Məhkəmə qərarları › İş №3(059)-133/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-133/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-133/2025 12.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Şabran rayonunun Əmirxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayon Təhsil Sektorunun Daşlı Calğan kənd ümumi orta məktəbində riyaziyyat müəllimi işləyən, Şabran rayonunun Əmirxanlı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 dekabr 2023cü il tarixdə, saat 08:48 radələrində Siyəzən rayonunun Daşlı Calğan kənd ümumi orta məktəbində Zərərçəkmiş şəxs vuraraq, qəsdən ona fiziki ağrı yetirmişdir. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 12 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin İB-dən daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 oktyabr 2024-cü il tarixli qərar əsasında Şəxs barəsində 12 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 2006cı ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayon Təhsil Sektorunun Daşlı Calğan kənd ümumi orta məktəbində riyaziyyat müəllimi, arvadı X4 isə həmin məktəbdə ibtidai sinif müəlliməsi işləyir. 12 dekabr 2023-cü il tarixdə, saat 08:48 radələrində sözügedən məktəbin müəllimlər otağında arvadı Elnarə Həmidova ilə zərərçəkmiş şəxs, həmçinin bu məktəbin tarix müəlliməsi Zərərçəkmiş şəxs mübahisə etdiyini görmüşdür. Belə ki, Elnarə Həmidova ilə Zərərçəkmiş şəxs mübahisə etməsinə səbəb, sonuncunun arvadına onun dərsini dəfələrlə pozmasını irad tutması olmuşdur. Bundan sonra, məktəbin direktoru X6 və İradəni xidməti otağına dəvət etmiş, habelə sonuncular orada da, yenidən mübahisə etməyə başladığından, səslərini eşidib otağa getmiş, həmçinin İradənin, arvadı Elnarəni əl çantası ilə vurmağa cəhd etdiyini görmüşdür. Daha sonra o, İradə və Elnarənin mübahisəsinin qarşısını almaq üçün onları sinif otaqlarına göndərmişdir. Bundan sonra, onunla Zərərçəkmiş şəxs arasında münaqişə yaranmamaqla yanaşı, sonuncuya fiziki ağrı yetirməmişdir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 8 il olar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayon Təhsil Sektorunun Daşlı Calğan kənd ümumi orta məktəbində tarix müəlliməsi işləyir. Bundan başqa, sözügedən məktəbdə ibtidai sinif müəlliməsi işləyən X4 onu əsəbləşdirmək üçün qəsdən dəfələrlə dərslərini keçməsinə müxtəlif yollarla mane olmuşdur. Belə ki, ümumiyyətlə Siyəzən rayonunun Daşlı Calğan kənd ümumi orta məktəbində X7 üzrə test imtahanında yüksək bal toplayaraq, Sumqayıt şəhərindən gəlib orada işləyən müəllimlərə qarşı aqressiv münasibət var. Belə ki, 12 dekabr 2023-cü il tarixdə, saat 08:48 radələrində məktəbin müəllimlər otağında olarkən həmişəki kimi Elnarə Həmidova ora gəlib dərsini pozmuş, habelə onu nalayiq ifadələr ilə təhqir edərək, məktəbin direktoru Fariz Fərzəliyevin otağına getmişdir. Bundan sonra o da, ikinci dərsin jurnalını götürmək üçün direktorun otağına getmiş və Elnarənin orada qışqıra-qışqıra onun haqqında danışdığını eşitmişdir. Daha sonra o, otağa daxil olmuş və Elnarə yenidən aqressiv halda onunla mübahisə etməyə, təhqir etməyə başlamışdır. Bundan sonra, ilk öncə Elnarə direktorun otağını tərk etmiş, sonradan o otaqdan çıxan zaman Şəxs ilə qarşılaşmış və sonuncu ona “get özünə hörmət qoy” deyə bildirib, onun üzərinə gələrək, sağ çiyninə zərbə endirmiş, üzündən sillə vurmuş və saçlarını yolmuşdur. Həmin gün ilk öncə Siyəzən rayon Təhsil Sektoruna gedərək baş vermiş hadisə ilə bağlı ərizə yazmış və 13 dekabr 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan başqa, hadisə baş verən tarixdən Xeyrul və Elnarə ilə barışmamışdır. Odur ki, Şəxs şikayətçi olmaqla, sonuncu barəsində ciddi, yəni həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 21 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-nə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 12 dekabr 2023-cü il tarixdə, saat 08:48 radələrində Siyəzən rayonunun Daşlı Calğan kənd ümumi orta məktəbində Zərərçəkmiş şəxs vuraraq, ona qəsdən fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 14 dekabr 2023-cü il tarixli, 259 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı növ xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba- Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayon Təhsil Sektorunun Daşlı Calğan kənd ümumi orta məktəbin direktoru X3 rayon Təhsil Sektorunun müdiri Aynurə Dadaşovaya ünvanlandığı 12 dekabr 2023-cü il tarixli, 05 nömrəli təqdimatın surətindən görünür ki, 12 dekabr 2023-cü il tarixdə Şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs iki yumruq zərbəsi endirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, sözügedən hadisə ilə bağlı hər hansı bir təzyiq və təsir olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs işin faktiki halları ilə əlaqədar göstərilənlərə etiraz etməmiş, əksinə həmin protokolu imzalamaqla, təqsirini inkar etməmişdir. Hətta, məhkəmə iclası zamanı ona bu barədə sual verilərkən, protokolu oxumadan imzaladığını bildirmiş və nəticədə onun təqsirsiz olmasına daxili inam yaranmamışdır. Beləliklə, işdə olan sübutlarla müəyyən olundu ki, Şəxs 12 dekabr 2023-cü il tarixdə, saat 08:48 radələrində Siyəzən rayonunun Daşlı Calğan kənd ümumi orta məktəbində Zərərçəkmiş şəxs qəsdən fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 38-ci maddəsinin İ və İİİ hissələrinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin maddənin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsi müəyyən edir ki, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məcəllənin 38.3-cü maddəsində isə cinayət məsuliyyətini istisna edən hallar olduğu halda inzibati tənbehin tətbiq edilməsi müddəti göstərilmişdir. Maddənin dispozisiyasına əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquq pozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Bununla da, cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirlməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır. Yuxarıda göstərilənlərə əsasən qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının müəyyən edilməsi məsələsinin həlli zamanı İnzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin həmin Məcəllənin 38.3-cü maddəsi ilə sistemli əlaqəsindən çıxış etmək lazımdır. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin, belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalı nəticəsinə gəlmişdir. İşin faktiki hallarından da göründüyü kimi 12 dekabr 2023-cü il tarixdə baş verməklə, inzibati xətanın törədilmə anı həmin tarixdən hesablanmış hadisə üzrə aparılmış araşdırma nəticəsində qəbul edilmiş 21 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Şəxs əməlində cinayət tərkibinin olmaması, lakin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin olması qənaətinə gəlinmişdir. Belə olan halda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsinə baxmayaraq, Siyəzən RPŞ tərəfindən 12 fevral 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilmişdir. Bununla da, sözügedən inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddətlər ilə bağlı müddəaları nəzərə alınmadan tərtib edilmiş, habelə istər inzibati xətanın törədildiyi, istərsə də, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən qanunvericilikdə nəzərdə tutulmuş müddətlər keçdikdən sonra məhkəməyə verilmişdir. Bu mənada qeyd olunmalıdır ki, hazırda Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud olsa da, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi vaxtdan (12 dekabr 2023-cü il) dörd ay, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən (21 oktyabr 2024-cü il) üç ay müddət keçmişdir. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sözügedən Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə hesab edirəm ki, inzibati xətanın törədildiyi vaxtdan 4 ay, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən isə üç ay keçdiyindən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53.1.6, 114.1.4, 114.2.1-ci və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar