Kamil adında uşağı vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, təqdim olunmuş sübutlar əsasında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yol hərəkətinin iştirakçısı Şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, təqsirli hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun təqsirini etiraf etməsi, həmçinin himayəsində 1 azyaşlı uşağının olmaqla, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. 2) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar