Məhkəmə qərarları › İş №3(059)-14/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-14/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-14/2022 16.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1979-cu il tarixdə keçmiş Dəvəçi rayonu, Kiçik Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Balaca Həmyə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, ümumilikdə çəkisi 660 qr olan 1 ədəd nərə cinsli balığı (doğranılmış) BH-2823 bort nömrəli üzmə vasitəsi ilə Siyəzən rayonundan Xəzər dənizinə daxil olaraq ovladığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin tətbiq olunmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev tərəfindən 28 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, habelə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, bacısı oğlu X1 ilə birlikdə 26 dekabr 2021-ci il tarixdə, səhər saat 08:00-da balıq tutmaq məqsədilə özünə məxsus BH-2823 bort nömrəli üzmə vasitəsi ilə Siyəzən rayonu, Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizinə daxil olmuş, həmin gün saat 17:00 radələrində isə sahilə çıxmış, habelə həmin vaxt ovladıqları balıqların arasında ovlanması qadağan olan 1 ədəd nərə cinsli balıq da olmuşdur. Sahilə çıxdıqdan sonra, o və bacısı oğlu Ömər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin X2 Böyük Həmyə sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, o cümlədən ovladıqları 1 ədəd nərə cinsli balıq aşkar edilməklə, müvafiq qaydada götürülmüşdür. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə himayəsində 4 yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş vəzifəli şəxsə və araşdırmanı aparan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasına dəvət edilmiş şəxslərin, habelə onların səlahiyyətli nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, ümumilikdə çəkisi 660 qr olan 1 ədəd nərə cinsli balığı (doğranılmış) BH-2823 bort nömrəli üzmə vasitəsi ilə Siyəzən rayonundan Xəzər dənizinə daxil olaraq ovlamışdır. İşdə olan DSX-nin X3 Şöbəsinin əməkdaşları və Şəxs, eləcə də Ömər İbrahimov tərəfindən 26 dekabr 2021-ci il tarixdə tərtib edilmiş 2 nömrəli aktın surətindən görünür ki, həmin gün, saat 17:10-da 1 ədəd doğranmış ümumi çəkisi 660 qr nərə cinsli balıq araşdırma aparılması məqsədilə Şəxs, eləcə də Ömər İbrahimovdan götürülərək Sahil Mühafizəsi ŞRŞ-nin anbarındakı soyuducuya yerləşdirilmişdir. İşdə olan şəxsi məlumatlardan görünür ki, Şəxs himayəsində 08 mart 2005-ci il təvəllüdlü Səbinə, 11 oktyabr 2006-cı il təvəllüdlü Həmzə, 25 yanvar 2011-ci il təvəllüdlü Səidə və 11 mart 2013-cü il təvəllüdlü Elnurə adında 4 yetkinlik yaşına çatmayan uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su resursları ovunun Qaydaları”nın 2.5.3-cü yarımbəndinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə nəsli kəsilmək üzrə olan qiymətli balıq və digər su bioresursları növlərinin (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu qadağandır. Balıq və digər su bioresurslarının ovu zamanı bu balıqlar ov alətinə düşərsə, onlar diri halda suya buraxılmalıdır. Bu Qaydaların 3 nömrəli əlavəsinə əsasən nərəkimilər fəsiləsi balıqçılıq obyektlərinə aid edilmiş qiymətli balıq və digər su bioresurslarının siyahısına daxildir. Odur ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi, həmçinin himayəsində 4 yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətaya inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, Şəxs İXM-nin 272.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın bilavasitə obyekti olmuş predmet, o cümlədən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin X2 anbarındakı soyuducuya yerləşdirilmiş 1 ədəd doğranmış ümumi çəkisi 660 qr nərə cinsli balıq müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib ona inzibati xətanın bilavasitə obyekti olmuş predmet, o cümlədən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin X2 anbarındakı soyuducuya yerləşdirilmiş 1 ədəd doğranmış ümumi çəkisi 660 qr nərə cinsli balıq müsadirə edilməklə, 800 (səkkiz yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar