Məhkəmə qərarları › İş №3(059)-136/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-136/2020

04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-136/2020 04.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, xx xxx 1979-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Siyəzən rayonu, Qalaşıxı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.1-ci və 206-cı maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 13:45 radələrində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimini pozaraq, zərurət olmadan yaşadığı Siyəzən rayonu, Qalaşıxı kəndindəki evi müvafiq SMS icazə almayaraq tərk edib, küçəyə çıxmışdır. Bundan başqa, eyni tarixdə saat 19:30 radələrində sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparıldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserində onun müayinəsi zamanı sidiyində narkotik vasitə olan opoidlərdən (kokosdan) istifadə etməsi aşkar edilmişdir. Bu barədə müvafiq olaraq Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(059)-136/2020 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-136/2020 saylı və 3(059)- 137/2020 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-136/2020 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 211.1 və 206-cı maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 13:45 radələrində iş axtarmaq məqsədilə Siyəzən rayonu, Qalaşıxı kəndinin çıxacağına getmişdir. Orada olarkən polis əməkdaşları ona yaxınlaşıb ondan karantin rejimi ilə əlaqədar icazəsinin olub-olmamasını soruşmuş, bu zaman o, polis əməkdaşlarına icazəsinin olmadığını bildirmişdir. Belə olan halda polis əməkdaşları tərəfindən ona barəsində inzibati xəta haqqında protokol yazılmaqla, cərimə olunacağı bildirilmiş və o, bu məqsədlə Siyəzən RPŞ-yə dəvət edilmişdir. O da, polis əməkdaşları ilə razılaşıb, sonuncularla birlikdə Siyəzən RPŞ-yə getmişdir. Burada onun karantin qaydalarına əməl etməməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Bundan sonra, içkili olub-olmamasının müəyyənləşdirilməsi üçün onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun içkili olmadığı müəyyən edilsə də, sidiyindən götürülmüş analizdən narkotik vasitə olan opoidlərdən (kokosdan) istifadə etməsi aşkar edilmişdir. Narkotik vasitə kokosu isə təxminən 15-20 gün əvvəl Siyəzən rayonu, “Pirin altı” deyilən ərazidə yerdən siqaret bükülüsünün içərisindən tapmış, bir gün sonra isə yaşadığı Qalaşıxı kəndində siqaret qutusunun iç kağızı olan “falqa” adlı kağızda yandıraraq tüstü yolu ilə qəbul etmişdir. Qeyd olunanların, eləcə də əməlindən səmimi peşmançılıq çəkməsinin, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 inzibati xəta haqqında işlərə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işlərə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işlərə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 13:45 radələrində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimini pozaraq, zərurət olmadan yaşadığı Siyəzən rayonu, Qalaşıxı kəndindəki evi müvafiq SMS icazə almayaraq tərk edib, küçəyə çıxmış, həmçinin, eyni tarixdə saat 19:30 radələrində sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparıldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserində onun müayinəsi zamanı sidiyində narkotik vasitə olan opoidlərdən (kokosdan) istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxx 2020-ci il tarixli, A/563 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə opoidlərdən (kokosdan) istifadə etməsi aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya sistemində olan şəxsi məlumatların çıxarışından görünür ki, Şəxs himayəsində xx xxxxxx 2003-cü il təvəllüdlü Nəsimi adında bir yetkinlik yaşına çatmayan uşağı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı və 211.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Yenə bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 207 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 01 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarının 1.3-cü bəndinə əsasən bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir. Bu qərarın 1.1-ci bəndinə əsasən adında və 6.1-ci bəndində “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə əvəz edilsin; 1.2-ci bəndinə əsasən 1-ci hissədə “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə, “5 iyul” sözləri “20 iyul” sözləri ilə əvəz edilsin; 1.3-cü bəndinə əsasən aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin: “1.1-1. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.”; 1.4-cü bəndinə əsasən 1.10-cu bənddən “və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri çıxarılsın və həmin bəndə “Çağrı Mərkəzinə” sözlərindən sonra “, “E-Təbib” mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinliklərlə əlaqədar isə 8113 Çağrı Mərkəzinə” sözləri əlavə edilsin. 2-ci bəndinə əsasən müəyyən edilsin ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı: 2.1-ci bəndinə əsasən 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 6 iyul saat 06:00-dək, 2020-ci il 11 iyul saat 00:00-dan 2020-ci il 13 iyul saat 06:00-dək, 2020-ci il 18 iyul saat 00:00dan 2020-ci il 20 iyul saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır. Habelə, həmin qərarın 3-cü bəndinə əsasən Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 255 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti xx xxxxxx 2020-ci il saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 256 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 236 nömrəli Qərarının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilmişdir. 2.1. mətnindən “Lənkəran,” və “Samux,” sözləri çıxarılsın; 2.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin; “2.1. 2020-ci il 25 iyul saat 00:00-dan 2020-ci il 27 iyul saat 06:00- dək, 2020-ci il 1 avqust saat 00:00-dan 2020-ci il 3 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;”; 2.3. 2.2-ci bənddə “20 iyul” sözləri “5 avqust” sözləri ilə əvəz edilsin. Odur ki, Şəxs İXM-nin 206-cı və 211.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun əməlini etiraf etməklə, səmimi peşmançılıq çəkməsi, eləcə də himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı və 211.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 211.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar