Məhkəmə qərarları › İş №3(059)-14/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-14/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-14/2023 13.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsi X1 iştirakları ilə xx xxxxx 1981-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X3 icra sənədi üzrə borclu Şəxs İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(059)-209/2017 saylı icra vərəqəsinə əsasən 2804 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X3 tərəfindən 13 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsi X2 şöbənin rəisi Elnur Piriyev tərəfindən tərtib edilmiş protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(059)-209/2017 saylı icra vərəqəsi 2017-ci ildə şöbənin icraatına daxil olsa da, tələbkarın ərizəsi ilə geri qaytarılmış, lakin 06 sentyabr 2019-cu il tarixdə yenidən icraata başlanılmışdır. Şəxs "xxxx" MMC-də fəhlə işlədiyi dövrdə alimentə görə onun əmək haqqından tutulma 2 ay ərzində, hər ay 150 manat olmaqla, cəmi 300 manat məbləğində aparılmışdır. Tələbkar Zərərçəkmiş şəxs isə 11 avqust 2022ci il tarixli ərizəsində 1751 manat aliment borcunun olduğunu göstərsə də, həmin vaxtdan məbləğdə artım olmuşdur. Belə ki, hal-hazırda Şəxs 2804 manat aliment borcu vardır. Bundan əlavə, Şəxs 31 may 2022-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuş, buna görə də alimentə görə əmək haqqından tutmalar iki ay həddində məhdudlaşmışdır. Eyni zamanda, tələbin könüllü icrası barədə bildiriş Şəxs 06 sentyabr 2019-cu il tarixdə göndərilsə də, sonuncu 11 sentyabr 2019-cu il tarixdə şəxsən qəbul etmişdir. Eyni zamanda, tələbkar aliment borcunu qarşı tərəfdən tam şəkildə tələb etməklə, borcludan şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, nikahlarının pozulmasına baxmayaraq, son bir ilədək tələbkarla birgə yaşadıqlarına, sonradan isə işsiz olduğuna görə ödəniş etməmişdir. Hal-hazırda işləməklə, gündəlik gəliri 25 manat olmaqla, aylıq qazancı 750 manat təşkil edir. Həmçinin, işə yeni başladıqdan sonra bu gün də daxil olmaqla, 2804 manat aliment borcudan hər hansı bir məbləğdə ödəniş edə bilməsə də, əgər imkan yaradılarsa, yəni ona cərimə cəzası verilərsə növbəti gün qarşı tərəfin kart hesabına 200 manat ödəniş edə bilər. Bundan əlavə, o, hazırda aliment borcunu birdəfəyə ödəmək iqtidarında olmasa da, hər ay 200 manat olmaqla ödəmək niyyətindədir. Eyni zamanda, o, 13 fevral 2023-cü il tarixdə, saat 09:00-da Siyəzən RPŞ-yə getmiş, həmin vaxtdan saxlanılaraq, oradan Siyəzən rayon icra və probasiya şöbəsinə gətirilib təhvil verilmişdir. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(059)-209/2017 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 17 noyabr 2022-ci il, 03 fevral 2023-cü il tarixdə borclu barədə axtarış elan edilmişdir. İşdə olan 10 avqust və 27 dekabr 2022-ci il tarixli iltizamların surətlərindən görünür ki, borclu Şəxs aliment borcunun ödənilməsi ilə bağlı Siyəzən rayon icra və probasiya şöbəsində olacağına və borcun ödənilməsi üçün əlindən gələni edəcəyinə vəd vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən aliment borcunun miqdarının kifayət qədər olmasını, ötən müddət ərzində ümumiyyətlə, ödənişlərin olmamasını, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində axtarış elan edilməklə, müəyyən müddətdə axtarışda olmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki Şəxs 13 fevral 2023-cü il tarixdə, saat 09.00 radələrindən faktiki saxlanılması və bundan sonra sərbəst buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 13 fevral 2023-cü il tarixdən saat 09:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar