Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-140/2022 27.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Siyəzən rayon prokurorunun nümayəndəsi X1 iştirakı ilə xx xxxxx 1956-cı il tarixdə keçmiş Dəvəçi rayonu, Dağquşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" RETSİ-nin X6 mühəndisi, Siyəzən rayonu, Dağquşçu kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsi ilə Siyəzən rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Şəxs “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası”nın 1.5.3.1, 2.1.1 və 3.1.1.1-ci bəndlərinin tələblərini pozması nəticəsində "xxxx" ASC-nin Şimal RETSİ-nin X6 elektrik-montyoru Zərərçəkmiş şəxs elektrik cərəyanı vurmaqla, sonuncunun az ağır xəsarət almasına, bununla da, Şəxs həvalə edildiyi halda texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının tələblərini pozmaqla, barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbehin tətbiq olunmasına dair Siyəzən rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Mirdamət Əliyev tərəfindən 19 avqust 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, Qismətəli Əsədovun göstərişi ilə 30 aprel 2022-ci il tarixdə, saat 10:00 radələrində cavabdeh olduğu Azərişıq Şimal RETSİ-nin X6 Daş Quşçu kəndi ərazisində yerləşən 35/10 kv-luq yarımstansiyasında təmizlik işlərinin aparılması üçün elektrik xəttini cərəyandan ayırmış, yükü götürüb, 35 kv-luq yağ açarını açmış, indikatorla cərəyanın olub-olmamasını yoxlamış, daha sonra əli ilə toxunaraq cərəyanın olmadığını dəqiqləşdirmişdir. Bu zaman Zərərçəkmiş şəxs, Xəyyam və Ağayar da orada olmuşlar. Həmin yarımstansiyada 35 kvluq yağ açarı işləməmişdir. İlk öncə yağ açarını açıb təmizlik işləri görməyə başlamış, daha sonra ikinci qapını açarkən partlayış səsi eşitmiş və tez qaçıb Orxanın əlində olan əski parçasının gərginliyə toxunması nəticəsində sonuncunu cərəyanın vurduğunu görmüşdür. Beləliklə, Orxanı dərhal xəstəxanaya çatdırmışlar. Bundan sonra, hadisə yerində baş verən yanğını oradakı yanğınsöndürən qurğular vasitəsilə söndürmüşlər. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Siyəzən rayon prokurorunun nümayəndəsi X4 izahatında göstərdi ki, 30 aprel 2022ci il tarixdə Azərişıq ASC-nin sədrinin göstərişinə əsasən Azərişıq Şimal RETSİ-nin X6 Daş Quşçu kəndi ərazisində yerləşən 35/10 kv-luq yarımstansiyasında iməclik işləri həyata keçirilmişdir. Orada olan işçilər təhlükəsizlik qaydaları ilə yazılı olaraq tanış edilməli olsa da, şifahi formada təlimatlandırılmışlar. 35 kv-luq yağ açarında problem olduğu üçün həmin xətti açılmış, lakin digərləri nəzarətsiz qalmışdır. Ekspert rəyinə əsasən həmin yarımstansiyada Qismətəli müəllim baş mühəndis kimi Şəxs isə mühəndis kimi birgə məsuliyyət daşıyırlar. Təhlükəsizlik qaydalarına riayət olunması ilə əlaqədar ekspertiza təyin edilmiş, rəydə “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası”nın iş rəhbəri kimi təyin edilmiş Siyəzən EŞ-nin baş mühəndisi X7 və iş icraçısı təyin edilmiş mühəndis Şəxs tərəfindən pozulması qeyd edilmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə etdiyini bildirməklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə nəzərdə tutulmuş yüksək məbləğdə inzibati cərimə edilməsini xahiş edir. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasına dəvət edilmiş zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası”nın 1.5.3.1, 2.1.1 və 3.1.1.1-ci bəndlərinin tələblərini pozmuş, nəticədə "xxxx" ASC-nin Şimal RETSİ-nin X6 elektrik-montyoru Zərərçəkmiş şəxs elektrik cərəyanı vurmuş və sonuncu az ağır xəsarət almışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2022-ci il tarixli, 10/3470 saylı rəyinin surətindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası”nın 1.5.3.1, 2.1.1 və 3.1.1.1 bəndlərinin tələbləri pozulmuşdur. Siyəzən rayonu, Daş Quşçu kəndində yerləşən yarımstansiyada təşkil edilmiş iməclik əsasında təmizlik işlərinin aparılması zamanı, həmin iş tələb olunan təşkilati və texniki tərkibli təhlükəsizlik tədbirləri (o cümlədən işçilərin elektrik mühafizə vasitələri ilə təmin edilməsi, elektrik enerjisi verilişinin dayandırılması, gərginlik altında olan cərəyan daşıyan hissələrin çəpərlənməsi və təhlükəsizlik plakatlarının asılması və s.) təmin edilmədən aparıldığına görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası”nın 1.5.3.1, 2.1.1 və 3.1.1.1 bəndlərinin tələbləri iş materiallarında olan 58 nömrəli Naryad- Buraxılış sənədinə əsasən təmizlik işlərinin görülməsinə iş rəhbəri təyin edilmiş Siyəzən EŞ-nin baş mühəndisi X7 və iş icraçısı təyin edilmiş mühəndis Şəxs tərəfindən pozulmuşdur. Siyəzən rayonu, Daş Quşçu kəndində yerləşən yarımstansiyada təşkil edilmiş iməclik əsasında təmizlik işlərinin aparılmasına cəlb briqada üzvlərinin işin xarakterinə uyğun təlimatlandırılmadan işə buraxılmaları “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası”nın 2.6.4 və 2.6.5 bəndlərinin tələblərinə zidd olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X12 18 iyul 2022-ci il tarixli, T 284/2022 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs başın alın nahiyəsinin, boynun ön səthinin, üzün, sol çiynin, bazu nahiyəsinin, sağ saidin, sağ əlin, sol əl barmaqlarının və hər iki ayaqların hissəvi, ümumi bədən səthinin təqribən 15%-ə qədərinin 2-3-cü dərəcə yanığı olmuşdur. Həmin xəsarətlər yüksək gərginlikli elektrik cərəyanının təsirindən törənmişdir, törənmə müddəti 30 aprel 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə istər ümumilikdə, istərsə də ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Siyəzən rayon prokurorluğunun müstəntiqi Səkinə Hüseynova tərəfindən qəbul edilmiş 29 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mühəndis Şəxs əməlində İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətlərinin olması barədə Siyəzən rayon prokurorluğuna məlumat verilmiş, eləcə də, hadisə yerinə baxış zamanı Siyəzən rayonu, Dağ Quşçu kəndində yerləşən yarımstansiyadan götürülmüş 04 ədəd yağ başlığı məhv edilməsi üçün "xxxx" ASC-nin Şimal RETSİ-nin X5ytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Qeyd olunan Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Sözügedən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu olunan Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati məsuliyyətə səbəb olan əməldir. İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməli etiraf etməklə, səmimi peşmançılıq hissi keçirməsi, kifayət qədər yaşının olması, eləcə də faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, törətdiyi əməli etiraf etməklə, səmimi peşmançılıq hissi keçirməsi, kifayət qədər yaşının olması, eləcə də faydalı əmək fəaliyyəti ilə məşğul olması kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci Şəxs və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib, ona 1500 (bir min beş yüz) manat inzibati cərimə tətbiq edilsin. Şəxs və X2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 100 (bir yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-140/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-140/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver