Məhkəmə qərarları › İş №3(059)-140/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-140/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-140/2021 17.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru X1 iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Quba rayonu, Muçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Quba rayonu, Xaltan ərazi dairəsi, Muçu kəndində qeydiyyatda olmaqla, Siyəzən rayonu, Balaca Həmyə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 334.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 13 sentyabr 2021-ci il tarixdə, saat 22:50 radələrində Siyəzən rayonu, Balaca Həmyə kəndində “VAZ 21043” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən həmin kəndin girişində özünü şübhəli apardığı üçün saxlanılmış, bu zaman onun avtomobili il ərzində təkrarən idarəetmə hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Bu barədə Siyəzən RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru X3 tərəfindən 14 sentyabr 2021-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Turxan Heydərov tərəfindən tərtib edilmiş raport icraata daxil olmuş və həmin raportla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində onun tərəfindən material toplanmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 334.2-ci maddəsinin tərkibi olduğundan protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 334.2-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, 13 sentyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən rayonu, Balaca Həmyə kəndində yaşadığı evdə dostu Mörüd ilə birlikdə 0,5 litr spirtli içki olan araq içmişdir. Həmin gün, saat 21:00 radələrində yaşadığı evin qarşısında olarkən dostu X2 idarəçiliyində olan “VAZ 21043” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun yanına gəlmiş, onlar görüşüb, oturaraq söhbət etməklə, çay içmişlər. Təxminən bir müddətdən sonra Fazil Fərzəliyev ona su kanalına balıq tutmaq üçün getmək istədiyini bildirib, avtomaşınından bir-iki əşya da götürməklə, balıq tutmağa getmiş, avtomaşını isə onların həyətində saxlamışdır. Bundan sonra, o, evdə çörək olmadığı üçün Fazil Fərzəliyevin etibarnaməli idarəçiliyində olan “VAZ 21043” markalı avtomaşını idarə edərək marketə tərəf yola düşmüş, bu zaman yaşadığı kəndin girəcəyində özünü şübhəli apardığından ərazidə xidmət aparan polis əməkdaşları onu saxlamış, habelə sürücülük hüququ olmadığına, eləcə də içkili olduğuna görə əraziyə Siyəzən RPŞ-nin DYPB-nin YPX əməkdaşları dəvət olunmuş, bundan sonra, o, sənədləşdirilmənin həyata keçirilməsi üçün RPŞ-nin növbətçi hissəsinə aparılmış, idarə etdiyi Fazil Fərzəliyevə aid avtomaşın isə cərimə meydançasına yerləşdirilmişdir. Eyni zamanda, Siyəzən RPŞ-də olarkən onun 05 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 342.7-ci maddələri ilə təqsirli bilinməklə, 500 manat miqdarında inzibati cərimə edildiyi də məlum olmuşdur. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. İşdə olan 13 sentyabr 2021-ci il tarixli, protokollaşdırma nömrəsi 00248 olan alkotesterden çıxarışdan görünür ki, həmin tarixdə saat 23:10-da Şəxs qanında alkoqolun konsentrasiyası 1.026 promilli olmaqla həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. İşdə olan Siyəzən RPŞ-nin DYPB-nin 17 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs adına hər hansı bir kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmamışdır. İşdə olan 05 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 342.7-ci maddələri ilə təqsirli bilinməklə, 500 manat miqdarında inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 334.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi kimi yüngülləşdirən halın olmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər də nəqliyyat vasitəsini buna hüququ olmadan nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası İXM-nin 334.1 və 342.7-ci maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək niyyətinin olmamasını, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 17 sentyabr 2021-ci il tarixdən saat 15:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar