Məhkəmə qərarları › İş №3(059)-137/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-137/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-137/2022 22.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin rəisi X6 14 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin 14 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verildiyi üçün onun barəsində 1500 manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq edilməsinə dair 14 aprel 2022-ci il tarixli inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərara əsasən inzibati xətanın törədilməsinə səbəb inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi olmuşdur. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən dövlət orqanı X7 Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən 14 aprel 2022-ci il tarixli inzibati xəta haqqında qərar qəbul edilərkən barəsindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxsin hüquq və mənafelərinin müdafiəsi məqsədilə lazımi şərait yaradılmamış, əsaslandırıcı heç bir sübut təqdim edilmədiyi halda hüquqi əsası olmayan qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən protokol tərtib olunarkən Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələbləri çox kobudcasına pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati araşdırma aparılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməli, sözügedən şəxslərdən izahatlar alınmalı və inzibati xəta aşkar edildikdə, inzibati xəta haqqında protokola həmin izahatlar əlavə edilməlidir. Hazırki vəziyyətdə isə fiziki şəxs barəsində Əmək Müfəttişliyinə şikayətlərin təqdim edilməsi, barəsində inzibati araşdırmanın başlaması barədə heç bir informasiyaya sahib olmadığı halda Rahim Maqsudov barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında isə inzibati tənbeh növündə cərimə tətbiq edilmişdir. Beləliklə, Rahim Maqsudovun Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsindən irəli gələn inzibati araşdırma zamanı izahatlar təqdim etməsi, 100.2-ci maddəsinə əsasən hüquq və vəzifələrinin izah edilməsi və 100.4-cü maddəsinə əsasən inzibati araşdırmanın sonunda tərtib edilmiş protokolu imzalamaq, imzalamaqdan imtina etdikdə isə protokola qeydin düşməsinə dair hüquqları gözardı edilərək fiziki şəxsin özünü müdafiə etməsi, yaranmış mübahisə ilə bağlı izahat və əsaslı faktlar təqdim etməsi üçün lazımi şərait yaradılmamışdır. Nəticədə Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələblərinin pozulmasına səbəb olmuş protokol tərtib edilmişdir. Protokolun qanunvericiliyə əsasən düzgün tərtib edilməməsi, inzibati iş üzrə icraatda iştirak edən iştirakçıların hüquq və mənafelərinin pozulması birbaşa protokolun qanunsuz tərtib edilməsinin təsbitidir və protokolun ləğv edilməsi üçün əsasdır. Tamamilə qanunsuz protokola dayanaraq qəbul edilmiş qərar da əsassız hesab edildiyi üçün ləğv edilməli və vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməlidir. İnzibati tənbeh vermə haqında qərar barədə ona heç bir rəsmi və va qeyri-rəsmi məlumat təqdim edilməmişdir. Sözügedən qərarın mövcudluğu barədə yalnız şəxsi təşəbbüsü ilə DƏMX-nə etdiyi müraciət əsasında məlumat əldə etmişdir. DƏMX Sumqayıt regional ərazi şöbəsi sözügedən qərarı qəbul etməzdən öncə inzibati araşdırma mərhələsində vəzifəli şəxsi araşdırma ilə bağlı məlumatlandırmadığı kimi inzibati araşdırmanın sonunda qəbul etmiş olduğu qərar barədə də məlumatlandırmamışdır. Qərarın 14 aprel 2022-ci il tarixində qəbul edilməsinə baxmayaraq, hələ də barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş vəzifəli şəxsə rəsmi qaydada təqdim edilməməsi Azərbaycan Respublikası İXM-nin 117.2ci maddəsinin tələblərinin pozuntusudur. Həmin maddəyə əsasən “Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir”. İnzibati xəta haqqında protokol qəbul edilməsinə əsas olmuş şikayət verən vətəndaşın şirkətlə, işəgötürən olaraq isə X4 ilə heç bir əlaqəsi yoxdur. Həmin şəxs başqa bir işəgötürən tərəfindən işə cəlb edilmiş, həmin şəxsi şikayət etmək yerinə əsassız olaraq şirkət barəsində şikayət ünvanlamışdır. İnzibati xətanın kimin barəsində törədilməsinə dair inzibati orqan tərəfindən heç bir məlumat verilməmiş, həmçinin şikayətçiyə dair rəsmi sənədlərin tələb edilməsi ona bildirilməmişdir. Bundan əlavə, sözügedən qərara baxıldıqda, qərarın kimin şikayəti əsasında aparılmış inzibati araşdırma nəticəsində tərtib edildiyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxsin kim barəsində inzibati xəta hadisəsinə yol verdiyi belə müəyyən edilə bilinməməkdədir. Yalnız DƏMX ilə əlaqə saxlanıldıqdan sonra kimin şikayəti üzrə inzibati icraatın aparıldığı məlum olmuşdur. Dolayısı ilə şirkətlə əlaqəsi olmayan şəxslər tərəfindən X7 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinə şikayətlərin olunması xəta ilə subyektlər arasında heç bir əlaqənin olmamasının isbatıdır. Subyektlərin inzibati xəta ilə əlaqəsinin olmaması inzibati xəta tərkibinin yaranmaması deməkdir. Bu səbəblə Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Bu da onu deməyə əsas verir ki, X7 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinə verilmiş şikayətlər əsassız olduğu üçün həmin şikayətlər əsasında inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi inzibati orqan tərəfindən yol verilmiş tamamilə qanunsuz bir addımdır. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İndiki halda inzibati xəta törədilmiş olsaydı belə məsuliyyətə cəlb edilmə müddəti ötürülmüşdür. Beləliklə də, inzibati xəta haqqında protokol tərtib edilərkən hüquqi şəxsin nümayəndəsinin iştirakının təmin edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsi, inzibati tənbeh vermə haqqında elan edilmiş qərarın surəti tərəfə rəsmi şəkildə təqdim edilmədiyi üçün həmin məcəllənin 117.2-ci maddəsinə və inzibati xəta tərkibi olmadığı üçün həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən 14 aprel 2022-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət vermiş şəxs X3, eləcə də qərarından şikayət verilən orqan (vəzifəli şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt (hazırkı Abşeron Xızı) regional ərazi şöbəsinə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İXM-nin 57-ci maddəsinin İ və İİ hissəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sözügedən Məcəllənin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları var. İXM-nin 100-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu sahəni tənzimləyən müvafiq normativ hüquqi aktların tələblərindən də göründüyü kimi səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin (qərarların, qərardadların, protokolların, bildirişlərin) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən rəsmi qaydada verilməsi qaydası və üsulu isə qeyd edildiyi kimi İXM-nin 57-ci maddəsində müəyyən edilmişdir. İnzibati xətalar haqqında işlər üzrə sənədlər inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Çünki, bununla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqlarından istifadə etmək imkanı təmin edilir. Əks yanaşma isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çatımlılıq hüququnun pozulmasına, sonuncunun barəsində aparılan inzibati araşdırmadan, onun gedişatından xəbərsiz olmasına, bununla da, işin ədalətli, hərtərəfli, tam və obyektiv araşdırılmasına əngəl yaranmasına şərait yaradır. Bundan əlavə, məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM-nin 8-ci maddəsinin İİ hissəsi, Təqsirsizlik prezumpsiyası prinsipi). Şikayətçinin əməlində inzibati xətanın olub-olmamasını, inzibati xətanın törədilməsində onun təqsirliliyini, eləcə də işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün faktik məlumatlar, inzibati xətalar haqqında işlər üzrə sübutlar, o cümlədən inzibati xəta haqqında protokol, bu protokolun tərtib edilməsinə əsas olmuş sənədlər səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhz inzibati xəta haqqında qanunvericiliyin məzmunundan da göründüyü kimi inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt (hazırkı Abşeron Xızı) regional ərazi şöbəsinin üzərinə düşür. Çünki, qeyd edilən orqan X2 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında icraata başlayaraq, müvafiq nəticəyə gəlmiş, bu zaman ehtimal olunan xətanın baş verməsi ilə əlaqədar zəruri material toplamışdır. Həmin sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Eyni zamanda, həm milli, həm də beynəlxalq hüququn mövqeyindən çıxış edərək, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, adətən, bütün sübutlar xəta törədən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Yəni, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X4 tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarda adıçəkilən X5 əmək məzuniyyəti ilə bağlı hər hansı hüquqlarının pozulması qənaətinə gəldiyi halda, bu mövqeyini sübutlarla əsaslandırmalı, həmin sübutları açıq məhkəmə iclasında təqdim etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Digər tərəfdən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) mübahisələndirilən qərarını şikayətçiyə rəsmi qaydada verilməsini təsdiq edən sənədi təqdim etməməsi də hazırkı şikayətin vaxtında verilib-verilməməsini də aydınlaşdırmağa imkan verməmişdir. Ona görə ki, İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar (yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan verilən şikayətlə) istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bundan başqa, Siyəzən Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 3(059)- 137/2022 saylı qərardadı ilə məhkəmə işin obyektiv və qərəzsiz araşdırılması, həmçinin, iş üzrə bəzi sübutların əldə edilməsi və çəkişmə prinsipinin təmin edilməsi, eləcə də inzibati iş üzrə icraat iştirakçılarının məhkəmə iclasında iştiraklarının təmin edilməsi məqsədilə şikayətə baxılması müddəti bir ayadək müddətə uzadılsa da, bu müddət ərzində də şikayətin dolğun araşdırılmasını təmin edən zəruri sənədlər, o cümlədən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin inzibati iş üzrə icraat iştirakçılar tərəfindən bu yöndə müvafiq addımlar atılmamış, buna cəhdlər edilməmiş, hətta özləri belə sonuncu məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bildiyindən, həmçinin qanunvericilik məhkəməyə qeyd olunan müddət ərzində inzibati xəta ilə əlaqədar işlərə baxılması imkanı tanıdığından hazırkı şikayətin araşdırılmasının əlavə müddətə uzadılması inzibati xətalar haqqında qanunvericiliyin pozulması ilə şərtlənər ki, bu da yolverilməzdir. Yəni, qanunverici bununla işin davamlı müddətdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş son müddəti ötürməklə, araşdırma imkanını məhdudlaşdırmışdır. Nəticə etibarilə, şikayətin dolğun araşdırılmasına imkan verən zəruri sənədlərin təqdim olunmamasına, həmçinin yalnız şikayətə əlavə edilmiş mübahisəli qərarla, barəsində inzibati xəta haqqında işə baxılmış vəzifəli şəxs tərəfindən mübahisələndirilən hallarla bağlı mühüm məqamları araşdırmaq mümkün olmadığına görə işə baxıb, yekun qərar qəbul etmək mümkün deyildir. Çünki, şikayətin hərtərəfli, obyektiv araşdırılması üçün zəruri olan sənədlərin təqdim edilməməsi mövcud ziddiyətli halların aradan qaldırılmasında və işin həqiqi hallarının ortaya çıxarılmasında maneə yaratmaqla, bərabər faktın araşdırılması imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin rəisi X10 tərəfindən qəbul olunmuş inzibati xəta haqqında 14 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana ((Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt (hazırkı Abşeron Xızı) regional ərazi şöbəsinə)) göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin rəisi X10 tərəfindən qəbul olunmuş inzibati xəta haqqında 14 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana ((Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt (hazırkı Abşeron Xızı) regional ərazi şöbəsinə)) göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar