Məhkəmə qərarları › İş №3(059)-139/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-139/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-139/2021 10.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(105)-206/2015 saylı icra vərəqəsinə əsasən 4944 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən 10 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(105)- 206/2015 saylı icra vərəqəsi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarla icraata başlanılmış, borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədi, borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən sonuncu Siyəzən Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, bundan sonra, zərərçəkmiş şəxsin təkrar müraciəti əsasında aliment qalan müddət üzrə yenidən hesablanmışdır. Hazırkı vaxta sözügedən icra sənədi üzrə Şəxs 4944 manat məbləğində aliment borcu vardır və hazırda sonuncu həmin borcu ödəməkdən imtina edərək, bunu maddi imkanının olmaması, eləcə də əvvəllər işləməməsi ilə izah edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli icra vərəqəsi üzrə olan 4944 manat məbləğində aliment borcunu ödəməmişdir. Belə ki, o, yenicə işə düzəlməklə, Siyəzən rayonu ərazisində yerləşən fermada heyvanlara nəzarət edir. Bununla da, o, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, aylıq 400 manat qazanc əldə edir. Bu səbəbdən də bu aydan etibarən uşaqlarının saxlanması üçün zərərçəkmiş şəxsə hər ay müntəzəm olaraq 200 manat ödəyəcəkdir. Bununla belə, maddi imkanı ilə bağlı aliment borcunu bir dəfəyə ödəyə bilmir. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən, həmçinin etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli icra vərəqəsi üzrə mövcud olan 4944 manat aliment borcunu ödəməkdən qəsdən yayınmış və həmin icra sənədi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, Şəxs yetkinlik yaşına çatmayan uşaqlarına görə dəfələrlə mövcud olan borcunu tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmaqla uzun müddət olar məhkəmə qərarını icra etmir. Ona görə də Şəxs şikayətçi olmaqla, barəsində ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(105)-206/2015 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 yanvar 2015-ci il tarixli, 2(105)-206/2015 saylı qətnaməsini qərəzli olaraq icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirdiyinə görə Siyəzən Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 1(059)-18/2020 saylı hökmü ilə məhkum edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 10 sentyabr 2021-ci il tarixdən saat 12:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar